“Gələcək günlərdə İran rialı və türk lirəsi dəyər itirə bilər”

İqtisadçı: “Azərbaycanda tam üzən məzənnə tətbiq olunsa, manat da olanlardan təsirlənər”

Source:


İqtisadçı: “Azərbaycanda tam üzən məzənnə tətbiq olunsa, manat da olanlardan təsirlənər”

“Bölgədə yaranmış durum region ölkələrinin milli valyutalarının ABŞ dollarına nəzərən məzənnələrinə təsir edəcək. Eyni zamanda, xam neftin dünya bazar qiymətlərinə də təsirsiz ötüşməyəcək. Məzənnə təsirlərindən ilk növbədə İran və Türkiyə iqtisadiyyatı qayğılanacaq”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, gələcək günlərdə İran rialı və türk lirəsi dəyərini bir az da itirəcək.  Azərbaycan manatına gəlincə, bu məzənnənin tənzimlənməsi rejimindən asılıdır:

“Əgər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən tərtib etdiyi hesabatında nəzərdə tutulduğu kimi 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunsa, manat baş verənlərdən təsirlənə bilər. Digər tərəfdən, onu da qeyd edim ki, Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2020-ci il üçün gəlirlər ötən ilki proqnoz göstəricilərindən 20 faiz az gözlənilir”.

İqtisadçı maliyyə əməliyyatları apararkən ehtiyatlı olmağı tövsiyə edir.

“İran-ABŞ münasibətlərinin beynəlxalq birjalara təsirlərinə gəlincə, artıq dünya bazarlarında Brend markalı xam neftin qiyməti 4 faizə qədər bahalaşıb. Qızılın qiyməti isə son 4 ayın maksimum səviyyəsinə qalxıb. 10 illik xəzinədarlıq istiqarazlarının gəlirliyi son 3 həftənin ən aşağı səviyyəsinə enib. Standard & Poor 500 indeksi 0,7 faiz ucuzlaşıb”.

Yanvarın 3-də Bağdad Hava limanı yaxınlığında raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymani (Qassem Soleimani) və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi (Abu Mahdi al-Muhandis) öldürülüb. İranın Ali lideri general Qasim Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Raket zərbələrini ABŞ-ın gerçəkləşdiyi bildirilir. ABŞ İran İnqilab Korpusunu Xarici Terrorçu Təşkilat hesab edir.

Ana səhifəXəbərlər“Gələcək günlərdə İran rialı və türk lirəsi dəyər itirə bilər”