Fuad Qəhrəmanlı: Sizin əməlləriniz bu dövlət üçün təhlükədir

Məhkəmə hökmü qeyri-müəyyən vaxta saxlayıb

Source:




Məhkəmə hökmü qeyri-müəyyən vaxta saxlayıb

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə və digərlərinin məhkəməsi davam edib.


“Artıq xalq oyanış mərhələsindədir”

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son sözlə çıxış edib. O bildirib ki, bu gün narkotik, terrorla ittiham olunan şəxslərlə bir gün gələcək insanlar qürür duyacaq. Çünki həmin şəxslərin sayəsində bu hakimiyyət ifşa olunur:

“Bizi tək buraxmayan, dəstək olanlara təşəkkür edirəm. Mən ona görə buradayam ki, nardaranlıları müdafiə etmişəm. Vəkillərimizə, səfirlik nümayəndələrinə təşəkkür edirəm. Əli Kərimliyə, Cəmil Həsənliyə təşəkkür edirəm ki, onların sayəsində hakimiyyətin planları baş tutmadı. Jurnalistlərə təşəkkür edirəm ki, bizim haqq səsimizi çatdırırlar. Biz ideyalarımıza, dəyərlərimizə görə buradayıq. Biz ölkədə özbaşınalığa, korrupsiyanın dövlət siyasətinə qarşı çıxdığımız üçün buradayıq. İlham Əliyev hakimiyyəti korrupsiya tiraniyası yaratmaqla fərqli düşüncələri özünə təhlükə görür. Bu gün hakimiyyət antixalq siyasəti aparır. Hakimiyyət görür ki, danışan dillər var və insanlar qəflət yuxusundan oyanıb. Bizi həbs etməklə cəmiyyətdə qorxu yaratmaq istəyirdilər, lakin bu alınmadı. Bu, mənim üçüncü məhkumluğumdu. Narkoman getdikcə narkotikin miqdarın artırdığı kimi bunlar da cəzanın miqdarın artırırlar. Hakimiyyətin planları, qorxu yaratmaq istəyi isə əks effekt yaratdı. Artıq xalq oyanış mərhələsindədir. Hakimiyyət heç nəyə nail olmadı. Sadəcə gücdən istifadə edib cəza verməyə hazırlaşırlar. Azərbaycan xalqının gələcəyi üçün biz canımızdan keçməyə hazırıq. Bunların düşüncələri kral düşüncəsidir. Biz dövlətə qarşı çıxa bilmərik, çünki dövləti biz qurmuşuq. O, bizim üçün əsasdır. Hər şeydən əvvəl sizin əməlləriniz bu dövlət üçün təhlükədir”.


“Hesab vermək vaxtınız çatıb”

Fuad Qəhrəmanlı çıxışında dövlət büdcəsinin talanmasından da danışıb:

“Bu, həm də dövlətə etimadı azaldır. Sizin korrupsiya əməlləriniz dövləti sarsıdır. Azərbaycanın nüfuzunu məhv etmisiniz. Harda çirkin əməl var Azərbaycana şamil olunur. Ölkədə hüquq adına heç nə qalmayıb. Məhkəmələr alverxanadır. Qanuna etimad itəndən sonra hansı hüquqdan danışmaq olar? Analoqsuz iqtisadi inkişafdan danışırsınız, ancaq gəlirlər iki dəfə azalıb. İlham Əliyev deyir ki, bəlkə yavaşlayaq? Gör nə qədər inkişaf etmişik ki, hələ bir az da yavaşlayaq? Əl qoymadığınız sahə yoxdu. Artıq hesab vermək vaxtınız çatıb. Bu gün Azərbaycan kartofun 60 faizini Rusiyadan ixrac edir. Bu hakimiyyət xalqı heç kartofla təmin etmək iqtidarında deyil”.

Hakim ondan mahiyyəti üzrə ifadə verrməyi tələb edib. F. Qəhrəmanlı ona “İlham Əliyev yumurtadan danışanda olur, mən kartofdan danışanda olmur?”-deyib.


“Əməliyyat qeyri-peşəkar qurulub”

Daha sonra F. Qəhrəmanlı çıxışında davam edib:

“23 ildə bir balaca təpə alıblar. Xalqa da minnət qoyurlar. Lələtəpəni alandan sonra əməliyyatı Əli Kərimlinin evində davam etdirdilər. Moskvanın dediyi ilə oturub dururlar. Dedilər, Qarabağda əməliyyatı dayandır, dayandırdılar. Ölkədə təhsili məhv ediblər. Səhiyyə bərbad gündədir. Hər il nə qədər adam İrana müalicəyə gedir. Pulu olmayan İrana, pulu olub Avropanı bəyənməyənlər isə Avropaya gedirlər. Bu xalq sizə nə edib ki, belə zülm edirsiniz? Hər gün nə qədər insan sosial problemlərdən intihar edir. Bu kimin siyasətinin nəticəsidir? Dövlət məsuliyyət daşıyır. Biz ölkədəki özbaşınalığa yox dediyimiz üçün ittiham olunuruq. Hökumət yaxşı başa düşür ki, sabah insanların qarşısında dura bilməyəcək. Demokratik ölkədə dini azadlıq olur. Taleh Bağırzadə mövqeyni göstərdiyi üçün həbs edildi. Əməliyyat qeyri-peşəkarlıqla qurulub. Bu adamlarda silah olmayıb. Harda görünüb ki,silah götürəsən, amma üstündə barmaq izi olmasın? Dinc insanlara qarşı terror həyata keçirildi. Sonra da multikulturalizmdən danışırlar. Korrupsiya ilə ölkəni çökdürürsünüz. Biz ideya əsgərləriyik, ona xidmət edirik. Biz bunun üçün yaşayırıq. Əsas odur ideyalar qalib gəlsin. Mən qanımı halal edirəm. Bacarırsınızsa, içəridə öldürün məni. Yetər ki, xalq rifahına qovuşsun”.


“İşgəncələrə görə özümə qəsd etmişəm”

Daha sonra digər təqsirləndirilən Abbas Quliyev son söz deyib. İşgəncələrdən danışan A. Quliyev bildirib ki, vəsatətlər təmin edilməyib:

“Biz günahsız yerə həbsdə yatırıq. İşgəncələrə görə dəfələrlə özümə qəsd etmişəm. Mənə də ömürlük verin. Həbsdən çıxandan sonra yenə də mənə qarşı haqsızlıq ediləcək”.

Bundan sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Ana səhifəXəbərlərFuad Qəhrəmanlı: Sizin əməlləriniz bu dövlət üçün təhlükədir