Tərəflərin hökmdən verdiyi şikayət təmin olunmayıb
Gədəbəy rayonunun Plankənd sakini Namiq Tağıyevə 5 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib. O, Cinayət Məcəlləsinin 315-ci maddəsilə – Gədəbəy Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Rövşən Hüseynova müqavimət göstərməkdə təqsirli bilinib. Amma polis əməkdaşı bu cəza ilə razılaşmır, onun həbsini tələb edir. Baş əməliyyat müvəkkili hesab edir ki, 5 il azadlığın məhdudlaşdırılması yüngül cəzadır.
Hadisə Gədəbəy rayonunun Çalburun kəndindəki qəbiristanlıq ərazisində baş verib. Həmin vaxt 49 yaşlı Namiq Tağıyev dəfn mərasimində iştirak edirmiş. Ona yaxınlaşan Rövşən Hüseynov müstəntiqin dindirmə ilə əlaqədar onu polis şöbəsinə çağırdığını bildirib və getməsini tələb edib. O, cavabında deyib ki, dəfn mərasimi başa çatan kimi şöbəyə gələcək. Cinayət işinin materiallarından aydın olur ki, Namiq Tağıyevin haqqında tutma qərarı olmadığına baxmayaraq, polis onun qolunu qandallayıb və zorla maşına mindirib. Bu zaman Namiq Tağıyev bir əli ilə yerdən götürdüyü daşı polisin əlinə və qandala vurub, həmçinin ayağı ilə əməliyyat müvəkkilini təpikləyib. Bu hərəkətinə görə də onun barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsilə cinayət işi başlanıb.
Gədəbəy Rayon Məhkəməsinin hökmüylə onun haqqında 5 il azadlığın məhdudlaşdırılması hökmü çıxarılıb. Həm təqsirləndirilən Namiq Tağıyev, həm də zərərçəkmiş Rövşən Hüseynov hökmdən şikayət verib.
Təqsirləndirilən şəxs bildirib ki, hökm ədalətsizdir. Baş vermiş hadisədə onun heç bir təqsiri olmayıb, polis əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə edib:
“Polis hansı əsasla qoluma qandal vurub?”
Namiq Tağıyev vurğulayıb ki, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində yaralanıb, əlildir. Məhkəmədən xahiş edib ki, ona bəraət verilsin.
Rövşən Hüseynov isə azadlığın məhdudlaşdırılması cəzasının həbslə əvəzlənməsini istəyib.
Gəncə Apelyasiya Məhkəməsi isə bugünlərdə hökmü dəyişmədən qüvvədə saxlayıb.