Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın qərarını qüvvədə saxladı
Martın 7-də Bakı Apelyasiya Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının Nəsimi rayon Məhkəməsinin iki qərarından verdiyi apellyasiya şikayətlərinə baxılıb.
Fuad Qəhrəmanlının girov müqabilində azadlığa buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət olunsa da, martın 4-də məhkəmə müraciəti təmin etməmişdi.
Həmin gün həmçinin Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti başa çatdığı üçün istintaq orqanının verdiyi vəsatət əsasında Nəsimi rayon Məhkəməsi onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay artırıb. Hər iki qərardan narazı qalan Fuad Qəhrəmanlı Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.
“Trend”-in məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Fuad Qəhrəmanlının girov müqabilində azadlığa buraxılmaması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən şikayət təmin edilməyib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə isə Fuad Qəhrəmanlının həbs müddətinin uzadılması istintaq hərəkətləri ilə əlaqələndirilib və həmin şikayət də rədd edilib.
Fuad Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması – zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Fuad Qəhrəmanlı isə bu ittihamlarla razılaşmır. O, həbsini sosial şəbəkələrdə səsləndirdiyi tənqidi fikirləri ilə əlaqələndirir