Mənbə: Meydan TV

Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb (Yenilənib)

Məqalə yeniləndi:  16 Oktyabr 2019

“Sosial şəbəkələrdə paylaşımlar əsasında araşdırma aparılıb”

Baş prokurorluqda AXCP-nin sabiq sədr müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi açılıb.

Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, buna səbəb Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlının və qızı Selcan Qəhrəmanlının sosial şəbəkələrdə ailələrində baş verən zorakılıqla bağlı paylaşımları olub.

Baş prokurorluq bildirib ki, bu paylaşımlar əsasında araşdırma aparılıb:

“Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci il tarixdə təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət edib və aşağı ətrafların rentgen müayinəsi keçirilib”.

Baş prokurorluq Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işinin başladığını elan edib. Bildirilib ki, hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilib.

Fuad Qəhrəmanlı Meydan TV-yə ona qarşı cinayət işinin açılmasını təsdiqləyib.

“Baş Prokurorluq mənə cinayət işi qaldırıb. İndi növbəti dəfə aydın oldumu ki, mənə qarşı aparılan kampaniyanın arxasında hansı qüvvələr və maraqlar dayanırmış. Uydurma ittihamlar əsasında məni linç edənlər indi anladılarmı ki, özləri də bilmədən hansı planın tərkib hissəsinə çevriliblər? Sadəcə mən qüruruma sığışdırıb haqsız ittihamlarla bağlı danısmadım və bundan da sonra da danışmayacağam. Ancaq biriləri hələ də susmur. Təəssüf. Mənim bu cinayət işinə verəcəyim bir cavab var: 19 oktyabrda meydanda görüşərik”, - Fuad Qəhrəmanlı deyib.

Hüquqşünas Səməd Rəhimli Meydan TV-yə xatırladıb ki, Cinayət Məcəlləsinin 133-cü maddəsi əzabvermədir və Azərbaycanda cinayətlər 3 qaydada təqib olunur.

“Birinci qrupa ictimai ittiham deyilir, məsələn, adam öldürmə, öldürülənin yiyəsi şikayət verməsə də, cinayət işi aparılır. İkinci xüsusi ittihamdır. Bu, o halda olur ki, böhtan və təhqir işlənir, zərərçəkən şikayət verməsə, cinayət işi açılmır. Yalnız zərərçəkən məhkəməyə iddia təqdim etsə, cinayət işi açıla bilər. Üçüncü qrupa ictimai xüsusi ittiham qaydasında cinayət təqibi deyilir. Burada cinayət işinin açılmasının iki qaydası var - birinci zərərçəkmiş şəxs şikayət verməlidir, yaxud da elə hallar olmalıdır ki, prokurorluq onlara istinad edib cinayət işi başlasın. Burada isə 5 hal göstərilibdir: - törədilən cinayət dövlətin və cəmiyyətin mənafeyinə toxunduqda; - hakimiyyət nümayəndəsi və dövlət orqanları tərəfindən törədildikdə və ya onlara qarşı törədildikdə; - hamilə vəziyyətdə olan qadın, qoca, köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; - hədə-qorxu və ya məcburiyyət adı altında törədildikdə; - cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə qarşı törədildikdə, ya da ona qarşı törədildikdə”. Onun sözlərinə görə, Baş Prokurorluq zərərçəkənin şikayəti olmadan bu 5 hala əsaslanıb cinayət işi başlaya bilər. Hüquqşünas qeyd edib ki, Fuad Qəhrəmanlının ittiham olunduğu Cinayət Məcəlləsinin 133-cü maddəsi əzabvermədir, bu isə Cinayət Prosesual Məcəlləsinin 37-ci maddəsinə əsasən ictimai xüsusi ittihama aiddir:

“İctimai xüsusi ittiham kimi cinayət işi iki halda başlana bilər - zərərçəkənin şikayəti və sadalanan 5 hal olmalıydı. Güman ki, prokurorluq ya cinayətin yaş həddinə çatmayan şəxsə qarşı baş verdiyini əsas götürüb, ya da hesab edib ki, cinayət dövlətin, cəmiyyətin mənafeyinə toxunub. Birinci halda söhbətin Selcan və Sənaydan getdiyi görünür. Azərbaycanda da cinayət məsuliyyətinə cəlbetməyə imkan verən yaş 14 və 16-dır. Cinayət 14 yaşdan yuxarı baş veribsə, bu əsasla aça bilməzlər. Yəqin ki, son əsas kimi qeyri-müəyyən müddəa var. Törədilən cinayət cəmiyyətin mənafeyinə toxunduqda, yaxud cinayət yaşına çatmayan şəxsə qarşı törədildiyi üçün zərərçəkənin şikayəti olmadan da cinayət işi aça bilərlər. Ancaq bir məsələ var, burada barışıq olduqda, xitam vermək olmur. Hal-hazırda görünən odur ki, Baş prokurorluq Cinayət Prosesual Məcəlləsinin 37-ci maddəsindən sui-istifadə edərək siyasi manipulyasiya etməyə çalışır, zərərçəkənin şikayəti olmadan cinayət işi açır”.

Bundan başqa Səməd Rəhimli əlavə edib ki, hüquqi olaraq Fuad Qəhrəmanlı barədə CM-nin 133-cü maddəsi ilə cinayət işi açıla bilməzdi.

“Çünki bu maddə əzabverməni (işgəncə) tənzimləyir. Bu maddədə olan mütəmadi sözü o mənaya gəlir ki, bu cür əzabvermə müəyyən gün (ardıcıl günlər) daxilidinə davamlılıqla baş versin. Zümrüd Yağmurun müsahibəsindən isə belə başa düşürük ki, Fuad Qəhrəmanlıya istinad edilən hərəkətlər ailə-məişət zəminində baş vermiş yayğın hallardır. Bu isə əzabvermənin cinayət tərkibini yaratmır. Bu, CM-nin 127 və 128-ci maddələrindəki (sağlamlığa az ağır və yüngal zərər vurma) cinayət tərkiblərini yaradır. İstinad edilən hallar 2010-2013-cü illər aralığında baş verdiyinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri də ötüb (birinci az ağır, daha sonra yüngül zərərvurma üçün). Ona görə də prokurorluq hətta CPM-in 37.5-ci maddəsinə istinad edərək öz təşəbbüsü ilə cinayət işi başlamaq istəsə belə, müddətlər ötdüyünə görə cinayət işinin başlanılması üçün hüquqi əsaslar mövcud deyil”.

2019-cu ilin sentyabrında Selcan Yağmur atası Fuad Qəhrəmanlının ona və ailəsinin digər üzvlərinə qarşı zor işlətməsi barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib. Selcan Yağmur bununla bağlı atasından imtina etdiyini bildirib.

Mətbuatda və sosial şəbəkələrdə məsələ geniş müzakirə olunduqdan sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Oktyabrın 1-də Baş prokuror Zakir Qaralov jurnalistlərlə söhbətində qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra qeyri-hökumət təşkilatlarından Fuad Qəhrəmanlıya qarşı cinayət işinin başlanması ilə bağlı müraciət aldıqlarını bildirib. Buna cavab olaraq Zümrüd Qəhrəmanlı Baş prokuror və QHT-lərin oyunbazlığa son qoymalarını tələb edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  16 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0tmhv2

Ən çox baxılan