Gələcək nəsil nələrdən keçdiyimizdən nəticə çıxarsın

Şəmşad Ağa

Foto: Meydan TV

“Ölkənin altından tunel qazıb xaricdən pul qaçırmışam”

“Meydan TV işi” çərçivəsində həbs edilən arqument.az saytının baş redaktoru Şəmşad Ağa 1 saylı İstintaq Təcridxanasından yazır:

Ahmet Kaya ilə başlanan və bitən yol…

Kürdəxanı Təcridxanasına Ahmetin “Şu dağlarda kar olsaydım” mahnısı ilə başladığım yol uzun və incə idi. Saat baxımından o qədər də uzun olmayan bu incə yol zaman baxımından bir qərinə kimi gəldi. Arada “voronak”dakı polislərin replikalarını çıxsaq, demək olar, bir kitablıq düşündüm: həbsdəki dostları, ölkəni, vətənin, insanın düşdüyü çıxılmaz labirint və bu uğurda ölənlərin, həyatı şikəst olanların keçdiyi məşəqqətli yolu. Sanki, NKVD-nin xırıltılı və fit çalan qatarında “Solovki” düşərgəsinə- uzaq Sibirə aparılırdım.

Bütün bu hekayətləri ona görə yazmıram ki, mən qəhrəman idim və ya hansısa əməlimə görə peşman olmuşdum.

İstəyirəm tarix və gələcək nəsil bu günlərdə nələrdən keçdiyimizi oxusun, nəticə çıxarsın.

Yenə Şahnazı düşündüm və polisdən onun hara aparıldığını soruşdum.

-Bilmirəm – dedi.

– Nəyindir ki? – deyə soruşdu.

– Bacımdır – dedim.

– Nə? Ə, sizə lazım idi bacı-qardaş tutulmaq?

– Yox, bizə lazım deyildi, amma sizə lazım idi.

Susduq.

Kürdəxanıya çatanda hava axşamçağına doğru gedirdi. Ümumiyyətlə, Bakının Kürdəxanı kəndində ilk dəfə olurdum, o da həbsxanasında…

Təhvil-təslimdən sonra karantinə göndərildim. İnsafən ilk dəfə olduğum təcridxanada hansısa kobud davranışla qarşılaşmadım. Hətta biri “Şeirlərini oxumuşam”, – dedi. Bu qədər gərginlik və yorğunluqdan sonra bu söz ruhumu oxşadı, mənəvi rahatladım.

Karantinə otağa girəndə yanımda daha bir məhbus vardı. Nəyə görə həbs olunduğunu soruşdum. Məlum oldu ki, sevdiyi qadın çox mənasız bir söhbət üstündə tutdurub onu. “Sən eşq məhbususan”, – dedim. Dedi: “Bəs sənin günahın nədir?”. Dedim – ağırdı, ölkənin altından tunel qazıb xaricdən pul qaçırmışam.

-Bəs necə bildilər?

-Metro çəkəndə bizim tunelə çıxdı.

-Niyə normal yolla gətirmədin?

-Çünki, ölkədən çıxışıma qadağa qoyulub.

Nəsə anlamadı. Başını atıb yatdı. Mən də bir az gəzişib yerimdə uzandım. Başımın üstündəki nəfəsliyi (fortuçka) açmaq istədim, açılmadı. 3-4 dəqiqə sonra hansısa otaqda Ahmet Kayanın “Şəfəq türküsü”nün səsi gəldi.

“Penceresiz kaldım, anne”.

Başımı atıb yatdım.

Ana səhifəMeydan TV işiGələcək nəsil nələrdən keçdiyimizdən nəticə çıxarsın