Bu plan bəlkə də nə Hitlerin, nə Manşteynin gözləmədiyi heyrətamiz nəticələrə səbəb oldu
Polşaya qarşı hərbi əməliyyatlar hələ tam yekunlaşmamış, 1939-cu il sentyabrın 27-də Hitler ali generalitetlə toplantı keçirərək Fransaya qarşı hücum əməliyyatına hazırlaşmaq göstərişi verdi. Onun qoyduğu vaxta görə, əməliyyat noyabrın ortalarından gec olmayaraq başlamalı idi.
Generalitet bu tapşırıqdan dəhşətə gəldi. Onlar hesab edirdilər ki, polyaklar üzərində qələbə Hitleri eyforiyaya uğradıb, halbuki Fransa Polşa ilə müqayisədə daha ciddi rəqib idi və Almaniya ona qalib gələ bilməzdi. Quru qoşunlarının Baş qərargahının rəisi Frans Halder gündəliyində yazırdı: “Polşada qazandığımız döyüş təcrübəsi Qərbdə hücum üçün resept ola bilməz”.
Buna görə də generallar füreri fikrindən daşındırmaq üçün xeyli səy göstərdilər. Hitlerə təqdim olunan hesabatda Polşa kampaniyasından sonra tankların təmiri üçün bir neçə ay lazım gəldiyi, Almaniyanın polada olan ehtiyacının hər ay 600 min ton əskik qaldığı söylənilirdi. Beş il sonra Hitlerə qarşı sui-qəsddə iştirak edəcək general Ştülpnagelin təqdim etdiyi arayışda ordunun yalnız iki həftəlik döyüş sursatı ehtiyatı olduğu bildirilirdi.
Amma Hitler heç nə eşitmək həvəsində deyildi. O, “Hücum etməmək haqqında” müqavilə imzaladığı və hazırda dost münasibətlərə malik olduğu SSRİ-yə o qədər də etibar etmirdi. Buna görə o, Fransanı tezliklə diz çökdürmək və beləcə iki cəbhədə müharibə aparmaq təhlükəsindən qurtulmaq istəyirdi. Oktyabrın 10-da keçirilən müşavirədə Hitler generallara bir gün əvvəl imzaladığı 6 saylı direktivi təqdim etdi. Sənəddə deyilirdi:
a)
Qərb cəbhəsinin şimal cinahında Lüksemburq-Belçika-Hollandiya ərazisi üzərindən hücum əməliyyatları hazırlansın. Bu hücum mümkün qədər böyük qüvvələrlər və mümkün qədər tezliklə həyata keçirilməlidir.
b)
Əməliyyatların məqsədi Fransanın və onun tərəfində döyüşən müttəfiq ordularının mümkün qədər çox hissəsini darmadağın etmək, eyni zamanda İngiltərəyə qarşı ümidverici hava və dəniz müharibəsi aparmaq üçün baza kimi Hollandiyanın, Belçikanın və Şimali Fransanın mümkün qədər çox ərazisinin tutulmasıdır.
Oktyabrın 14-də Halder və quru qoşunlarının Baş komandanı Valter fon Brauxuç görüşərək vəziyyəti müzakirə etdilər. Həmin gün Halder gündəliyində hdisələrin üç istiqamətdə cərəyan edə biləcəyini qeyd etdi: hücum, gözləmə və köklü dəyişiklik. O, Nürnberq prosesində ifadə verərkən “köklü dəyişiklik” olaraq Hitlerin hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutduğunu söylədi. Amma nə Brauxiçin, nə Halderin, nə də başqa generalların buna iradəsi çatdı.
***
Quru qoşunları Baş komandanlığının (almanca: Oberkommando des Heeres – OKH) tələsik hazırladığı və almanca “sarı” mənasını verən “Gelb planı” (Polşaya qarşı əməliyyatlar “ağ” mənasını verən “Vays” adlanırdı) orijinallığı ilə fərqlənmirdi. Sənəd almanların Birinci dünya müharibəsində istifadə etdiləri Şliffen planının əsasında hazırlanmışdı.
6 saylı direktivdə olduğu kimi Fransaya qonşu dövlətlərin ərazisindən girmək nəzərdə tutulurdu. Çünki fransızların Almaniya ilə bütün sərhəd boyu tikdikləri Majino istehkamlarını keçmək ya mümkün olmayacaqdı, ya da uzun zaman və ağır itkilər bahasına başa gələcəkdi.
19 oktyabr tarixli plan A, B və C ordu qruplarının yaradılmasını nəzərdə tuturdu. Şimalda yerləşən A ordular qrupuna 27, ortadakı B ordular qrupuna 37, cənubdakı C ordular qrupuna isə 25 diviziya daxil olacaqdı. Bundan əlavə cəmi 3 diviziyanın olduğu N ordu qrupu yaradılacaqdı. Daha 9 diviziya isə ehtiyatda saxlanılırdı.
Plana görə B ordular qrupuna daxil olan 18-ci ordu Niderlanda, 2-ci və 6-cı ordular isə Belçikaya hücum edəcəkdilər. A ordular qrupundakı 4-cü və 12-ci ordular da əsas döyüşlərin gedəcəyi Belçikaya daha cənubdan girəcəkdilər. C ordular qrupundakı 1-ci və 7-ci ordular isə Majino xəttinə qarşı döyüşəcək, buradakı fransız qoşunlarını özünə cəlb edəcəkdilər.
Vermaxtın Baş komandanlığı (almanca: Oberkommando der Wehrmacht – OKW) quru qoşunlarının hazırladığı plana tənqidi rəy bildirdi. Bundan sonra planda müəyyən dəyişikliklər edildi. Ordu qruplarının tərkibi və hücum istiqamətində korrektələr aparıldı. Amma əsas qayəsi əvvəlki kimi idi: Benilüks ölkələri ərazisinə təcavüz edərək oradan Fransaya keçmək.
Hitlerin direktivində olduğu kimi Gelb planı da Fransanın tam məğlub edilməsini nəzərdə tutmurdu. Dünyanın böyük hərbi güclərindən sayılan bir ölkənin diz çökdürülməsi ağlagəlməz sayılırdı. Almanlar sahil zolağı da daxil olmaqla Niderlandan Şimali Fransaya qədər əraziləri ələ keçirməli idilər. Bundan sonra mövqe döyüşlərinin gedəcəyi təxmin edilirdi.
Hitler hazırlanan plandan razı deyildi. Belə bir fənnə 25 il öncə müraciət olunmuşdu. İndi Fransa-Almaniya sərhədində Majino istehkamları olması üzündən almanların yenə Belçika üzərindən hücumu fransızlar üçün gözlənilməz olmamalı idi. Gelb müasir dövrə və müasir silahlara uyğunlarşdırılmasından savayı heç bir yeni ideyaya malik deyildi. Bununla belə, fürer başqa bir şey olmadığından və hücumu təxirə salmaq istəmədiyindən onu qəbul etməli oldu.
Gelb planının bəsitliyini belə bir fakt da sübut edir ki, müttəfiqlərin Ali hərbi şurasının noyabrın 17-də Parisdə keçirilən toplantısında almanların Belçika üzərindən hücuma keçəcəkləri dəyərləndirilmiş və bu halda iki fransız ordusunun və Britaniya ekspedisiya korpusunun Belçikanın Dil və Maas çaylarındakı əsas müdafiə istehkamlarına irəliləmələri qərara alınmışdı.
Müttəfiqlər Belçika nümayəndələri ilə gizli görüşlər keçirib həmin istehkamlarda əvvəlcədən mövqe tutmaq istədilər. Amma Belçika Hitlerə bəhanə verməmək üçün razı olmadı və bitərəfliyini davam etdirməyi qərara aldı. Son illərdə bütün baş verənlərin fonunda Hitlerə heç bir bəhanə lazım olmadığı hələ də qavranılmırdı.
***
Qərb cəbhəsində hücum noyabrın 12-nə təyin olunmuşdu, amma həmin vaxta üç gün qalarkən hava şərtləri əsas gətirilərək noyabrın 19-na keçirildi. Sonra isə yenə həmin səbəblərlə daha üç gün təxirə salındı. Sonra yenə də başqa vaxta keçirildi. Beləcə, hərbi əməliyyatların başlanması tarixi tam 29 dəfə dəyişdirildi.
Çox güman ki, Adolf Hitler generalların gətirdikləri arqumentlərin haqsız olmadığını bilir və buna görə də planlaşdırılan hücumun uğursuz olacağından çəkinirdi. Üstəlik, Gelb planından da gözü su içmirdi. Amma o da öz prizmasından haqlı idi və iki cəbhədə müharibə perspektivindən qaçmaq istəyirdi.
Qəribə müharibə isə davam etməkdə idi. Amerikalı jurnalist və hərbi müxbir, “Üçüncü reyxin yüksəlişi və çöküşü” adlı sanballı əsərin müəllifi Uilyam Şirer həmin günlərdə Fransa-Almaniya sərhədində olur və öz gündəliyində yazır: “Müharibənin heç bir əlaməti gözə dəymir, dəmiryolçular mənə deyirlər ki, savaş başlayandan bircə güllə səsi də eşitməyiblər”.
1940-cı il yanvarın 10-da daha bir gün təyin edildi- yanvarın 17-də səhər saat 08:16. Bundan əvvəlki üç gün ərzində isə alman aviasiyası Fransadakı obyektləri bombalamalı idi. Belçika və Niderland isə duyuq düşməmələri üçün hava hücumuna məruz qalmayacaqdılar. Amma bu qərarın elə qəbul edildiyi gündə onun həyata keçməsini imkansız edən hadisə baş verdi.
Hərbi hava qüvvələrinə məxsus, Münsterdən Kölnə uçan təyyarə duman şəraitində səmtini itirərək Belçika səmasına keçdi. Üstəlik, mühərrikdə yaranan nasazlıq səbəbindən aşağıda görünən sahəyə qəza enişi etməli oldu. Eniş rəvan keçmədi, təyyarənən qanadları ağaclara dəyib qırıldı, amma pilot da, yeganə sərnişin olan mayor Helmut Reynberger də sağ qaldılar.
Yaxınlaşan sakindən Belçikada, Mexelen şəhəri yaxınlığında olduqlarını öyrənən mayor təlaşa düşür, çünki onun çantasında məxfi Gelb planının nüsxəsi var idi. Tələsik təyyarəyə tərəf qaçan Reynberger kağızları yandırmağa çalışır. Amma bu zaman hadisə yerinə gələn iki jandarm odu söndürürlər. Beləcə, plan belçikalıların əlinə keçdi.
Gelb planı onsuz da qeyri-adi deyildi, düşmənin əlinə keçəndən sonra isə lap yarıtmaz oldu və hücum yenə təxirə salındı. Ümumiyyətlə hərdən elə təsəvvür yaranır, sanki, tale almanların daha yaxşı hazırlaşmalarını, daha mükəmməl plan ortaya çıxarmalarını istəyirdi. Buna görə də qeyri-təkmil plan əsasında və tələsik hücuma keçmələrinə müxtəlif hadisələrlə əngəl olurdu.
Bu hadisələrin başqa bir nəticəsi də vardı. Almaniyada antinasist görüşlərə malik bəzi adamlar ünsiyyətdə olduqları belçikalı və holland doplomatları hücumun barədə xəbərdar edirdilər. Məsələn, hərbi kəşfiyyatın (abver) yüksək rütbəli əməkdaşı Hans Oster bunu edirdi. Amma bu xəbərdarlıqların doğru çıxmaması, hücum tarixlərinin dalbadal dəyişdirilməsi Brüsseldə və Amsterdamda bu fədakar insanlara inamın azalmasına səbəb oldu.
***
A ordular qrupunun qərargah rəisi ona general-leytenant Erix fon Manşteyn də bir çoxları kimi Gelb planından narazı idi. Amma onun başqalarından fərqli olaraq alternativ planı mövcud idi.
Fransa şimalda üç dövlətlə həmsərhəd idi. Daha uzun sərhədlər Belçika və Almaniya ilə idi. Bunların ortasında isə kiçik Lüksemburqla 73 kilometrlik sərhəd xətti vardı. Almaniya ilə sərhədi, dediyimiz kimi, Majino istehkamları bağlayırdı. Lüksemburq və Belçika ilə sərhədin bir hissəsini isə tanklar üçün keçilməz sayılan Arden meşələri tuturdu. Beləcə, yalnız Belçika ilə sərhədin çox hissəsi açıq qalırdı.
Manşteyn hesab edirdi ki, Arden meşələri heç də düşünüldüyü kimi keçilməz deyil və öz planını da buna görə hazırlamışdı. Onun planına əsasən B ordular qrupu nəzərdə tutuldiğu kimi Niderland və Belçika ərazisinə hücum edəcəkdi. Şübhəsiz ki, fransız və ingilislər buna Fransa- Belçika sərhədi istiqamətinə və Belçikanın ərazisinə doğru hərəkətlə cavab verəcəkdilər.
Manşteyn bu zaman A ordular qrupunun Arden meşələrindən keçərək həmin qoşunların arxasına keçməsini təklif edirdi. Onun düzəlişlərinə əsasən Ardendən Fransa ərazisinə daxil olan qoşunlar aypara şəklində hərəkət edərək La-Manş sahillərinə çıxmalı və beləcə şimala hərəkət edən fransız-ingilis qüvvələrinin arxadakılarla əlaqəsini kəsməli idilər.
Manşteyn öz düzəlişlərini hələ 1939-cu ilin payızında təklif etmişdi. Amma ordu rəhbərliyi Ardendəki dağların və meşələrin keçilməzliyini əsas gətirərək qəbul etməmişdi. İndi Geb planının belçikalıların əlinə keçməsindən və həmin planı yoxlamaq üçün keçirilən hərbi-qərargah oyunlarının qeyri-qənaətbəxş nəicələrindən sonra Manşteyninin təklifləri yenidən yada düşdü.
Fevralın 17-də keçirilən ziyafət zamanı Manşteynin Hitlerlə birbaşa təması olur. General öz təkliflərini səsləndirir. Bu təklifləri vermaxtın tanklar üzrə əsas mütəxəssisi olan general Heynz Quderian da artıq dəstəkləyirdi. O da hesab edirdi ki, tanklar Arden meşələrini keçməyə qadirdirlər. Nəticədə bir həftə sonra, fevralın 24-də Manşteynin təklifləri nəzərə alınmaqla Gelb planının son variantı təsdiq olundu. Bu plan bəlkə də nə Hitlerin, nə Manşteynin gözləmədiyi heyrətamiz nəticələrə səbəb oldu: Fransa kimi güclü dövlət cəmi 44 gün ərzində darmadağın edildi.
Mövzunu növbəti məqaləmizdə davam etdirəcəyik.