”Demədiyim, yazmadığım sözləri mənim adımdan yazıblar”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə həbs olunan şəxslərin məhkəmə prosesi keçirilib
Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədr müavini Fuad Qəhrəmanlı, eləcə də “Nardaran işi” üzrə həbs olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.
Meydan Tv-nin məlumatına görə, təqsirləndirilən Abbas Quliyev ifadəsində hadisə baş verən evin sahibinin qohumu olduğunu deyib: “Mən həmin evin sahibi Əbülfəzin anasına şəkər dərmanı aparmışdım. Həmin qadın dedi ki, gəl, bir stəkan çay iç gedərsən. Biz oturanda atəş səsləri eşitdik. Qadın bayıra çıxanda mən də onunla çıxdım ki, yıxılmasın. Bu zaman məni tutdular və 3 güllə vurdular. Digər polis məni vurana dedi ki, “Niyə bunu vurdun?” O da cavab verdi ki, “Deyərik polisə müqavimət göstərib”. Mən bu haqsızlığa etiraz olaraq 2 dəfə özümü asıb öldürmək istəmişəm, bütün qollarımı doğramışam. Onlara da deyirdim ki, Mehriban xanıma yazacam. Soruşdular ki, Mehriban xanım kimdir? Dedim Azərbaycanın birinci xanımı. Cavab verdilər ki, o, Azərbaycanın axırıncı xanımıdır”.
Bu zaman hakim Ə. Abbasov bildirib ki, A.Quliyev yazılı şikayət verə bilərdi: “Onlar nə deyiblərsə özləri bilər. Niyə qulaq asırdın, götürüb yazardın”.
A.Quliyev istintaq zamanı polislər tərəfindən işgəncəyə məruz qaldığını deyib: “Polislər Şahlar Cəfərov, İslam mənə işgəncə verirdilər. Birinci dəfə özümü asandan sonra müstəntiqə ifadə verirdim. Müstəntiq “Sən erməni deyilsən, günahsızsan” dedi və mənim işimə baxmaqdan imtina etdi. Dedi ki, onun da balası var. Sonra işimi verdilər müstəntiq İsmayıl Əliyevə. Ona dedim ki, danışdıqlarımın hamısını yaz. Dedi ki, hamısını yazsam bəraət alarsan. 21 günün içində “Bandotdel”də yüz dəfə işgəncə verdilər. Deyirdilər ki, dövlət çevrilişi etmək istəmişən. Mənim 21 yaşım var. Dövlət qurmamışam ki, çevirəm də. Başıma o qədər vurdular ki, danışığımda da qüsur yarandı. Polislər gəlib müstəntiqə dedilər ki, biz bunu tutmuşuq, sən də araşdır, günahı yoxdursa burax, camaatın uşağını bədbəxt etmə”.
A.Quliyev məhkəmə iclasında deyib ki, onunla bağlı ədalətsiz qərar verilsə, o, özünü öldürəcək”.
Təqsirləndirilən İbrahim Xudaverdiyev isə ifadəsinə “Nardaranlılar vətənpərvərdirlər” deyərək başlayıb: “Nardaranlıları vətən xaini adlandırmağın özü vətənə xəyanətdir. Nardarandan 2003-cü ilin heyfini çıxırlar. Hacı Taleh bəhanədir”.
İclasda ifadə verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da ittihamlarla razılaşmadığını deyib. O, bildirib ki, Taleh Bağırovla şəxsi tanışlığı olmayıb. Nardaranda baş verən hadisələrə etiraz əlaməti olaraq sosial şəbəkədə yazı yazıb. F. Qəhrəmanlı yazmadığı ifadələrin onun adına yazıldığını, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. O, bildirib ki, insanları düşüncəsinə görə həbs etmək olmaz.
AXCP sədrinin müavini qeyd edib ki, məhkəmə zalında əyləşənlər Azərbaycan tarixinin faciəvi səhnəsinə şahidlik edirlər: “Bu formal məhkəmədir. İnsanlardan bir sülalənin hakimiyyətdə qalması üçün işgəncə ilə ifadə alırlar. Bunla insanları qorxutmağa çalışırlar. Bu, rəqibləri susdurmağa xidmət edir. Hacı Talehə üç gün işgəncə veriblər ki, Əli Kərimli, Cəmil Həsənli və Milli Şura ilə əlaqələri barədə ifadə alsınlar. Mənim həbsimdən bağlantı yaratmağa çalışırlar. Bu gün adını çəkdiyim şəxslər ona görə azadlıqdadır ki, Taleh onlara qarşı ifadə verməyib. Hakimiyyətin ssenarisi iflasa uğrayıb.
Məni azadlığa buraxa bilmədilər. Buraxsaydılar özlərini ifşa etmiş olacaqdılar. “Vampir” qanla qidalandığı kimi bunlar da qorxu yaratmaqla qidalanırlar. Lakin, bu gün tutulanlar da hakimiyyəti tənqid edir. Deməli hakimiyyətin qorxu xofu sınıb. İnsanlara verilən işgəncələri faşizm düşərgələri ilə bağlı kitablardan oxumuşuq.
Dindar kəsimi nəzarətdə saxlayırlar ki, onlar zülmə qarşı çıxmasınlar. Burda haqlı ilə haqsızın, haramla halalın mübarizəsi gedir. Sən gerçək müsəlmansansa, meydanda olmalısan, mübarizə aparmalısan. Hakimiyyət yeni narazı dalğanın yaranmasından qorxdu. Bunları İranın adamları adlandırırlar. İranın, Rusiyanın adamları bu gün hakimiyyətdə olanlardı. Hakimiyyət haqsızlığa qarşı çıxan dindarları ləkələmək istəyir. Din inzibati yolla tənzimlənmir. Bu, mənəviyyat məsələsidir.
Hakimiyyət işsizlikdən, böhrandan çıxış yolu tapa bilmir. Korrupsiyaya qarşı haqsızlığa qarşı çıxanları qorxutmaq istəyir. Bu gün demokratik rejmlər artır avtoritar rejimlər azalır. Hər bir vətəndaş bu kriminal rejimin qurbanı ola bilər. İttihamlar saxtadır. Mən “facebook”da hakimiyyəti tənqid edən yazılar yazmışam. Demədiyim, yazmadığım sözləri mənim adımdan yazıblar.
Ölkədə “hüquq bazar”ı yaradıblar. İnsanı düşüncəyə görə həbs edirlər. Bu, heç Mozambikdə də baş vermir. Bunlar düşüncəyə görə adamı ittiham edəcək qədər aşağı adamlardı. Dövlət o zaman sarsılır ki, vətəndaşın inamı sarsılır. Bu gün hər şeyi alıb-satırlar. Dövlət ona görədir ki, 5-6 rüşvətxor gəlib özünə sərvət yığsın?! Burda keçirilən hər bir məhkəmə prosesi Femidanın hüququnun zorlanmasıdır.
Bu bədbəxtlər başlarını o qədər itiriblər ki, ittihamda yazıblar guya mən insanları İmam Hüseyn kimi şəhid olmağa, mübarizə aparmağa çağırmışam. Müstəntiq o yalan yazıları tapıb mənə göstərə bilmədi, prokuror da göstərə bilməyəcək. Gözləyirdim ki, evimə silah qoyub sonra da “tapacaqlar”. Belə ağılsızlıq edəcəklərinə inanmırdım. Bu hakimiyyət monqol-tatar hücumlarından da betərdi. Bu gün dünya hansı qayğılarla yaşayır? İnsanı düşüncəyə görə həbs etmək heç yerdə yoxdur. Bir vaxt hakimiyyətin başkəsənləri bu gün Kürdəxanı təcridxanasında bizimlə birgə əziyyət çəkirlər. Biz bu gün utana-utana Azərbaycan vətəndaşı olduğumuzu deyirik. Çünki bu ölkə rüşvətxorluqda, insanların səfalətdə yaşamasında liderdi. Nəinki avropalıyla, heç digər ölkə vətəndaşları ilə də özümüzü müqayisə edə bilmirik. Gedin İran, Gürcüstan sərhəddində insanların çəkdiyi əziyyətləri görün. Kriminal rejim hakimiyyətdədir. Onlar istədiklərini əzə bilirlər. Yalan ssenari qurublar ki, guya burda silahlı müsəlmanlar olub. Beləcə, dünyanı aldatmaq istəyirdilər. Mənim yazılarımı bəyənən şəxsləri də çağırıb hədə-qorxu gəliblər, onlardan ifadə alıblar”.
Vəkil Yalçın İmanov F.Qəhrəmanlıdan Eldar Sultanovu tanıyıb-tanımamasını soruşub. F. Qəhrəmanlı bildirib ki, onu qiyabi olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi tanıyıb: “Bilirəm ki, mənimlə bağlı prokurorluğa müraciət edib, bildirib ki, guya mənim yazımda cinayət tərkibi var. Bu da hakimiyyətin qurmasıdır. Bilirəm ki, saxta profillərdən hamını izləyirlər. Mənim dostluğumda Eldar Sultanov adlı şəxs yoxdur”.
İclasda çıxış edən Taleh Bağırov isə bildirib ki, F. Qəhrəmanlının ailəsinə hörməti var və onlarla fəxr edir: “Biz tutulmamışdan qabaq Mübariz Qurbanlı demişdi ki, peyğəmbərlər sağ olsaydılar, gəlib Azərbaycanda yaşayardılar. Dedik bəli, yaşayardılar, amma zülmlə mübarizə aparmaq üçün. Siz də onları tutub Qobustana həbsxanaya göndərərdiniz. İmam Hüseyn mövzusu 1400 ildir var. Mahatma Qandi deyirdi ki, demokratik dövlət istəyirsinizsə, Hüseyni nümunə götürün. Bütün azadlıqsevərlərin qibləsi İmam Hüseyndir. Bu gün fikir azadlığı varsa, yezid xisləti ilə Hüseyn xisləti ortaya çıxır. Biz Hüseyn xislətiyik. Zülm etdikcə bizi qarşınızda görəcəksiniz. Fuad Qəhrəmanlını qiyabi tanıyırdım, lakin xanımı Zümrüd Yağmurun yazılarını oxuyurdum və onlarla tanış olmaq istəyirdim. Mənə elə işgəncələr verirdilər, Əli Kərimlinin, Cəmil Həsənlinin adını o qədər çəkirdilər ki, elə bilirdim onları da gətirəcəklər. Deyirdilər ki, dindarsan get otur yerində. Hər dəfə dilimi göstərirdilər, deyirdilər məni dilimə görə tutublar”.
T.Bağırov onun xarici kəşfiyyat orqanlarına işləməsi ilə bağlı irəli sürülən ittihamları rədd edib: “Mənim xarici kəşfiyyatla əlaqəm olsaydı, faktları ortaya qoyaydılar, o zaman səsim də çıxmazdı”.
Digər təqsirləndirilən şəxslər- Abbas Tağızadə və Cahad Balakişizadə də istintaq zamanı verdikləri ifadələrdən imtina ediblər, işgəncələrə məruz qaldıqlarını bildirib.
Proses avqustun 17-də davam edəcək.
2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.