Futbol fan klubları: Tribunalar azadlıq yeridir

“Forza Neftçi” dövlət orqanları tərəfindən təzyiqə məruz qaldığını bildirir

Source:
Forza Neftçi
Forza Neftçi


“Forza Neftçi” dövlət orqanları tərəfindən təzyiqə məruz qaldığını bildirir

Azərbaycan çempionatında oynayan futbol komandalarının fan klubları dövlət orqanlarının təzyiqi ilə üzləşdiyini bəyan edən “Forza Neftçi” fan klubu ilə həmrəyliklərini nümayiş etdiriblər.

“Forza Neftçi” Azərbaycan çempionatının XIII turu çərçivəsində dekabrın 1-də baş tutan “Sabah”-“Neftçi” qarşılaşmasından sonra dövlət orqanları tərəfindən təzyiqə məruz qaldığını bildirib.

“Neftçi” klubunun 2:1 hesabı ilə qalib gəldiyi oyun zamanı baş hakim Rəhim Həsənovun qərarları klubun futbolçuları və azarkeşləri tərəfindən birmənalı qarşılanmırdı. Hakimlikdən narazı qalan “Neftçi” azarkeşləri ilə meydan sahibi olan “Sabah” klubunun azarkeşləri arasında müəyyən qarşıdurma da baş verib.

“Sabah” klubu 2017-ci ildə yaranıb. Azərbaycan çempionatının birinci divizionunda çıxış edən komanda 2017-2018-ci il mövsümündə 6-cı yeri tutub və reqlamentə görə “Premyer Liqa”da oynamamalı idi. Lakin Birinci divizionda həmin il birinci yer tutan Bakının “Xəzər” klubu AFFA tərəfindən müvafiq lisenziyanı ala bilməyib. “Xəzər”lə birlikdə eyni aqibəti divizionun 1-5 yerlərini tutan bütün komandalar yaşadıqlarından, 6-cı yeri tutan “Sabah” Premyer Liqada oynamaq şansı qazanıb.

Oyundan sonra “Sabah” klubu bəyanatla çıxış edərək, “Neftçi” azarkeşləri tərəfindən stadionda oturacaqların sındırıldığını, stadiona maddi ziyan vurulduğunu bəyan edib. Klubun rəsmi saytı olmadığından “Facebook” səhifəsində mətbuat katibi Elnur Həmidovun adından verilən bəyanatda bildirilib ki, rəqib komandanın azarkeşləri oyunboyu təhqiramiz ifadələrə yol verməklə yanaşı, qarşılaşmanın keçirildiyi “Əlincə Arena”ya (Masazır qəsəbəsində) maddi ziyan vurublar.

“Onlar “Sabah” klubunun, futbolçuların, baş məşqçinin, hakimlərin ünvanına təhqirlər yağdırıblar. Bu gün 150-yə yaxın oturacaq sındıran şəxslər azarkeş adına uyğun gəlməyən hərəkətlərlə yadda qalıblar. Belə hallar təkrarlansa, bu cür xoşagəlməz hallara yol verən azarkeşlərə qarşı müvafiq addımlar atılacaq, onların “Əlincə Arena”ya daxil olmasına qadağa qoyulacaq”, – bəyanatda deyilir.

Forza Neftçi
Forza Neftçi

Yeni yaranan və kifayət qədər azarkeş dəstəyi olmayan “Sabah” klubunun rəsmilərinin Azərbaycanın ilk futbol klubu olan “Neftçi” azarkeşlərini bundan sonra stadiona buraxmayacağı ilə bağlı bəyanatı futbol ictimaiyyəti arasında birmənalı qarşılanmasa da, “Neftçi” klubu cavab bəyanatında stadiona vurulan zərəri ödəməyə hazır olduğunu bildirdi.

Azərbaycan Premyer Liqası azarkeş problemi yaşayan çempionatlardan biridir. Stadionlar 8-12 min azarkeş tutumlu olsalar da, oyunlara orta hesabla 300-500 insan gəlir. Azərbaycan çempionatının hər hansı bir oyununda 1200-1500 azarkeş olduğu halda bu, həmin oyunun böyük maraq qazanması anlamına gəlir.

Adıçəkilən oyundan sonra Azərbaycan kuboku uğrunda yarışmanın ¼ finalında “Sumqayıt” klubu ilə oyunda “Forza Neftçi” fan klubunun üzvləri stadionda olmamaları müəyyən suallar yaratsa da, sonradan fan klub “Facebook” səhifəsi vasitəsilə bəyanat verərək, vəziyyətə aydınlıq gətirib. Bəyanatdan belə məlum olur ki, fan klubun rəhbərliyi el arasında “bandotdel” adlanan quruma çağırılıb.

“Tribunadan çəkilməyimizin səbəbi adımıza ləkə yaxılması istəyidir. Sübhan Əliyev (“Forza Neftçi”nin rəhbəri – müəllif) dövlət orqanlarına çağırılıb. Guya biz hansısa siyasi işlərə qarışmış, dövlət məmurunu təhqir etmiş, onu istefaya çağırmışıq, eləcə də “Sabah”la oyunda oturacaqları qırmışıq və s. Bizim ideologiyamız yalnız və yalnız “Neftçi”dir. Başqa məsələlər isə bizi maraqlandırmır. Ən azından tribunasından “Ultras no politica” banneri asan azarkeş qrupu necə ola bilər ki, siyasi işlərə qarışsın? Azərbaycanın ən köklü klubu “Neftçi”nin azarkeşi “bandotdel”ə çağırılmamalıdır. Bizim hər hansısa siyasi səhvimiz ola bilməz”.

Bəyanatda daha sonra bildirilib ki, üzvlərimizin, qardaşlarımızın təhlükəsizliyi naminə bir müddət tribunada olmayacağıq.

Forza Neftçi
Forza Neftçi

“Forza Neftçi”yə olan təzyiq stadionda bir-biri ilə mübarizə aparan və rəqabət atmosferi meydanda oynayan klubların rəqabətindən heç də geri qalmayan digər klubların da fan klublarının etirazına səbəb olub. Bir çox fan klub “Forza Neftçi”yə dəstək nümayiş etdirib və fan klubun “Facebook” səhifəsində yazdıqları şərhlərdə tribunaların azadlıq yerinin olduğunun və azarkeş emosiyasına görə dövlət orqanlarının təzyiqi ilə üzləşməsinin yolverilməz olduğunu bəyan edib.

“Forza Neftçi” ona göstərilən dəstəklə bağlı rəqib komandaların fan klublarına, o cümlədən “Qarabağ Ordu”ya , “İmarət Azarkeş Qrupu”na , “Milli Dəstə”yə , “Beşiktaş Azərbaycan”a , “The Capitals”a , “Kəpəz Ultras”a , “Sector 11-ə” minnətdarlıq edib.

Bir zamanlar Azərbaycan futbolunda özünəməxsus yeri olan, “Neftçi” klubu ilə barışmaz rəqib statusu alan və hazırda fəaliyyət göstərməyən “Xəzər Lənkəran” klubunun azarkeşləri də, keçmiş rəqiblərinin azarkeşlərinə qarşı dövlət orqanlarından olan təzyiqi pisləyiblər.

Hazırda Azərbaycan Premyer Liqasında çempionluq uğrunda “Neftçi” ilə birlikdə rəqabət aparan Ağdamın “Qarabağ” komandasının fan klublarından biri olan “İmarət Azarkeş Klubu” “Facebook”dakı səhifəsində yaranmış situasiya ilə bağlı yazıb:

“Son vaxtlar edilən təzyiqlər təkcə “Forza Neftçi”yə deyil, Azərbaycan tribunalarına qarşı ortaya qoyulan mövqedir. Bütün bu təzyiqləri qınayırıq”.

Meydan TV “Forza Neftçi”dən vəziyyətlə bağlı münasibət öyrənmək üçün “Facebook” səhifəsinə suallar ünvanlasa da, cavab ala bilmədiyindən, yazı üçün fan klubun sosial şəbəkələrdə açıq yayımlanan materiallarından istifadə edib.

Bir sıra futbol klublarının nümayəndələri jurnalistlərlə qeyri-rəsmi söhbətlərində oyunlar zamanı azarkeşlərə polis təzyiqinin olmasından futbol klublarının əziyyət çəkdiyini və stadionlara az tamaşaçının gəlməsinin səbəblərindən birinin də bunun olduğunu deyirlər. Vəziyyətdən çıxış yolu kimi onlar stadionlarda asayişin keşiyini polisin deyil, bütün dünyada olduğu kimi özəl mühafizə şirkətlərinin çəkməli olduğunu bildirirlər ki, bu da əlavə maliyyə tələb edir.

Ali futbol qurumları olan FİFA və UEFA dövlət orqanlarına futbolla bağlı proseslərə qarışmağı qəti qadağan edir və belə olan hallarda həmin ölkənin futbol federasiyasına sanksiyalar tətbiq edir.

Ana səhifəXəbərlərFutbol fan klubları: Tribunalar azadlıq yeridir