Milli Məclis dekabrın 9-da “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Sənədə əsasən, gələn il üçün büdcənin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat səviyyəsində proqnozlaşdırılır.
Gəlir və xərclərdə müvafiq olaraq 0,66 % və 0,71 % artım planlaşdırılıb, bu isə son illərdə qeydə alınan ən aşağı səviyyədir.
2025-ci ilin büdcəsində neftin orta qiyməti bir barel üçün 70 dollar götürülmüşdüsə, 2026-cı ildə bu göstərici 65 dollar olaraq müəyyənləşdirilib. Sənəddə bu endirim əsasən vergi daxilolmalarının artımı ilə kompensasiya olunacaq.
Büdcədə diqqət çəkən digər məqam isə icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasıdır. 2026-cı ildə bu fonda 900 milyon manat ayrılması planlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 36,5 % azalma deməkdir. Yeni qanunvericiliyə əsasən, qeyri-rəsmi işləyən şəxslərin, yəni rəsmi qeydiyyatda olmayanların tibbi sığorta xərclərini dövlət qarşılamayacaq.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, əvvəlki illərdə büdcə gəlirləri ən az 2–3%, bəzən isə 5% olurdu.

“Xərclərdə müəyyən artım var, amma gəlirlər zəif artdığı üçün büdcə kəsiri də artır. Bu il kəsirin təxminən 3,5 milyard manat olması gözlənilir ki, bu da indiyədək müşahidə olunan ən yüksək göstəricilərdən biridir. Əvvəllər kəsir 2–2,5 milyard manat civarında idi. Bu isə göstərir ki, ölkənin gəlir toplama sistemində ciddi struktur problemlər mövcuddur”.
İqtisadçı deyir ki, gəlirlər azalanda, büdcə xərclərini artırmaq çətinləşir. Onun sözlərinə görə, büdcəni artırmaq üçün ənənəvi yol Dövlət Neft Fondundan böyük məbləğlər çəkməkdir, amma hökumət bu yola əl atmır. Hökumət fondda olan valyutaya qənaət etmək istəyir, çünki ölkəni gələcəkdə daha ciddi maliyyə problemləri gözləyə bilər.
Gələn ildən vergi, gömrük rüsumları və cərimələr artırılacaq. İqtisadçı isə bildirir ki, büdcə kəsirini bu yolla doldurmaq düzgün deyil:
“Vergi, gömrük rüsumları, cərimlər artdıqca, insanların maliyyə yükü də artır. Bununla da iqtisadi artım tempinə daha böyük ziyan vurulur. Azərbaycan hökuməti insanların vergi yükünün artırılması yolu ilə büdcədə olan problemləri həll etməyə çalışır. Bu, yanlış yoldur”.
Natiq Cəfərlinin fikrincə, gələn il Azərbaycan iqtisadiyyatında bu yanlış yolun təzahürlərini – infilyasiyanı, qiymət artımlarını, işsizliklə bağlı problemləri daha bariz şəkildə görmək mümkün olacaq.