Aprelin 1-də Xətai rayon Məhkəməsində keçirilən prosesdə “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.
H.Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq…) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir.
Həmin maddələrlə şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
Hacı Vəliyevin ittihamlara münasibəti məlum deyil.
Daxili İşlər Nazirliyindən onun saxlanılmasını təsdiqləyiblər
“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə martın 31-də gecə saatlarında baş verib.

Daxili İşlər Nazirliyindən onun saxlanılmasını təsdiqləyiblər. Nazirliyin məlumatına görə, Hacı Vəliyev barəsində bundan əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə açılmış cinayət işi ilə bağlı saxlanılıb.
“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb.
H.Vəliyev mediada və sosial mediada şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb.