Natiq Cəfərli: “Gələn ilin 9 ayında ixracatımız təqribən, 7 mlrd. dollar azalacaq”
2014-cü ilin 9 ayının statistikasına görə, ixrac – 17.356 mln dollar, idxal – 6.522 mln dollar, misbət saldo – 10.340 mln. dollar təşkil edir. İstiqadçı Natiq Cəfərli özünün Facebook səhifəsində Azərbaycan iqtisadiyyatında baş verən prosesləri təhlil edib.
İqtisadçının sözlərinə görə, uzun illər Azərbaycanda manatın dollara nisbətən məzənnəsinin sabit qalmasının əsas səbəbi tədiyyə balansında olan müsbət saldo olub: “ Yəni satdığımız neft-qazın dollarla dəyəri, ölkəyə gətirdiyimiz malların dollarla dəyərindən artıq idi. Nəticədə balansda müsbət saldo yaranırdı, bu isə hökumətə manatın dollara nisbətən kursunu sabit saxlamağa, bununla da ölkədə inflyasiyanı cilovlamağa imkan verirdi. Maraqlı olan odur ki, bu ilin ilk 9 ayında keçən ilin eyni dövrünə görə ixrac 3,88 faiz, idxal isə 19,16 faiz azalıb. İxracın azalması neftin hasılatının azalması ilə əlaqədardır, idxalın azalması isə müəmmalıdır, bir hissisini avtomobillərin gətirilməsinin azalması ilə izah etmək olar, amma düşünürəm ki, burada başqa məqamlar da var, yəni gətirilən malların heç də tamamı rəsmiləşdirilmir”.
Natiq Cəfərli hesab edir ki, gələn il də hasilat builki səviyyətə olsa, ixracatda ciddi azalma müşahidə olunacaq: “Bu ilin ilk 9 ayında Azərbaycan neftinin illik ortalama qiyməti 105 dollar idi, yəni, ixrac rəqəmləri məhz bu qiymət ortalamasına görə yaranıb. Əgər gələn il hasilat builki səviyyədə (proqnozlara görə az da olsa azalma olacaq), qiymət isə 65-70 dollar arası olsa, ixracatımızda kobud yuvarlaq rəqəmlə ifadə etsək, təqribən 40 faiz azalma olacaq. Yəni gələn ilin ilk 9 ayında ixracatımız təqribən, 7 mlrd. dollar azalacaq. Daxili bazarda ixracdan asılılıq gələn il dəyişməz qalacaq, çünki bunun dəyişməsi üçün ilkin şərtlər yoxdur, deməli, ixrac rəqəmləri aşağı-yuxarı bu ilin göstəriciləri səviyyəsində, yəni təqribən 7 mlrd. dollar səviyyəsində qalacaq. Nəzərə alsaq ki, rəsmiləşdirilmiş idxal korrupsiya sxemlərinə görə həmişə azaldılır, ən optimal təxminlərə görə, gələn il real idxal rəqəmləri ilin 9 ayında təqribən 10 mlrd. dollar civarında olacaq. Bir sözlə, bu gün olan tendensiyalar, neft qiymətləri, ixrac həcmləri dəyişməz qalsa, gələn ilin ilik 9 ayında tədiyyə balansımız başa-baş olacaq: ixrac etdiyimiz neftin, qazın dəyəri qədər, ölkəyə mal gətirəcəyik”.
Ekspertin fikrincə, belə olan halda ölkənin tədiyyə balansının müsbət saldosu azalanda, hökumət manatın dollara nisbətən kursunu indiki səviyyələrdə saxlamaqda çətinlik çəkəcək və yumşaq devalvasiyaya getməyə məcbur qalacaq. “Çox güman ki, manatın məzənnəsinin enməsi gələn il parlament seçkilərindən sonra baş tutacaq, çünki dolların qalxması ölkədə ciddi infilyasiya basqısı yaradacaq, qiymətlər artacaq, bunu nəzərə alaraq, hökumət seçkidən sonra addımlar atacağı daha məntiqli görünür. Hər bir halda, neftin qiyməti gələn il ortalama 65-70 dollar civarında olsa, 2015-ci ilin sonunda manatın yumşaq devalivasiyası qaçılmaz olacaq, infilyasiya artacaq, qiymətlər yüksələcək, əhalinin real gəlirləri ciddi azalacaq” – deyə ekspert vurğulayıb.
Natiq Cəfərli proqnozlarının nəticəsi kimi çıxış yolunu iqtisadi, siyasi açılımda və köklü islahatlarda görür.