”Gələn il üçün proqnozlaşdırılan büdcə artımı neft gəlirlərinə söykənir”



”Gələn ilin büdcəsində hər 1 manatın 11 qəpiyi borca gedir, amma hökumət kəmərləri boşaldır, tikintiyə start verir”


Noyabrda Milli Məclis 2018-ci ilin büdcə zərfini müzakirəyə çıxaracaq. Son iki həftədir büdcəylə bağlı rəsmi məlumatlar medianın gündəmindədir.


Meydan TV büdcə ilə bağlı yaranan suallara iqtisadçı Rövşən Ağayevlə cavab tapmağa çalışıb.


Rövşən Ağayev Azərbaycanda iqtisadiyyat sahəsinə şərh verən müstəqil ekspertdir. Onun ölkədəki iqtisadi proseslərlə bağlı fikirlərini bölüşdüyü

blogu

 da var.



– 2018-ci ilin büdcəsi barəsindəki rəsmi məlumatlar sizə nə deyir?

– Maliyyə Nazirliyinin yaydığı təqdimat və dərc olunmuş qanun layihəsindəki büdcə məlumatları əsasında dərin büdcə təhlili aparmaq mümkün deyil. Söhbət peşəkar büdcə təhlilindən gedirsə, son təyinat xərcləri, xərclərin iqtisadi strukturu, funksional təsnifatın paraqrafları səviyyəsində daha detallı məlumatlar qanunverici orqana göndərilən büdcə zərfində olur. Hazırda əldə olan göstəricilər isə sadəcə hökumətin büdcə prioritetləri, növbəti ildə gözlənilən büdcə trendləri ilə bağlı ilkin təəssürat formalaşdırmaq üçün yetərlidir. Bu da makroiqtisadi proseslərə büdcə siyasətinin təsiri haqda müəyyən qənaətlər yaradır.

Məsələn, hökumətin gələn ilin büdcəsini hansı mənbələr hesabına formalaşdırmaq istəyi məlum deyil. Halbuki bu niyyət həm sahibkarın, həm mülkiyyət sahiblərinin, həm də istehlakçıların maraqları baxımından önəmlidir. Normal şəraitdə hökumət gəlirlər siyasətini elə balanslaşdırılmış və ədalətli şəkildə hazırlamalıdır ki, büdcə yükünün ağırlığı bu tərəflərdən birinin “çiynini əyməsin”. Nəticədə qeyd olunan 3 subyektin hər biri büdcəyə tövhəsini iqtisadi potensialına və cari dövrdə gəlir əldəetmə imkanlarına uyğun verir. Lakin Azərbaycandakı durum fərqlidir. Çünki ölkə neft gəlirlərindən asılıdır. Hökumət Dövlət Neft Fondunun gəlirlərindən istədiyi səviyyədə yararlana bilir. Qanunvericilik Fondun vəsaitlərindən istifadəyə hansısa limit qoymur. Odur ki, hökumət maneəsiz, ehtiyac duyduğu qədər Fonddan yararlana bilir. Bəzən Fond nəinki cari il üzrə gəlirlərinin hamısını dövlət büdcəsinə yönəldir, hətta ehtiyatlara da əl ata bilir.



–  Yaxşı, gələn il həmin kontekstdə nə gözlənilir?

– Büdcənin 20 faizə yaxın artımı gözlənilir. Bu, neft qiymətinin azalmasından sonra büdcənin ilk yüksək artımı olacaq. Biz belə artımları neftin qiymətinin yüksək olduğu illərdə görmüşdük. 20 faiz artım 3,4 milyarda yaxın vəsait deməkdir. Neftin 2018-ci ildə büdcənin hesablanması üçün nəzərdə tutulan baza qiyməti 45 dollardır. Bu, 2017-ci ildə 40 dollar idi. Resurslar baxımından gələn ilin büdcəsinin taleyi neftin qiymətindən asılı olacaq. 2005-2014-cü illərin təcrübəsi göstərdi ki, neft baha olanda hökumət irihəcmli büdcə ilə işləməyə alışır. Son illər neftin qiyməti ucuzlaşdı və hökumət büdcədə neftin payını kəskin azaltdı. Gələnilki artımda əsas pay neft gəlirlərinə məxsusdur. Ümumi artımın 3 milyard 116 milyon manatı Neft Fondunun transfertləri hesabına, 40 milyon manatı isə neft sektorundan gələn vergi artımından gözlənilir. Bir sözlə, gələn il üçün proqnozlaşdırılan gəlir artımının təxminən 90 faizə yaxın hissəsi neft gəlirləri hesabına təmin ediləcək. Yenə neft sektoru büdcə gəlirlərində əsas mənbə olacaq.



– Neft Fondundan ayrılan vəsaitin artmasına ehtiyac vardımı?

– Hökumətin bu addımı xərclərlə bağlıdır. Yanaşması isə  belədir: investisiya təyinatlı xərclər olmadan iqtisadi artımı və fəallığı saxlamaq olmayacaq.

Gəlirlər və xərclər hissəsinə baxdıqda neft gəlirlərinin artımını görmək olur. Hökumət əsas yükü investisiya xərclərinə yönəldib. Beləliklə, büdcənin xərcləri 16 faiz artacağı halda, tikinti xərcləri 82,3 faiz yüksələcək. Ötən illə müqayisədə 2,2 milyardlıq artım var. Büdcənin ümumi məxaric hissəsində 3 milyard manat artım görünür. Deməli, bu artımın üçdə ikisi tikinti xərclərinə yönəldiləcək.

Bir daha vurğulayıram: büdcə siyasətini formalaşdıran və makroiqtisadi bloka rəhbərlik edən rəsmilər iqtisadiyyatda fəallığın saxlanılmasında dövlət investisiyalarının rolunun əsas olduğunu düşünürlər. Neftin qiymətinin endiyi illərdə investisiya xərcləri kəskin ixtisar edildi. İndiki situasiyada neftin qiymətindəki artım və bu artımın sabit qalacağına olan ümidlər investisiyalara ayrılan büdcə resurslarını yenidən genişləndirməyi stimullaşdırır.



– Ancaq prezident 2015-ci ildə

“nefti unutmaq lazımdır”

bəyanatını vermişdi…

– Məsələ ondadır ki, uzun illər, xüsusən də neftin qiymətinin azaldığı son 3 ildə hökumət qeyri-neft sektorunun inkişafı haqda bəyanatlar versə də, ciddi irəliləyiş olmadı. Bu 3 ildə büdcəni doldurmaq üçün sahibkarlara sərt basqılar edildi. Məlum oldu ki, qeyri-neft sektoru itirilmiş neft gəlirlərinin heç 15 faizini də kompensasiya etmək gücündə deyil. Odur ki, neft gəlirlərindəki artım qismən bərpa olan kimi hökumət yenidən son ildə mövcud olan xərc siyasətinə qayıtmaqla bağlı qərar verdi. Büdcənin gəlirlərində neftin payı 2016-2017-ci illərdə 45 faizə qədər enmişdisə, gələn il üçün bu pay 55 faizdən bir az çox proqnozlaşdırılır.

Başqa bir maraqlı detal: hökumət büdcənin neft gəlirlərini hesablayanda, bu sektordan gələn iki vacib mənbəni qeyri-neft sektoruna aid edib.

Birincisi, SOCAR-ın muzdlu işçilərə ödədiyi əmək haqqı vergiləri, ikincisi isə xarici neft şirkətlərin öz işçilərinə ödədiyi maaşın vergiləridir. 2016-2017-ci illərdə bu mənbələrdən büdcəyə 350 milyon manatadək vəsait daxil olub. Bunu da neft gəlirlərinə daxil etsək, 2018-ci ildə neft gəlirlərinin proqnozlaşdırılan payı 57-58 faiz civarında olacaq. Təbii ki, söhbət neftin birbaşa təsirindən gedir. Ancaq dolayı təsirləri də çoxdur. Çünki bu gəlirlərin hesabına yönəldilən investisiyalardan da vergilər formalaşır.



– Neft sektorundan daxilolmaları nəzərə almasaq,  yerdə qalan büdcə gəlirlərinin formalaşması, yaxud artımı hansı hissə sahibkar və istehlakçının hesabına baş verə bilər?

– Təxminən 3,4 milyardlıq artan gəlirin 90 faizə qədəri neft sektorunun hesabına formalaşır. Əsasən də, DNF-dən götürülmüş izafi gəlirlər hesabına olacaq. Artımların çox az hissəsi – təxminən 10 faizi vergi və rüsumlar hesabınadır.

Rəqəmlərə diqqət edək: mənfəət vergisi  təxminən 141, hüquqi şəxslərin əmlak vergisi 4, fiziki şəxslərin gəlir vergisi 28, əlavə dəyər vergisi 31 milyon manat artacaq. Vergi gəlirlərində kəskin artım yoxdur. Əsas artım idxal olunan aksizlərin hesabına olacaq – 118 milyon manat. Güman ki, hökumət gələn il spirtli içkilərə, tütün məmulatlarına və nəqliyyat vasitələrinə tətbiq olunan idxal aksizlərini artırmağı planlaşdırır. Real görürən odur ki, vergi artımları daha azdır, nəinki DNF-nin transferləri. Təsəvvür edin ki, Fondun transferləri birdən-birə 50 faiz, amma üst-üstə vergilərin artımı 5-10 faiz olur. Vergilər Nazirliyinə gəldikdə, 2017 illə müqayisədə gələn il 262 milyon manat artım gözlənilir. Bu da böyük deyil. İçərisində SOCAR-ın vergilərini də nəzərə aldıqda nazirliyin öhdəliyinin o qədər kəskin artmayacağı aydın görünür. Sadaladıqlarım hökumətin gəlirlərin artımında neft amilinə arxalandığını göstərir. Bu fakt həm də onu göstərir ki, büdcənin 20 faiz proqnozlaşdırılan artımı iqtisadi inkişafın deyil, əlverişli qiymət konyukturasında əldə olunan izafi neft gəlirlərinin nəticəsi kimi gözlənilir. Ölkənin paytaxtdankənar bütün regionlar üzrə büdcə gəlirlərinin cəmi 0.6 faiz və ya 3.7 milyon artımla proqnoz edilməsi də büdcənin genişlənməsində hökumətin iqtisadi inkişafa arxalanmadığını göstərir.

Bütövlükdə neft amili nəzərə alınmadan, yerdə qalan büdcə daxilolmalarının sahibkarlar, mülkiyyət sahibləri və istehlakçılar arasında necə bölünməsinə gəldikdə, yük istehlakçıların üzərindədir. Yəni dolayı vergilərin qeyri-neft gəlirlərində payı daha yüksəkdir. Belə ki, gələn il gömrük orqanları üçün 2.42 milyard manat öhdəlik müəyyən edilib. Bu da, bilavasitə məhsulun qiymətinə əlavə edilib, istehlakçıdan alınan ödənişlərdir. Vergilər Nazirliyinin öhdəliyinin isə təxminən 3.32 milyard manatı dövriyyəyə və ya məhsulun qiymətinə tətbiq edilən ödənişlədir. Ev təsərrüfatlarını, ödənən cərimə və sanksiyaları, eləcə də ödənişli büdcə xidmətlərinə görə haqları nəzərə almasaq, dövlət büdcəsinin qeyri-neft gəlirlərindən kənar 9 milyard manatlıq mədaxilinin təxminən 5.7 milyard manatı və ya 63 faizi istehlakçıların vergi yükündən formalaşacaq.




Böhran illərində büdcə gəlirləri necə formalaşmışdı?

– 2015-2017-ci illərdə neftin büdcədə payı 45 faizə qədər endi. Hansı ki, 2007-2014-cü illərdə bu göstərici 60-70 faiz arasında olmuşdu. 2015-2017-ci illərdə hökumət “kəmərləri sıxmaq”la DNF-dən transferləri kəskin azaltmağa çalışdı. 2018-ci ilin büdcə rəqəmləri isə göstərir ki, hökumət kəmərləri yenidən boşaldır. Artıq Bakıda böyük “tikinti bumu”nun yeni mərhələsinin başlayacağı anonsu verilir. Son informasiyalarda “Sovetski” və “Xutor” adlanan ərazilərdə irimiqyaslı söküntünün davam etdiriləcəyi bəyan edilib. Diqqət etsəniz, Bakı Avtovağzalından yuxarı hissədə yenidən bəzəkli hasarlar çəkilməyə başlanıb və s. İndiki vəziyyətdə həmkarımız Azər Mehtiyevin “nefti unudaq yox, nefti unudaq bəyanatını unudaq”, – cümləsi yerinə düşür. Son 10 ilin təcrübəsi göstərdi ki, köklü idarəetmə və iqtisadi islahatlar olmadan, böyük büdcə investisiyaları ilə iqtisadi inkişafa nail olmaq mümkün deyil. Təəssüf ki, belə şərtlər altında nəhəng xərcləmələr iqtisadiyyat üçün vəsait itkisi, məmur ordusu üçünsə korrupsiya yolu ilə böyük qazanclar əldə etmək imkanıdır.



– İnvestisiya xərclərinin birdən-birə 83 faiz artması nə deməkdir?

– Sual yaranır: hökumətin büdcə vasitəsilə xərclədiyi və iqtisadiyyatın ehtiyacı olan bu investisiyaların hamısı  büdcə hesabına qarşılanmalıdırmı? Məsələn, investisiyaların böyük hissəsi mənzil-kommunal və içməli su sektoruna qoyulur. Halbuki müstəqil ekspertlər zaman-zaman o yerlərdəki özəl sektorun daha effektiv fəaliyyət göstərə biləcəyini deyib. Dövlət niyə bu istiqamətdə islahatlara getmir?! Konkret olaraq, içməli su sektorunun idarəetməsinin dövlətdə qalması şərtilə niyə özəl operatorlara keçməsinə şərait yaradılmır? Yaxud qaz paylayıcı sistemində niyə özəl sektora yer verilmir?! Artıq 10 ildir Mənzil Məcəlləsi qəbul edilib. Sənəd mənzil-kommunal sektorda köklü islahatlar təklif edir. Amma heç bir addım atılmır. Halbuki, bu sahədə islahatlar və dövlətsizləşdirmə hökuməti hazırkı investisiyaların xeyli hissəsindən azad edər və sərbəstləşən vəsaitlər sosial sahənin ehtiyaclarına yönəldilər. Ola bilər ki, həmin sektorların deyilən qədər investisiyalara ehtiyacı var. Sual odur ki, bunların hamısı dövlət büdcəsi hesabına qoyulmalıdırmı?! Böyük neft vəsaitlərinin azaldığı dövrdə islahatlar getməli olduğu halda, bu, edilmədi. O zaman hökumət dövlətsizləşdirmənin “yol xəritəsi” ni hazırlamalıydı. Söhbət bütün mülkiyyətin özəl sektora satılmasından getmir, məsələn, içməli su sektorunun özəlləşdirilməsinin yox, dövlətsizləşdirilməsinin tərəfdarıyam.



– Dediyinizin fərqi nədir?

– Dövlətsizləşləşdirmədə, sahənin özəlləşdirilməsi məcburi deyil. Dövlət sonradan uzadılmaq şərtilə 50 illik konsessiya müqaviləsi bağlayır. Mülkiyyət dövlətdə qalır, amma idarəetmə özəl sektora keçir. Belə şəraitdə qazanc və idarəetmə özəl sektorun olur, dövlət yalnız müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir. “Barmek”in timsalında bunu gördük, amma nəinki ardı gəlmədi, əksinə, müsbət təcrübənin axırına çıxdılar.



– Deməli, hökumət 2018-ci ildə islahat aparmaq əvəzinə, əlinə düşən pulu daşa xərcləyəcək?

– Mümkündür ki, hansısa il büdcə xərcləri artmasın. Lakin bu nə faciədir, nə də hökumətin fəaliyyətsizliyini və ya bacarıqsızlığını göstərən faktdır. Amma xərcləmələr baxımından büdcə siyasəti 3 vacib tələbə cavab verməlidir. Əvvəla, səmərəlilik və nəticəlilik çox önəmlidir. Xərclənən vəsaitin iqtisadiyyat üçün hansı səmərəsi olub və hansı real, yaxud ölçüləbilən nəticələr əldə edilib? Digər mühüm bir məqam şəffaflıqla bağlıdır. Yəni müzakirəyə çıxarılmış büdcə xərcləmələrini cəmiyyət nə qədər aydın görə bilir və xərclərə ictimai nəzarət üçün hüquqi və institusional mühit nə dərəcədə əlverişlidir? Nəhayət, xərclərin faydalılığı çox önəmlidir. Yəni irimiqyaslı investisiya xərcləri iqtisadi artıma nə qədər töhfə verəcək? Axı hökumət nəticə əsaslı büdcə tərtib etmir ki, konkret və ölçüləbilən perfomans göstərciləri əsasında iqtisadiyyatda baş verəcək kəmiyyət və keyfiyyət dəyişikliklərini izləmək mümkün olsun. İnkişaf etmiş və xeyli sayda inkişaf etməkdə olan ölkələrdə növbəti ilin büdcə sənədi cəmiyyətə təqdim olunanda məhz bu formatda, nəticəyə yönəlik indikatorlar əsasında təqdim edilir. Vətəndaş görür ki, hökumət investisiya xərclərini 83 faiz artırdı və bu, özünü harda göstərəcək, ictimaiyyət bundan hansı faydanı götürəcək? Azərbaycanın büdcə sənədlərində isə bu suallara cavab yoxdur. Şəffaflıq xüsusi önəm daşıyır. Cəmiyyəti kənara qoyaq, parlament bilməlidir ki, 6 milyarddan çox xərclənən investisiya vəsaiti hara gedəcək. Maliyyə Nazirliyinin təqdimatına diqqət edin. Bütün xərclərlə bağlı yarım, 1 səhifəlik izahat verilib. Tikinti xərclərinin yalnız ümumi həcmi göstərilib. Bir məqamı da deyim. 2017-ci ildə ilk dəfə olaraq investisiya xərclərinin bölgüsünü ölkə prezidenti həyata keçirməyə başlayıb. Əvvəlki illərdə bu bölgünü baş nazir aparırdı. Həmin səlahiyyət Nazirlər Kabinetində olanda vətəndaş cəmiyyətinin sənədlərə çıxışı olurdu. Bölgü prezidentə keçəndən sonra sənədi əldə etmək mümkün olmadı. Hökumətin e-qanun portalında investisiya xərclərinin ən yaxşı halda 10-15 faizi haqda sərəncam yerləşdirilir. Qalanları barədə məlumat yoxdur.




Deməli, şəffaflıq yoxdur?

– Bəli, şəffaflıq prinsipi pozulur. Büdcənin üçdə birindən çoxunu təşkil edən əsaslı xərclərlə bağlı maksimum şəffaflıq olmalıdır. Deputatlar, vətəndaş cəmiyyəti ekspertləri və büdcədən yazan jurnalistlərin investisiya təyinatlı xərclərin son bölgüsü barədə məlumatlara çıxışı asan olmalıdır. Uzağa getmirəm, Moldova və Gürcüstanda büdcə investisiya layihələrinin siyahısı Maliyyə Nazirliyinin saytında yerləşdirilir. Amma Azərbaycanın Milli Məclisinə verilən büdcə zərfində belə bunlar yoxdur.




Dediklərinizdən belə aydın olur ki, gələn il digər istiqamətlər, xüsusilə sosial sahələr üzrə xərc artımı çox azdır?

– Xərclərə münasibətdə belə yanaşma olmalıdır: əmək haqqı və sosial ödənişlərin tutumu çox olan xərclər üzrə artım növbəti ilin inflyasiya tempini qarşılamalıdır. Amma real vəziyyət necədir?  Hökumət gələn il üçün 6,7 faiz inflyasiya gözləyir, amma səhiyyə xərclərində 0,8 faiz azalma proqnozlaşdırılır. Bu, inkişaf etmiş ölkələrin səhiyyə xərclərinin ÜDM-də payından 3 dəfə, dollar ifadəsində 15-20 dəfə azdır. Məlumat üçün deyim ki, gələn il üçün səhiyyə xərclərinin ÜDM-də payı 1 faiz proqnozlaşdırılır. İnkişaf etmiş dövlətlərdə bu rəqəm 3-4 faizdən az deyil.

Yaxud sosial müdafiə köməkçi bölməsi üzrə xərclər cəmi 4,6 faiz artımla (95 milyon manat) proqnozlaşdırılır ki, bu da hökumətin özünün gözlədiyi inflyasiya səviyyəsindən xeyli aşağıdır. Halbuki qanunvericiliyə görə, pensiyanın məbləği inflyasiya səviyyəsində indeksləşdirilməlidir. Sosial sektordan yalnız təhsil sahəsi üzrə xərclər nisbətən yüksək artımla proqnozlaşdırılıb – təxminən 11 faiz. Təəssüf ki, dövlət sektorunda tələbələrin 75-80 faizinin ödənişli oxumağa vadar edildiyi ali təhsil üzrə xərclər yenə çox azdır  – təxminən 210 milyon manat. Bu, cəmi təhsil xərclərinin onda biri, bütün büdcənin isə yüzdə biri qədər kiçik vəsaitdir.

Bütün bu sadaladıqlarımın qarşılığında mənzil-kommunal təsərrüfatı 50 faiz artıb. Hansı ki, bu, daha çox yerli icra hakimiyyətləri vasitəsilə mənzil-kommunal sektorun saxlanılmasına yönəldilir. Əslində, bu sektorun bərbad vəziyyətdə qalması şəffaflığın olmamasının əlamətidir. Halbuki icra hakimiyyətləri dövlət büdcəsindən həm subsidiya alır, həm investisiya xərcləri çərçivəsində vəsait götürürlər. Amma bu sahədə xidmətlərin keyfiyyətinin çox aşağı olduğunu sakinlər hər gün görürlər. Əsas məsələ odur ki, icra hakimiyyətləri mənzil-kommunal təsərrüfatları ilə bağlı ictimaiyyətə heç bir məlumat vermirlər və deməli, şəffalıq sıfra bərabərdir.

Bir sözlə, sosial blok üzrə xərclər orta hesabla 7-8, tikinti xərcləri 83, nəqliyyat xərcləri 64, mənzil-kommunal xərcləri 50 faiz artırılır. Bu, xərclər baxımından balanslı yanaşmanın olmadığını göstərir.



– Beynəlxalq praktikada büdcə xərcləri necə müəyyən edilir?

– Beynəlxalq praktikada xərclər iki cür təsnifləşdirilir: məhsuldar və qeyri-məhsuldar xərclər. Məhsuldar xərclər insan kapitalının və sosial sektorun inkişafı və bilavasitə iqtisadi inkişafla bağlıdır. Beynəlxalq praktikada büdcənin əsas prioriretlərini məhz məhsuldar xərclər təşkil edir. Bu yanaşmanın nəticəsidir ki, həmin ölkələrdə qeyd olunan xərclər büdcənin orta hesabla 60-65 faizini təşkil edir. Bizdə isə büdcənin üçdə birinə belə çatmır.

Qeyri-məhsuldar xərclər isə dövlət borcu, idarəetmə və təhlükəsizliklə bağlıdır. 2018-ci ilin büdcəsində idarəetmə xərcləri 24,1 faiz artıb. Bunun tərkibində olan dövlət borcunun xidmət xərcləri birdən-birə 38 faiz artırılıb. Yaxud, məhkəmə, hüquq-mühafizə orqanlarının saxlanılması xərcləri 8,7 faiz çoxalıb. Bunlar isə sosial müdafiə və səhiyyə xərclərinin artımından xeyli yüksəkdir.



– Səhiyyə xərclərinin azalması nəyə səbəb ola bilər?

– Fəsadlar inidiyə qədər də özünü göstərib. Sadəcə daha bir il də cəmiyyət həmin fəsadlarla baş-başa qalacaq. Dünya Bankının məlumatına görə, Azərbaycanda il ərzində səhiyyəyə dövlətlə əhalinin birgə xərclədiyi vəsaitin həcmi 2 milyard dollardan bir qədər çoxdur. Əgər xərclər artmırsa, deməli, hökumət xərclərin əhalinin üzərində qalmasını məqbul sayır. Bu mənada vətəndaşın sağlamlığını qorumaq üçün dövlətdən ala biləcəyi dəstək məhduddur. Ona görə biz sağlamlığımızın qayğısına yalnız öz cibimiz hesabına qala bilirik. Hökumətin bunu danmaq imkanı yoxdur.



– Rəsmi mənbələrin gələn il üçün inflyasiyanın birrəqəmli olması barədə açıqlamalarının əsası varmı?

– İnflyasiyanın əsas mənbəyi manatın dəyərdən düşməsi oldu. Çünki Azərbaycan idxaldan asılıdır. O baxımdan, gələn il vəziyyət dünya neft birjalarından asılı olacaq. Məsələn, neftin qiyməti 50 dollardan artıq olarsa, manatın dəyərdən düşməsi ehtimalı kifayət qədər aşağı düşər. Belə olanda, birrəqəmli inflyasiya hədəfinə nail olmaq çətin görünmür. Həm sərt pul-kredit siyasəti, həm də neftin qiymətinin bir qədər yüksək olması, bu il dollara tələbatı azaltdı. Amma manatın dəyərdən düşmə riski yaranarsa, inflyasiyanı birrəqəmli saxlamaq çətin olacaq.



– Bəs dövlət borclarının artması hansı fəsadlara yol açar?

– Bu gün dünyada 200-ə yaxın ölkənin dövlət büdcələri sıralansa, Azərbaycanın büdcəsindən ən yüksək borc qaytaran ölkələrin sırasında olacağına şübhəm yoxdur. Gələn il büdcənin 11 faizi borca yönəldiləcək. Deməli, büdcəyə daxil olan hər manatın 11 qəpiyi borca gedəcək. Dövlət borclarının bu şəkildə artması məhsuldar xərclərə vəsait ayırmaq imkanını məhdudlaşdırır. Deməli, hökumət təhsil, səhiyyə, sosial müdafiə xərclərini sıxmalıdır ki, bu qəbildən olan xərcləri ödəməyə imkanı olsun. Bu mənada, dövlət borclarının artırılması büdcənin xərc strukturuna mənfi təsir göstərir. Məhsuldar xərclərin artım imkanlarını məhdudlaşdırır.



– Gələn ilin büdcəsindən Nazirlər Kabinetinə ayrılacaq vəsait 1,5 milyon manat

azaldılıb

. Bu, Nazirlər Kabinetində struktur islahatının anonsu ola bilərmi?

– Nazirlər Kabinetinə həmişə Prezident Administrasiyası və Milli Məclislə müqayisədə xeyli az vəsait ayrılıb. Amma birinci iki qurumdan fərqli olaraq, Nazirlər Kabinetinin 2018-ci ildə xərcləri azaldılırsa, mümkündür ki, bu, hansı struktur bömələrin ixtisarı ilə bağlıdır. Onsuz da Vitse-prezidentlik institutunun yaranmasından sonra Nazirlər Kabinetinin fəaliyyət dairəsinin məhdudlaşdırılması gözlənilən idi.  Sadəcə, bu addımları nə dərəcədə real və nəticəli islahat kimi təqdim etməyin doğru olduğunu söyləməyə çətinlik çəkirəm. İndiki idarəetmə şəraitində real islahatlarla bağlı gözləntim yoxdur. İdaretmədə nəticəli islahat odur ki, qərar qəbulunun keyfiyyəti və idarəetmənin çevikliyi təmin edilsin. İndiki hakimiyyətin bu cür islahata ehtiyacı varmı, məncə, yox!

Ana səhifəVideo”Gələn il üçün proqnozlaşdırılan büdcə artımı neft gəlirlərinə söykənir”