Futbolçuların pul davası

Klublar oyunçuların məvacibini ödəyə bilmir

Source:

Klublar oyunçuların məvacibini ödəyə bilmir

Azərbaycanın futbol klublarının maliyyə böhranında olduğu barədə bir neçə dəfə məlumat vermişik. Hətta iş o yerə çatıb ki, klublar futbolçuların məvaciblərini də verə bilmirlər. Artıq buna görə bir neçə Azərbaycan klubu cəzalanıb. “Neftçi” ilə Emil Mpenza arasındakı pul davası səngiməmiş, FİFA “Bakı”nı cəzalandırdı. Hazırda birinci dəstədə mübarizə aparan “zolaqlılar”ın Adnan Bərəkətə olan borcu ödəmədikləri üçün 6 xalı silindi. Daha sonra Dejan Brankoviçə olan borca görə də Hafiz Məmmədovun klubunun 3 xalı əlindən alındı.

Elə həmin ərəfədə daha bir oliqarx – “Nurgün Motors” Şirkətlər Qrupunun prezidenti Nuru Əliyevin komandası “Rəvan” da FİFA tərəfindən cəzalandı. “Rəvan” Artur Kotenkoya olan borcuna görə 6 xaldan məhrum edildi.

Ötən ilin yayında isə FİFA legionerlərə olan borcuna görə “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun sponsorluq etdiyi “Xəzər Lənkəran”ı cəzalandırmışdı. Cənub klubuna transfer qadağası tətbiq edilmiş və borcları ödəmək üçün vaxt verilmişdi. Borclar hələ də ödənilməyib. Bu ilin mart ayında isə Beynəlxalq Bankın sponsorluq etdiyi “İnter” FİFA-nın cəzası ilə üzləşib. Bu komanda da legionerlərə olan borca görə avrokuboklarda iştirakdan məhrum edilib.

Sadaladığımız faktlardan belə görüntü yarana bilər ki, Azərbaycan klubları ancaq legionerlərə “atırlar”, yerli futbolçuların isə pulu verilir. Əslində durum tamamilə fərqlidi. Məsələ burasındadır ki, legionerlər Azərbaycana gələrkən FİFA müqaviləsi bağlayırlar. Klublarla danışıqları legionerlərin agentləri aparır və peşəkar müqavilələr bağlanır. Əcnəbilər də məhz bu müqavilələr əsasında FİFA-ya üz tutub həm borclarını alırlar, həm də Azərbaycan klublarının cəzalanmasına nail olurlar.

Yerli futbolçuların isə əksəriyyətinin klublarla peşəkar müqaviləsi olmur. Onlar “kişi sözü” ilə oynayırlar. Bağladıqları müqavilədə isə aldıqları məvacib qədərindən dəfələrlə az göstərilir. Təbii ki, bu amil klubların vergidən yayınmasına hesablanıb. Futbolçu ilə klub arasında problem yarananda isə yerli oyunçu FİFA-ya üz tuta bilmir. Çünki əlində peşəkar müqavilə olmur. Peşəkar müqaviləsi olanların da qarşısını AFFA kəsir.

Yerli futbolçuların yaşadıqları problemlərin mahiyyətinə “Qəbələ”nin keçmiş futbolçu Ruslan Əmircanovun timsalında varmaq mümkündü. Klub futbolçuya olan 120 min dollar borcunu ödəmək istəmir. Əlində peşəkar müqaviləsi olan Əmircanov qaydalara uyğun olaraq, öncə AFFA-ya müraciət edib. Futbolçunun vəkili AFFA-nın baş katibi Elxan Məmmədov və qurumun hüquqşünası Rəmiş Malıyevlə görüşüb, bütün sənədləri onlara təqdim edib. AFFA rəhbərliyi sənədləri araşdırdıqdan sonra ədalətli qərar qəbul edəcəklərini bildirib.

Futbol kluarlarında gəzən söz-söhbətlərdə bildirilir ki, artıq AFFa bu məsələdə futbolçunun yox, “Qəbələ”-nin xeyrinə qərar verib. Amma qurumun məsələ ilə bağlı rəsmi açıqlaması hələ ki, yubanır. İddialara görə, AFFA bu qərarı digər yerli futbolçuların da analoji addım atmaması üçün verib. AFFA rəhbərliyi hesab edib ki, indiki çətiun durumda Ruslan Əmircanovun xeyrinə qərar verilsə, yerli futbolçular da kütləvi surətdə klublardan şikayət edəcəklər. Bu isə futbol təsərrüfatının tamamilə çökməsi demək olacaq.

Futbol təsərrüfatında gəzən söz-söhbətdə o da iddia olunur ki, AFFA-nın hüquqşünası Rəmiş Malıyev “Qəbələ”nin xeyrinə qərar verilməsi üçün bu klubdan “şirinlik” də alıb. İddialara görə, “Qəbələ” rəhbərliyi bu işdən qalib çıxmaq üçün AFFA-ya 20 min dollar göndərib.

Məsələnin ciddiliyini nəzərə alıb, tərəflərin də mövqeyini öyrəndik. “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı:

“Sanki kimsə yatıb, yuxu görüb, yuxusunu danışır. Bu iddianı heç şayiə də adlandırmaq olmaz. Şayiənin də gərək əsası olsun. Məsələn, cəbhədə döyüşlər getdiyi zaman hansısa kəndin alınması barədə xəbər yayılırsa, bunun əsası var. Yəni müharibə gedir. Ancaq bu söhbət necə yaranıb, mənə də qaranlıqdı”.

Ruslan Əmircanovun vəkili, “Futbolçulara Hüquqi Yardım Mərkəzi”nin icraçı direktoru Nazir Quliyev:

“Mən AFFA rəsmisinin belə iş tutacağına inanmıram. Belə hal baş verə bilməz. Biz AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüşük. O görüşdə Rəmiş Malıyev də iştirak edib. Elxan Məmmədov bu məsələnin ədalətli həll olunacağını bildirib. Eyni zamanda, bu məsələ ilə bağlı futbolçunun ailəsi ölkə prezidentinə və Mehriban xanıma müraciət edib və iş nəzarətdədir. Əgər futbolçunun hüquqlarını AFFA müdafiə etməsə, biz FİFA-ya müraciət edəcəyik. Təbii ki, onda da belə hal ölkə futbolunun imicinə zərbə vura bilər”.

AFFA-nın hüquqşünası Rəmiş Malıyev:

“Ruslan Əmircanov məsələsi ilə bağlı hələ ki, heç bir qərar qəbul olunmayıb. O ki qaldı digər məsələyə, bunu deyən insan yumuşaq desək, başından böyük səhv edib”.

Ana səhifəAnalitikaFutbolçuların pul davası