“Azərbaycanlıların qırmızı mərmər başdaşılarından Samvel Babayan üçün pilləkən yığırdılar”
Azərbaycanlı əsirlərə işgəncə verməkdə ittiham olunan Ermənistan vətəndaşları -1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan və 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyanın Bakıda məhkəməsi davam edir. Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyilə baxılır. Məhkəmə prosesi isə Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Bu məhkəmə prosesinə də yalnız dövlət orqanlarının müəyyənləşdirdiyi xüsusi siyahıda adı olan media orqanlarının əməkdaşları buraxılır.
Meydan TV-nin əldə etdiyi məlumata görə, iyunun 23-də keçirilən məhkəmə iclasında əvvəl zərərçəkmişlər dindirilib, daha sonra təqsirləndirilən Alyoşa Xosrovyan ifadə verib.
Zərərçəkən Elşən İslamov ifadəsində danışıb ki, 1997-ci ildə əsir düşüb. Onu Şuşa həbsxanasına aparıb kəmərlə döyüblər. Həmin vaxt qış olub, çöldə qarın üstünə atıblar. Bununla da kifayətlənməyiblər, üstünə benzin tökərək, yandırmaq istəyiblər: “Üstümə benzin tökdülər. Məni yandırmağa hazırlaşırdılar. Xəbər gəldi ki, məni aparırlar, yandırmasınlar. Buna görə hirsləndilər. Məni maşının yük yerinə mindirdilər, qabağıma da yemək qoydular, yemək istəyəndə isə döyürdülər. Yenə Şuşa türməsinə gətirdilər. Şuşa türməsində azərbaycanlı əsirlər çox idi. Birinin gözünü çıxarmışdılar. Təsəvvür edin, betonun üstünə su tökürdülər, biz də orada yatırdıq. Beynəlxalq Qırmızı Xaç Komitəsindən nümayəndə gəlmişdi, o, bizim vəziyyətimizi gördü. Tapşırıq verəndən sonra bizə yatmağa yorğan-döşək verdilər. Gedən kimi də yorğan-döşəyi aldılar”.
Elşən İslamovun sözlərinə görə, onu Şuşa həbsxanasından dağa aparıblar. Həmin vaxt sevinib ki, onu güllələyəcəklər, işgəncələrdən canı qurtaracaq: “Dedilər ki, “arxaya dön”. Çevriləndə gördüm ki, bizim postumuzdu. Həmin vaxt bizim posta tərəf güllə atdılar ki, bizimkilər də atsınlar, mənə dəysin. Amma bizimkilər məni vurmadılar”.
Elşən İslamovun sözlərinə görə, ağzındakı qızıl dişləri kəlbətinlə çıxarıblar: “Məni bir otağa saldılar, Mkrtiçyan ora gəlib mənimlə söhbət elədi. Təklif elədi ki, ad-soyadımı dəyişim, vətəndaşlıq versinlər, şərait yaratsınlar. Razılaşmadım. Yenidən amansız işgəncələr başladı”.
Zərərçəkmiş digər təqsirləndirilən Alyoşa Xosrovyanı isə tanımadığını söyləyib.
Başqa bir zərərçəkmiş Elman Hacıyev ifadəsində danışıb ki, 1992-ci ildə müharibəyə könüllü gedib. 1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb, elə həmin vaxt da əsir götürülüb. O qədər döyülüb ki, huşunu itirib, ayılanda isə əlləri bağlı, boynu zəncirli vəziyyətdə Ağdərə ərazisində olduğunu anlayıb. İki gün ona yeməyə ancaq kələm turşusu verildiyini deyən zərərçəkmişin sözlərinə görə, boynundakı zənciri də açmayıblar ki, qaçar. Onu Şuşa həbsxanasına aparıblar. İki ay orada saxlandıqdan sonra Xocavəndə aparılıb. Xocavənddə isə onu və digər əsirləri tikintidə işlədiblər: “Mkrtiçyanı da orada tanımışam. Orada ferma vardı, gecə heyvanlar üçün yem gəlirdi, biz də boşaldırdıq. Mkrtiçyan bir neçə nəfərlə sərxoş vəziyyətdə, əllərində avtomat gəlib bizi döyürdü. Məni döyəndə burnum sınmışdı. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə Şuşa türməsinə apardılar”.
Zərərçəkmişin sözlərinə görə, o, əsirlikdə olduğu dövrdə Azərbaycanın işğal olunmuş ərazilərində tikintidə, qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş müdafiə naziri Samvel Babayanın qardaşının evinin tikintisində fəhləlik edib: “Füzuli və Ağdam rayonlarında evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. O rayonlardakı evləri, tikililəri söküb gətirənlər də azərbaycanlı əsirlər olub. Xocavənddə 2 donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Hamısı Samvel Babayanın qardaşının idi”.
Elman Hacıyev deyir ki, Mkrtiçyan hər dəfə gəlib onu avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə yeməyə cəmi bir çörək verirdilər. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə də qorxudan gerçək vəziyyəti izah etmir, şikayətlənmirdilər. Çünki nümayəndələr getdikdən sonra işgəncəyə məruz qalacaqlarını bilirdilər.
Zərərçəkmiş azərbaycanlıların qəbir daşlarının sökülməsindən də danışıb. Onun sözlərinə görə, azərbaycanlıların mərmər başdaşılarının bir hissəsi Samvel Babayanın evində pilləkənlərin yığılması üçün istifadə olunurdu: “Samvel Babayan üçün 4 mərtəbəli villa tikilirdi, biz də orada fəhləlik edirdik. Ermənilər Azərbaycan qəbiristanlıqlarından qara mərmərləri çıxarırdılar. Bir hissəsini aparıb öz qəbiristanlıqlarında abidə düzəldirdilər. Qırmızı mərmərləri isə Samvel Babayanın villasında pilləkən düzəltmək üçün istifadə edirdilər”.
Elman Hacıyev dindirmənin sonunda vurğulayıb ki, o vaxt məruz qaldığı işgəncələrdən bu gün də əziyyət çəkir: “Dizlərim hələ də ağrıyır. Böyrəklərimə görə indinin özündə də müalicə alıram”.
1994-cü ildə Murovdağda əsir düşmüş Yaşar Abduləliyev də çox işgəncə gördüyünü bildirib. Onun sözlərinə görə, üç nəfər birlikdə əsir düşüblər: Eyvaz, Seymur və o. Amma sonradan onları ayırıblar: “Dedilər ki, Seymuru dindirəndə, işgəncə verəndə o, müqavimət göstərib, ermənilər onun üstünə benzin töküb yandırdılar. Onun yanmış meyitini mənə göstərdilər. Bizi ayağımızdan və başımızdan zəncirləmişdilər. Uzun müddət məni Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdur. 3 aydan sonra məni Şuşa həbsxanasına apardılar. Mən işgəncələrdən ölümcül vəziyyətdə idim”.
Zərərçəkmiş ağzından kəlbətinlə qızıl dişlərinin çıxarıldığını, tikanlı odun parçasıyla döyüldüyünü deyib: “Mkrtiçyan Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə verməyə görə xüsusi seçilirdi. Orada bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin “qəhrəmanlarındandır”.
Zərərçəkmiş Qərib Vəliyev bildirib ki, əsirlikdə olanda onlara bir gündə Ağdamdan 35 “Kamaz” mişar daşı sökdürüb, daşıtdırıblar.
Daha bir zərərçəkmiş Kamil Babayev 1994-cü ilin fevralında çovğun zamanı yolda azaraq, əsir düşüb. Onun sözlərinə görə, ağzındakı titan dişləri qızıl zənn edib, kəlbətinlə çıxarmağa çalışıblar. Bu zaman dişi sınıb. Ona əsir düşəndən üç ay sonra yuyunmaq üçün soyuq su veriblər: “Döyəndə burnumu da sındırdılar. Bunların hər ikisini (Mkrtiçyan və Xoşrovyanı nəzərdə tutur-red.) Şuşa türməsində tanımışam. Məni ikisi də döyüb – təpik, yumruq, armaturla… Xankəndidə ev tikintisinə fəhləlik eləmişəm”.
Zərərçəkmişlərin dindirməsi başa çatandan sonra təqsirləndirilən şəxslərin ifadələri başlayıb. Əvvəlcə Alyoşa Xosrovyan ifadə verib. O bildirib ki, yalnız Azərbaycan ərazisinə icazəsiz gəlməkdə özünü təqsirli bilir. Digər ittihamları isə qəbul etmir. Onun sözlərinə görə, zərərçəkmiş şəxslərin heç birini tanımır, onlara işgəncə də verməyib.
Alyoşa Xosrovyan deyir ki, indiyə qədər cəmi iki dəfə Qarabağda olub. Birinci dəfə 1996-cı ildə, ikinci dəfə isə 2020-ci ildə. 1986-cı ildə Sovet ordusunda xidmət etdiyini, 1996-cı ildə ilk dəfə tələbə yoldaşları ilə birlikdə Qarabağa getdiyini deyən Alyoşa Xosrovyan ikinci dəfə 2020-ci ilin oktyabrında ora getməsinin səbəbini belə izah edib: “Mən taksi sürücüsüyəm. Mənim zabit qonşum var, baş leytenantdır, Qafan briqadasında xidmət edirdi. O Cəbrayıldandır. O, məndən xahiş etmişdi ki, maşınını götürüb ona gətirim. Demişdi ki, buna görə mənə pul da verəcək. Mən də oktyabrın 3-də onun maşınını götürüb apardım. Maşında silah olduğunu bilməmişəm. Yolda bildim ki, maşında yeşikdə silah və yeməklər var. Qubadlıya çatanda onunla telefonla danışdım. Mənə dedi ki, hansı tərəfə gəlim. Mən bilirdim ki, Qarabağ ermənilərin işğalındadır. Qarabağın Azərbaycan torpağı olduğunu da bilirdim. Amma daha bilmirdim ki, niyə ora erməni ordusu nəzarət edir. Çünki bu, Ermənistan rəhbərliyinin siyasəti idi”.
Digər təqsirləndirilən Lüdvik Mkrtiçyanı Azərbaycanda tanıdığını deyən Alyoşa Xosrovyanın sözlərinə görə, o, Azərbaycan dilində bəzi sözləri bilsə də, tam danışa bilmir: “Rusiyada işləyəndə azərbaycanlılarla bir yerdə olmuşam, onlardan öyrənmişəm. Amma tam sərbəst danışa bilmirəm. Qafanda azərbaycanlı qonşularım olub – Arif, Ağayar. Onlar Azərbaycana köçdü, indi də Bakıda yaşayırlar. Qafanda münasibətimiz normal olub. 1988-ci ildə azərbaycanlı qonşularımız deportasiya ediləndə qonşuda erməni qadın onların əşyalarının küçəyə atdı. Biz isə ona mane olduq. Bizim Zəngilanda azərbaycanlı kirvəmiz olub, onların toylarında iştirak etmişik…”
Dindirmə iyunun 30-da keçiriləcək növbəti məhkəmə iclasında davam edəcək.