“Həyat teatrdır, həqiqi tamaşaçılar isə uşaqlardır”.
(Vladislav Qjeşik)
Yayın istisi şəhər əhlini istirahət və bayram günlərində Bakıda oturmayıb toz-torpaqdan, boğanaqdan qaçmağa vadar edir. Elə bəndəniz də xalqımızın “palaza bürün, ellə sürün” deyiminə sadiq qalıb, həftəaxırı külfətini yığıb üz tutdu ölkəmizin səfalı məkanlarına sarı.
Gəl ki, Bakıdan çıxıb Şamaxı yoluna adlamamış, yolun təmir olunduğunu gördüm. Yekə stenddə iri hərflərlə “müvəqqəti narahatlığa görə üzr istəyirik” cümləsi həkk olunsa da, işi görən tikinti şirkəti sürücülərin rahatlığını yamanca pozurdu. Yolda yalnız məmləkətimizə xas olan “Həsənsoxdu tıxacı” yaranmışdı. Ölkəmizdə magistral, şəhərdaxili yolların nəyə görə gecə yox, məhz günün günortaçağı, nəqliyyatın sıx olduğu vaxtlarda təmir olunması hələ də anlaşılmazdır. Müəllif düşünür ki, yəqin yolların bu təhər təmiri bizim hökumətin analoqsuz olmağı ilə bağlıdır.
Yoxsa, hökumətə nə düşüb ki, yayın cırhacırında Bakıdan başını götürüb rayonlara, dağlara, meşəyə stress atmağa qaçan milləti şəhərdən çıxmamış tıxaca salıb, qanın it qanına döndərsin?
Bakı-Şamaxı yolunda hal-hazırda yenidənqurma işləri görülür. Hərçənd ki, bu yol cəmi-cümlətanı bir-neçə il bundan əqdəm çəkilib. Yadınızdadırsa, eks-nəqliyyat naziri vəd verib and içmişdi ki, bu yolun ömrü nə az, nə çox, müstəqilliyimiz qədər ölməz, əbədi və daimi olacaq. Həm də bu yolun uzunömürlü, əbədi olmaması heç cür mümkün deyildi. Çünki bu yola xərclənən pula dünyanın ən möhkəm materiallarından, Bakıdan ta Londonacan üstü qızılla örtülmüş, yanlardan almazlı bardurlar qurulmuş yol çəkmək olardı.
Amma sən saydığını say, gör hökumət nə qayırır. Hökumət köklü dəyişiklik edib, məsələni kökündən həll etdi. Yollar nazirini istefaya yollayıb, onun çəkdiyi yolları da sökdürdü. Bu yerdə şair yaxşı deyib, ömür bitər, amma yol çəkməyə ayrılan pul bitməz.
Şamaxı aşırımına çatmamış gördüyüm səhnədən ürəyim cızıldadı. Yol kənarı boyunca balaca uşaqlar düzülmüşdü. Bəziləri ağacların altında istidən gizlənir, uzaqdan gələn maşınları görüncə yola qaçaraq əllərin uzadıb nə isə göstərirdilər. Uşaqların üzləri gündən qaralmışdı. Gözləri yorğun, əyin-başları nimdaş, bəziləri ayaqyalın idi. Oturduqları ağacların kölgəsində termoslar vardı.
Dərhal maşını yolun qırağına verib, uşaqları səslədim. Bənzətməmə görə oxuculardan dönə-dönə üzr istəyirəm, amma məni tələsik, hay-küylə əhatəyə alan uşaqlar, bəndənizə “O olmasın, bu olsun” filmində Məşədi İbadın hambal axtarmaq səhnəsin xatırlatdı.
Uşaqların sellofan torbada satdıqları isə təmizlənmiş fındıq idi. Hər torbada içərisində 10-15 fındıq vardı. Torbanın cütünü iki manata satırdılar. Bir-iki torba fındıq alıb, uşaqlarla xeyli söhbət etdim. Bəziləri danışmağa çəkinir, halsız gülümsünürdü, digərləri isə əksinə mehribancasına söhbət edirdi.
Aralarında 5-6 yaşlı uşaqları görüncə havalandım. Ölkədə kasıb və varlı təbəqə arasında artan fərq indi daha qabarıq və aydın görünürdü. Gündəlik qazancları 3-5 manatı ötməyən bu uşaqların əksəriyyəti məktəbli idi. Onlar yay tətilini on, bəzən isə on iki saat günün altında, yol qırağında fındıq yığıb satmaqla, bir tikə pendir çörək yeyib, analarının onlar üçün termosda hazırladığı çayı içməklə keçirdirlər. Sübh tezdən ta gün batanacan yol kənarında daldalanır, gələn maşınlara həsrətlə baxıb, qaralmış əllərindəki torbaları göstərirlər. Onlar uşaq barmaqları ilə təmizlədikləri fındığı satmağa məcburdular. Çünki ailələrinin saatbasaat artan sosial problemlərindən bir pay onların sısqa uşaq çiyinlərinə düşür. Bu uşaqlar neft və səltənətlər diyarında ac-yalavac, istidə yol kənarında durub fındıq satırlar. Uşaqlar çoxlu əhvalat danışdılar. Bəzilərinin onları aşağılamasından, fındıqları götürüb aradan çıxmasından, onlara qarşı yersiz, şit zarafatlardan, polislər tərəfindən qovulmalarından və daha nələr, nələr. Mən isə mat-məəttəl olub, onlara qulaq asırdım. Bilmirdim nə edim, necə edim ki, bu uşaqlara yardımçı olum, əziyyətlərini azaldım. İstəsəm belə, hamısına kömək edə bilmərəm axı.
Əlbət ki, bütün insanların yaxşı yaşaması bir utopiyadır. İllah da bizim ölkədə. Amma bu sayda uşağın hər gün on saat yol kənarında fındıq satması dəhşətdir. Yaxşı olardı ki, AzTv şəhərdə turist axtarmaq əvəzinə, gəlib bu uşaqları çəkərdi. Onların dərd-sərini sorardı, problemlərini qabardardı. Mənimlə dərdləşən uşaqlar azyaşlı olmaqlarına baxmayaraq, həyatı real görür, bəzən orta yaşlı insan kimi danışırdılar. Mən onlardan məktəb, dərs, təhsil və kitab haqqında soruşmağa utandım. Özləri dolğun danışmasalar belə, bilirdim ki, heç bir uşaq öz xoşu ilə bu istidə adamı üzən, yorucu işlə məşğul olmaz. Hər uşaq, ilk növbədə, uşaqlığın dadını çıxarmaq istəyir, oynamaq, şənlənmək arzulayır. Onlar öz uşaq zehinləri ilə anlayırlar ki, doğulub yaşadıqları ölkədə nə isə düz deyil. Hardasa tarazlıq pozulub, kimsə payından artıq yeyib. Tənbəllik eləməyin, interneti arayın və oxuyun, görün hər il hökumət regionların iqtisadi inkşafı üçün neçə milyonlar xərcləyir. Şəxsən bəndəniz açılan iş yerlərinin sayını oxuyub şok yaşadı. Həmin rəqəmlərə inansaq, rayonlarda hətta bələkdə olan uşaqlar belə iyirmi il qabaqcadan işlə təmin olunublar. Amma reallıqda, aşıb-daşan kasıblıq ucbatından uşaqlar yol kənarında fındıq satırlar. İndi siz deyin, milyon barel neftlə doymayan məmurlar ölkəsində, uşaqlar bir neçə fındıqla necə doysun?
Dahilərdən kimsə deyib ki, bir ölkədə kasıb və dilənçilərin olması normaldır, amma kasıblar arasında uşaqlar çoxluq təşkil edirsə, bu, artıq ölkənin sonudur. Çünki kasıb uşaqlar təhsildən, maariflənməkdən, elmdən, kitabdan uzaq düşür və beləliklə, ölkənin gələcəyi qaranlıq görünür.
Yol kənarında fındıq satan uşaqlar nə illah edirəmsə, yaddaşımdan silinmir. Elə hey düşünürəm ki, görəsən biz uşaqlarımızı düzmü qoruyuruq?
Xalqımızın, faciəli şəkildə həyatla əbədi vidalaşan Zəhra bala naminə yas tutması, ağı deyib oxşaması, onun valideyinlərinə mənəvi dəstək olması, bu körpənin ölüm acısını özününkü hesab etməsi nə qədər ağrılı olsa da, bir o qədər qürurvericidir.
Lakin nə üçün bizi birləşdirən, həmrəy edən yalnız itki olur? Torpaq itkisi, əsgər itkisi, körpə itkisi… Nə üçün məhz itirib sonra ayılırıq, yürüş təşkil edirik, sosial şəbəkələrdə profilimizi dəyişdiririk, şəkil paylaşırıq. Olmazmı ki, itirmək əvəzinə qoruyub saxlayaq? Axı bunun üçün azca məsuliyyət hiss edib, vətəndaşlıq borcumuzu unutmamalıyıq. Susmamalıyıq. Haqsızlığa qarşı etiraz etməliyik. Çünki bir növ itkilərimiz dinməzliymizdən yaranır. Danışmadıqca, mumladıqca, elə-hey itiririk.
Ədalətli məhkəmə, azad mətbuat, rüşvətsiz təhsil, səhiyyə, güclü dövlət tələb etməliyik. Yalnız sağlam və azad ruhlu cəmiyyətdə, ədalətli ölkədə uşaqlarımızı müharibədən, aclıqdan, xəstəliklərdən qoruya biləcəyik. Əks halda ya vəlvələdən, ya zəlzələdən, nə fərqi var, ölən və itirən bizik. Gələcəyimizi, arzularmızı, ümüdlərimizi itiririk…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.