Hikmət Hacızadə: ”Şirkətlər bu cür absurd nəticələrlə əslində həqiqəti göstərirlər”
“Gallup” beynəlxalq analitika şirkəti dünyanın ən xoşbəxt ölkələrinin adlarını açıqlayıb.
APA-nın verdiyi məlumata görə, siyahıda Azərbaycan 81 faizlə dördüncü yerdə qərarlaşıb.
Azərbaycan əhalisinin 33 faizi 2016-cı ilə ümidlərlə bağlı müsbət cavab verib. 19 faiz pessimist, 23 faiz neytral yanaşıb, 25 faiz isə sualı cavablandırmayıb.
Azərbaycan əhalisinin 36 faizi 2016-cı ildə yaxşı iqtisadi göstəricilər gözləyir. Sorğuda iştirak edənlərdən 21 faizi pessimist, 11 faiz neytral cavab verib. 32 faiz isə cavab vermək istəməyib.
Siyahıda birinci yerdə Kolumbiya göstərilib. İkinci və üçüncü yerləri isə Fici ilə Səudiyyə Ərəbistanı bölüşür. İraq vətəndaşları isə özlərini dünyada ən az xoşbəxt hesab edənlərdir.
“Gallup”un sayca 39-cu olan hesabatı üçün dünyanın 68 ölkəsində sorğu keçirib. Sorğu 66 min nəfər arasında aparılıb.
“Gallup”un sorğusunu Meydan TV-yə şərh edən siyasi şərhçi Hikmət Hacızadə bildirib ki, nəticələrin bu məzmunda ortaya çıxmasını metodika çatışmazlığında axtarmaq lazımdır: “Sorğu metodu qüsurlu olduğundan bu cür nəticələr alınmalıydı. Problem ondadır ki, ən bədbəxt ölkələrdə insanlar vəziyyətin bərbad olduğunu etiraf etmirlər. Diktatura və mafiyanın hakimiyyətdə olduğu ölkələrdə isə bu cür sorğularda heç zaman səmimi olmur. Amma sorğu şirkətləri azad ölkələrdə tərtib olunan metodikanı Kolumbiya və Azərbaycan kimi ölkələrdə də istifadə edirlər. Seçkilərdə də oxşar nəticə alınır, Avropadan sorğu firmasını çağırırlar və onlar standart metodlardan istifadə edirlər. Təsəvvür edin ki, sorğunu aparan gəlir bir ailəyə və şəxsiyyət vəsiqəsinin nömrəsini, iş yerini soruşandan sonra “kimə səs verəcəksən” sualını verir. Əlbəttə ki, adam qorxusundan prezidentə səs verəcəyini söyləyir. Bu vəziyyət böyük elmi təhqiqat probleminə çevrilib. Şirkətlər bu cür absurd nəticələrlə əslində həqiqəti göstərirlər. Belə nəticələrə baxanda oxucu vəziyyətin əksinə olduğunu anlayır”.
Hikmət Hacızadə hesab edir ki, Azərbaycan kimi ölkələrdə standart sorğu metodları işləmir: “Vətəndaşın həqiqi vəziyyətini öyrənmək müçün müxtəlif suallar qoyulmalı, sual vermənin yolları da fərqlənməlidir. Məsələn, evə getməmək, küçədə soruşmaq, insanların qorxmaması üçün sorğunu daha çox xanımlar aparmalıdır”.