”Gələn il də büdcə gəlirlərinin böyük hissəsi neft sektorunun payına düşəcək”

Azər Mehtiyev: “SOCAR muzdlu işlə bağlı gəlirlərdən tutulan gəlir vergisini neft sektorundan daxilolmalara aid etmir”

Source:


Azər Mehtiyev: “SOCAR muzdlu işlə bağlı gəlirlərdən tutulan gəlir vergisini neft sektorundan daxilolmalara aid etmir”

Neftin qiymətinin düşməsi Azərbaycanın dövlət büdcəsində onun payını azaldıb. Ancaq yenə də önəmli yer tutur.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin (İTYİB) ekspertləri 2017-cı ilin təsdiqlənmiş dövlət büdcəsini analiz ediblər.

Analizə görə, 2017-ci ildə Dövlət Neft Fondundan (DNF-dən) dövlət büdcəsinə 6.1 milyard manat transfert gözlənilir. Bu da 2016-cı ildə proqnozlaşdırılandan 1.5 milyard manat (19.9 faiz), 2015-ci ildə olan faktiki məbləğdən 2 milyard manat (25 faiz) azdır. Bu, DNF-dən dövlət büdcəsinə 2010-cu ildə edilən transfert məbləğinə (5.9 milyard manat) yaxındır və 2011-ci ildən sonra qeydə alınan ən aşağı göstəricidir.

DNF-dən büdcəyə 2018-ci il 5.5, 2019-da 4.8, 2020-ci il üçün 4 milyard manat nəzərdə tutulur

Fonddan dövlət büdcəsinə ən yüksək transfer məbləği 2013-cü ildə olub – 11.35 milyard manat. İTYİB-nin ekspertləri yazır ki, 2017-ci ildə DNF-dən transfertin dövlət büdcəsinin gəlirlərində payı 37.5 faiz olacağı gözlənilir. Bu da təqribən 2008-ci ilin müvafiq göstəricisinə (35.3 faiz) yaxındır:

“2009-cu ildən sonrakı dövrdə Fondun transfertinin dövlət büdcəsinin gəlirlərində payı hər zaman 40 faizdən yüksək olub. Bu göstəricinin ən yüksək səviyyəsi isə 58.2 faizlə 2013-cü ildə qeydə alınıb. Hökumət DNF-dən dövlət büdcəsinə transfertin məbləğinin azaldılması siyasətini növbəti illərdə də davam etdirəcəyini açıqlayıb. Belə ki, hökumət DNF-dən büdcəyə transfertin məbləğini 2018-ci il üçün 5.5 milyard, 2019-cu il üçün 4.8 milyard, 2020-ci il üçün 4 milyard manat nəzərdə tutur”.

2017-ci ildə ildə büdcə gəlirlərinin böyük hissəsi neft sektorunun payına düşəcək

İTYİB-nin eksperti, iqtisadçı Azər Mehtiyev deyir ki, dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların məbləği və payı azalmaqda davam etsə də, 2017-ci ildə büdcə gəlirlərinin yarıdan çoxu yenə də neft sektorunun payına düşəcək:

“DNF-dən dövlət büdcəsinə transfertin məbləği azalsa da, 2017-ci ildə Dövlət Neft Şirkəti (SOCAR) və xarici neft şirkətlərinin dövlət büdcəsinə vergi ödənişlərinin məbləğinin 2016-cı ilin proqnozu ilə müqayisədə bir qədər (uyğun olaraq, 40 milyon və 105 milyon manat) artması proqnozlaşdırılır. Bu, 2017-ci ilin dövlət büdcəsi proqnozlarının neftin dünya bazar qiymətinin 1 barrel üçün 40 ABŞ dolları əsasında hesablanmasına görədir”.

Göstəricilər büdcə gəlirlərinin formalaşmasında neft sektorunun rolunu əks etdirmir

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 7 milyard 855 milyon manatı, yaxud 48.3 faizi neft sektorundan daxilolmalar hesabına formalaşacaq. Ancaq A.Mehtiyev deyir ki, bu göstəricilər dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorunun rolunu tam əks etdirmir:

“Maliyyə Nazirliyi Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) üzrə xarici və yerli subpodratçı şirkətlərin mənfəət vergisini, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda, habelə SOCAR-da muzdlu işlə bağlı gəlirlərdən tutulan gəlir vergisini neft sektorundan daxilolmalara aid etmir. Halbuki bu mənbələr neft sektorunun dövlət büdcəsinə birbaşa töhfəsini göstərir”.

Bu vəsaitlər də nəzərə alınarsa…

Ekspert buna misal olaraq, Maliyyə Nazirliyinin 2017-ci ildə HPBS-lər üzrə xarici subpodratçı şirkətlərin mənfəət vergisinin 274.9 milyon manat, HPBS-lər üzrə podratçı və subpodratçı təşkilatlarda muzdlu işlə bağlı gəlirlərdən tutulan gəlir vergisinin 310.9 milyon manat olmasını planlaşdırdığını göstərir: “Əgər bu vəsaitlər də nəzərə alınarsa, onda 2017-ci ildə dövlət büdcəsinə neft sektorundan daxilolmaların məbləği 8 milyard 440.8 milyon manat olar ki, bu da büdcə gəlirlərinin 51.9 faizi deməkdir”.

Təbii ki, bu da büdcə gəlirlərində neft sektorunun rolu üzrə son illərin ən aşağı göstəricisidir. Belə ki, bu göstəricinin səviyyəsi 2011-ci ildə 74.4 faiz, 2012-ci və 2013-cü illərdə 73.2 faiz, 2014-cü ildə 66.1 faiz, 2015-ci ilə 65.3 faiz olmuşdu, 2016-cı il üçün isə 53.5 faiz proqnozlaşdırılıb.

Büdcə dövlət borcuna xidmətlə bağlı xərcləri ödəyə bilməyəcək

İTYİB-nin digər eksperti, iqtisadçı Rövşən Ağayev isə deyir ki, DNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri büdcənin illik cari xərclərini və dövlət borcuna xidmətlə bağlı xərcləri ödəyə bilməyəcək:

“2017-ci ildə DNF-nin transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 10 milyard 155 milyon manat nəzərdə tutulur. Bu o deməkdir ki, 2008-ci ildən sonra ilk dəfə olaraq dövlət büdcəsinin DNF-in transferti nəzərə alınmadan gəlirləri büdcədən planlaşdırılan illik cari xərclərdən bir qədər (təqribən 110 milyon manat) çox olacaq”.

Lakin ekspert əlavə edir ki, dövlət büdcəsinin cari xərcləri ilə yanaşı, dövlət borcuna xidmətlə bağlı xərcləri də götürdükdə (bu iki qrup xərclərin cəmi 11 milyard 687 milyon manatını təşkil edir), DNF-nin transferti nəzərə alınmadan 2017-ci il dövlət büdcəsinin gəlirlərinin bu xərclərdən 1 milyard 532 milyon manat (13.1 faiz) az olacağı gözlənilir.

Ana səhifəXəbərlər”Gələn il də büdcə gəlirlərinin böyük hissəsi neft sektorunun payına düşəcək”