Futbol da bir dünyadır…

Rusiyada Putinin nüfuzu zirvələrdədir

Source:

Futbol üzrə builki dünya çempionatı nəhənglərin fiaskosu və ortababların, sürprizlərin triumfu, qələbə qazana bilmədikləri təqdirdə də layiqli mübarizəsi ilə yadda qaldı. Maraqlı mübarizə idi. Maraqlı olmağı həm də onda idi ki, dünyada gedən son prosesləri də əks etdirirdi sanki.

Türkiyə kimi müsəlman dünyasında vaxtilə yeganə demokratik nümunə olmuş nəhəng ölkə parlament respublikasından imtina edib səsvermə ilə diktaturanın qucağına yuvarlandı. ABŞ kimi nəhəng Trampa, Böyük Britaniya Brexit səfsətəsinə təslim oldu. Rusiyada Putinin nüfuzu zirvələrdədir. Hindistan – dünyanın ən böyük demokratiyası bir qrup rasist, faşist yığnağını hakimiyyətə gətirib.

Dünyanın bu istiqamət dəyişməyə cəhd edən qarışıq vaxtında liberal demokratiyaya sadiqliyi kimlər qoruyur? – Parlament respublikasına keçən Ermənistan, Gürcüstan, Yaxın Şərqin göbəyində gay-parad təşkil edən Livan və s. ifrat-sağın populist axmaqlığına təslim olan böyüklərdə də hazırda azlıq, zəif kimi görsənən qüvvələr mübarizə aparır, dünyanın istiqamətinin ziyanlı yönə getməsinə imkan verməməyə çalışırlar.

Çempionatda da zəiflərin nəhənglərlə mübarizədə öz taktikaları var idi. Bir qol vurub, hesabı dişləri-dırnaqları ilə qoruyurdular. Təbii, gözəl futbol adına, bu, heç də yaxşı bir şey deyil, zövq almaq çətin olur. Amma əsas alınası şey kubokdur, zövq yox.

Gürcüstanda əldə edilmiş parlament respublikası da Rusiya oliqarxından zülmlə qorunur. Ermənistanda isə avtoqol oldu. Sarkisyan özü parlament respublikasına keçdi, sonra Baş nazir olmaq istəyirdi. Qoymadılar. Avtoqolu xalqın qapısına vurulan qol kimi rəsmiləşdirməyə qoymadılar və elə Sarkisyanın öz qapısına sayıldı, uduzdu və ələndi.

Ermənilər küçələrdən yığışmadılar. Bəlkə biz bu xırda ölkələrin xırda xalqlarında gözəl fransız inqilabını, möhtəşəm ABŞ inqilablarını görmədik, İngiltərə kralının başının kəsilməsini görmədik, 43 illik Hollandiya-İspaniya mübarizəsini izləmədik, bir sözlə, bəlkə də gözəl oyun, ard-arda vurulan qollar görmədik, amma kubok Gürcüstan və Ermənistan vətəndaşlarında qaldı, diktatorlarda yox.

Kosta-Rika da vaxtilə belə eləmişdi. 2004-cü ildə İnter-Amerikan İnsan Hüquqları Məhkəməsi Herrera Ulloa işində dövləti təqsirkar bildi. Ulloa korrupsiya barədə yazan jurnalist idi və buna görə Kosta Rika məhkəməsi onu təqsirli bilmişdi. Beynəlxalq məhkəmənin qərarı Kosta Rikada insan hüquqlarının vurduğu qol idi və bu, hesaba alındı. Kosta Rika geri dönüş etdi. Hazırda bu ölkə ifadə azadlığının təmininə görə dünyada 6-cı, Amerikalarda isə 1-cidir.

Mən insan hüquqlarının mədəni, milli, etnik, dini və s. sərhəd tanımamasına Botsvananı misal çəkəndə adətən bu cavabı eşidirəm ki, onları Britaniya himayə edib. Amma bu, heç nəyi dəyişmir. Botsvananın 4 “hücumçusu” – tayfa başçıları Britaniyada “məşq keçmişdilər” sadəcə. Onlar Londonu, Mançesteri və s. şəhərləri gəzmiş, ingilis sistemini öyrənmiş və sonra bunu ölkələrində tətbiq etmişdilər. Bu hadisə 19-cu əsrdə baş verib. Botsvana hələ də demokratik idarə olunur. Korrupsiya ilə mübarizənin “Botsvana təcrübəsi” deyilən bir sahə var hətta. Setsvana xalqının bu 4 hücumçusu Afrikanın başdan-başa kölələşdirildiyi dövrdə elə driblinqlər etdilər ki, əldə etdikləri qələbə hesabını hələ də qoruya biliblər.

Təəssüf ki, Türkiyə kimi ölkədə insan hüquqları, demokratiya, liberalizm düşmənləri hesabda önə çıxıb və hər seçkidə də qolları ard-arda vururlar. Möhürsüz bülletenlərin tətbiqinə icazə veriləndə isə VAR sisteminin tətbiqindən imtina etmiş olublar. Ona görə də Türkiyədə oyun birtərəfli gedir, top hakimin əlindədir, hansı qapıya istəsə əli ilə daxil edib, qol sayır.

Amma dünyada gedən proses bu son çempionatdakı sistem üzrə gedir. Zəiflər çətinliklə qələbə çalır, bunu sona kimi yaşadırlar. Fransa milli komandasının mütləq əksəriyyətini təşkil edən gəlmələrin nəsilləri isə parlaq qələbələri ilə sübut etdilər ki, bütün insanlar bərabərdir, hamı demokratiyaya, insan hüquq və azadlıqlarının təmin olunduğu şəraitə layiqdir və belə şərait olduğu təqdirdə milliyətindən, etnik mənsubiyyətindən, dinindən, irqindən, cinsindən, oriyentasiyasından və s.-dən asılı olmayaraq, hər kəs yüksək nəticə göstərə bilir. Pis, yaxşı xalqlar yoxdur. Uğurlu və uğursuz sistemlər var, ədalətli və ədalətsiz oyun var. Amma VAR sisteminin tətbiqə başlaması ilə ədalətin möhtəşəm bərpalarına şahidlik etdiyimiz kimi, ayrı-ayrı ölkələrdə at oynadan ədalətsiz rejimlərin də çöküşünə birlikdə şahidlik edəcəyik.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəFutbol da bir dünyadır…