Gedənlər və övladları

Ölkədən getmək, xüsusən qaçqın kimi sığınacaq almağa müraciət zaman-zaman şiddətli mübahisələrlə müzakirə olunur

Source:
Zaur Qurbanlı
Zaur Qurbanlı
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Ölkədən getmək, xüsusən qaçqın kimi sığınacaq almağa müraciət zaman-zaman şiddətli mübahisələrlə müzakirə olunur. Kim getməlidir? Nə zaman gedə bilər? Kimin getməyə haqqı yoxdur? Getmək olarmı? Qalıb xeyir vermək olar, yoxsa gedib? Belə suallar hər dəfə soruşulur, heç birində də hər kəsi təmin edəcək cavablar tapılmır.

Çünki getmək fikri və ya imkanı olmayanlar qərəzli olaraq qalmağı müdafiə edirlər, getmişlər və getmək planı quranlar isə getməyi. Normal qərəzdir, ictimai müzakirədə belə olması təbiidir. Amma hər halda bu suallara cavab verməyə çalışmaq qadağan deyil.

Əlbəttə, kompleksi aşıb-daşan az sayda adam var, başqalarının ölkədən çıxmasını güdürlər ki, dərhal “bu da getdi mühacirətə” deyib gülləbaran eləsinlər. Onların dərdindən Gürcüstan azərbaycanlıları kəndlərinə gedəndə bunu “Facebook”-da yazmağa çəkinirlər. Uçana-qaçana macal vermirlər – oxumağa gedəndən tutmuş alverə gedənə qədər hər kəsi izləyirlər ki, nifrinlərini kiminsə üstünə tökə bilsinlər. Amma “Geriyə-gələcəyə” filmindəki Martin kimi bir kəlmə sözlə özündən çıxıb təxribata getməyə gərək yoxdur. Belə azlıq olan mövqeləri ciddiyə almaq lazım deyil.

Sosial şəbəkələrdə bu barədə qızğın müzakirə əsasən 3 halda yaranır:

1) Tanınmış, hökumət əleyhinə cəsarətli çıxışlar etmiş, yaxud bir və ya bir neçə dəfə tutulmuş, yaxud siyasi məhbus olmuş insanlar gedəndə.

2) Vaxtilə getmiş insanları qınayan insanlar gedəndə.

3) Hökumət işində, xüsusilə hökumətin propaqanda mediasında işləyən adamlar gedəndə.

Birinci halda mübahisə çox da güclü olmur. Çünki əksəriyyət belə adamların getməsinə sadəcə yanır, daha çox hökuməti qınayır. Özünü sübut etmiş adamlarla bağlı məsələ az-çox aydındır.

İkinci halda isə məsələ fərqlidir. Vaxtilə ehtiyatsızlıq edib gedənlər barədə tənqid və ya lağlağı yazmış adamlar, yaxud davamlı olaraq, getməyin əleyhinə çıxan adamlar, bir də görürsən, Almaniyadan şəkil paylaşır. Tezliklə də məlum olur ki, artıq statusunu da alıb. Onlara qarşı qəzəb məntiqlidir.

Üçüncü halda isə bir qəribə vəziyyət var. Əgər hökumət propaqandası ilə məşğul olmaq (buna səmimi, maaşlı, qanuni trolluq da deyə bilərik) ayıbdırsa, bu adamlar getməmiş niyə onlara qarşı eyni münasibət göstərilmir? Mütləq qaçqın olmalıdırlar ki, onların əvvəllər propaqanda ilə məşğul olması başlarına vurulsun? Belə başa düşürəm ki, bu məntiqə görə ayıb hökumət mediasında işləmək yox, hökuməti aldatmaqdır. Bu tip adamların bəziləri əvvəllər müxalif və ya azad mediada işləyib, sonra hökumət mediasına keçirlər, daha sonra isə gedirlər qaçqınlığa. Bu hal insanlarda daha çox qıcıq doğurur. Yəni “gedəcəkdinsə, müxalif tərəfdə olanda gedərdin” deyirlər sanki.

Bəs yuxarıdakı təsnifatdan ikinci və üçüncü qrupa aid olan insanları qınamaq nə qədər ədalətlidir? Bu suala cavab vermək üçün ölkənin və dünyanın vəziyyətinə baxmaq lazımdır. Ölkədə vəziyyət çox qeyri-sabitdir. İqtisadi çöküş sürətlə gedir, insanların nə vaxt ayağa qalxacağı bilinməsə də, nə vaxtsa ayağa qalxacaqlarına əksəriyyət əmindir və bu zaman hadisələrin necə cərəyan edəcəyini heç kim bilmir. Gözümüzün önündə inqilablardan sonra vətəndaş müharibələrinin viran etdiyi Yaxın Şərq ölkələri var. Əlbəttə, siyasi, hüquqi, sosial şərh verən mütəxəssislər deyirlər ki, Azərbaycan Suriya deyil və s. Bəs kim öz övladlarının taleyini bir neçə sosioloqun, hüquqşünasın, siyasətçinin mətbuata açıqlamalarına əsasən müəyyən edə bilər?

Çox risklidir deyə, insanlar buna getmir. Onlara sabitlik lazımdır – həm artıq bezmiş özləri üçün, həm də hələ heç nədən xəbəri olmayan övladları üçün. Bezməklərini də qınayanlar var, amma bu, şəxsi məsələdir. Kimsəyə demək olmaz ki, “hələ bezmə”. Adam heç özü-özünə bunu deyə bilməz.

Uşaqlar məsələsi isə bir az qəlizdir. Söhbət “balalarım var” arqumentindən getmir. Bu arqument köləliyin bəraətidir. Söhbət artıq xaricə aparılmış, bir müddət sonra inkişaf etmiş Qərb ölkəsinin vətəndaşı olacaq uşaqların Azərbaycana münasibətdə hansı tərbiyəni alacağından gedir. Bu da ailələrdən asılı olaraq dəyişir deyə, xalqımızın tarixinə baxıb ümumi bir fikir demək olar.

1920-ci il işğalından sonra, eləcə də İkinci Dünya Müharibəsi zamanı xeyli adam getdi Qərbə. Orda uşaqlarını böyütdülər, onlar da Qərb ölkələrinin vətəndaşları oldular, ən azından kanalizasiya, məişət, şəhərdə park, metroda tər kimi banal problemlərdən xilas oldular. Bəs o uşaqlar böyüyüb yetkin insan olandan sonra Azərbaycana nə verdilər? Hələ də əsarətdə olan vətənləri üçün nə etdilər? Bilmirəm, bəlkə 1988-93-də nələrsə olunub, amma qıraqdan baxan biri kimi mənə görünən odur ki, o uşaqların əksəriyyəti Azərbaycanı əməldə öz vətəni kimi qəbul etməyib.

Bizim vətən anlayışımız, uşaqlarımıza bu istiqamətdə tərbiyəmiz hələ yeni-yeni formalaşır. Mən yalnız gənc ailələrdə görmüşəm ki, bayrağı, ölkənin heç olmasa, adını uşağa tanıtsınlar. Bu qədər milli düşüncədən yoxsul şəraitdə böyümüş insanların nə qədəri üzünü də görmədiyi ölkəni vətəni kimi qəbul edə, onun uğrunda fədakarlıqlar edə bilər ki?!

İndi gedənlər Azərbaycandan xilas etdiyi uşaqlarını Azərbaycanın özünü xilas etmək ruhunda böyüdəcəklərmi? Mən inanmıram.

Ana səhifəMənim FikrimcəGedənlər və övladları