"Elnur Həşimovun isə hər iki ayağı amputasiya edilib"
İyulun 8-də Füzulidə minaya düşən iki nəfərdən biri – Nuru Nuriyev həyatını itirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, minaya düşən digər şəxs – Elnur Həşimovun isə hər iki ayağı amputasiya edilib.
“Polis əməkdaşları onu ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya aparıblar. Polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olublar", – deyə məlumatda bildirilir.
Faktla bağlı Füzuli rayon prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələr ilə cinayət işi başladıb.
İyulun 8-də Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Füzuli rayonunun işağaldan azad edilmiş kəndi Aşağı Əddürrəhmanlıda 2 nəfər rayon sakini minaya düşüb.
DİN bildirirdi ki, Nuru Nuriyev və Elnur Həşimov Aşağı Əbdürəhmanlıya nəzarət postlarından kənar, qanunsuz yollarla keçiblər. Nəticədə onlar piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar: “Minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev fevralda da işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib. Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub”.
Prezident İlham Əliyev sonuncu çıxışlarından birində müharibə başa çatdıqdan sonra 144 nəfər azərbaycanlının minaya düşdüyünü bildirmişdi. Əlavə etmişdi ki, onların arasında həlak olanlar da var, yaralananlar da.
İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.
Bir müddət öncə isə Azərbaycanda saxlanan Ermənistan hərbi qullquçularının bir qrupunun təhvil verilməsi əvvəzində Ağdam rayonu istiqamətində mina xəritlərinin rəsmi Bakıya təqdim edildiyi açıqlanmışdı.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı.
Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.
Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.
Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.