”Gecə bütün tağımın əsgərlərini sıraya düzüb döydülər”

Bu hərbi hissədə ehtiyatsızlıqdan komandirə toxunmağın cavabı şillə-təpik olurmuş…

Source:
Tabdıq Babaşov
Tabdıq Babaşov
Tabdıq Babaşov
Tabdıq Babaşov


Bu hərbi hissədə ehtiyatsızlıqdan komandirə toxunmağın cavabı şillə-təpik olurmuş…

BDU-nun tarix fakültəsinin qırmızı diplomlu məzunu, evin yeganə oğlu olan Tapdıq Babaşovun Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki N saylı hərbi hissəsində müəmmalı ölümü, həmçinin bu hərbi hissədə əsgərlərə işgəncə verilməsilə bağlı məhkəməÿprosesi davam edir. Bakı Hərbi Məhkəməsində keçirilən bu prosesdə zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Zərərçəkmişlər sırasında isə mərhum Babaşovun anası Kifayət Süleymanova ilə yanaşı, hərbi hissədə döyülən, təhqir olunan 50 nəfər əsgər də var.

Zərərçəkmiş əsgərlərin bir qismi ötən məhkəmə iclaslarında dindirilib. Dünən daha on üç zərərçəkmiş əsgər dindirilib və onlar təqsirləndirilən üç nəfər – Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev tərəfindən hansı şəraitdə döyüldüklərini danışıblar. Adları çəkilən təqsirləndirilən şəxslərin üçü də manqa komandiri olub.

Məsələn, əsgərlərdən Qüdrət Cəfərov, Çingiz Musayev ifadələrində bildiriblər ki, dəhlizdə gedəndə ehtiyatsızlıqdan manqa komandirinin qoluna toxunduqlarını görə döyülüblər. Qüdrət Cəfərov onu da qeyd edib ki, günlərin birində axşam “yat” əmrindən sonra əsgərlərdən bəziləri öz aralarında söhöət etdiyinə görə bütün tağımı ayağa qaldırıb sıraya düzərək, hamını vurublar. Ifadə verən digər əsgərlər də bunu təsdiqləyiblər.

Əsgərlər Nurlan Əsədov, Etibar Məmmədov, Cavid Rəhimov manqa komandiri Cəmil Ağayevin onları döşəməyə üzü üstə uzadıb, kürəklərində çəkmə ilə gəzməsindən danışıb.

Cəmil Ağayev onların dediyi ilə razılaşmayıb: “Nə oldu, keçən məhkəmədə o birilər deyirdi ki, kürəyimizdə başmaqla gəzirdi, bunlar deyir ki, ”botinka” ilə. Bu, bunların ifadələri deyil, müstəntiqin ifadələridir. Olmayan şeyləri də götürüb yazıb…”

Dindirilən zərərçəkmişlərdən Orxan Süleymanlının mərhum Tapdıq Babaşovla münasibəti yaxın olub: “O, tarix fakültəsini bitirmişdi, mənim də tarixə marağım vardı. Daha çox bu mövzuda söhbət edirdik. Inanmazdım ki, intihar edə…”

Məhkəmədə dindirmə zamanı məlum olub ki, əsgərlərin bəziləri heç oxuyub-yazmağı bacarmır. Əsgərlərdən biri məhkəmədən dindirmədən əvvəl oxunmalı olan andın mətnini oxuya bilməyib. Bildirib ki, üzündən oxumağı bacarmır.

Onu da qeyd edək ki, ifadə verənlər əsgərlər döyüldükləri epizodlar barədə danışsalar da, ifadələrinin sonunda təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını bildirirdilər.

Məhkəmə prosesi aprelin 4-də davam edəcək.

Xatırladaq ki, Tapdıq Babaşov ötən il mayın 22-də hərbi hissədə dünyasını dəyişib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun anası Kifayət Süleymanova və digər qohumları buna inanmır. Onlar əsgərin qətlə yetirildiyini düşünür.

Bu iş üzrə təqsirləndirilən keçmiş manqa komandirlərinə qarşı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.

(azadliq.info)

Ana səhifəXəbərlər”Gecə bütün tağımın əsgərlərini sıraya düzüb döydülər”