''Artıq hakimiyyətin efir təbliğatı cəmiyyətə təsir etmir''
“Dostlarımız həbsdə olduğundan tam sevinə bilmirik. Biz bura kef etməyə yox, mübarizəmizi davam etdirməyə gəlmişik”.
16 martda imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı belə deyib. O, martın 17-də azadlığa buraxılıb.
AXCP sədrinin müavini deyib ki, bu gün onlar şərə qarşı mübarizə aparırlar:
“Müqəddəs dinimizdə Allah neytrallıq qoymur, ya Allahın, ya da şeytanın firqəsisən. Cəmiyyətimizdə də bu məsələ açıq qoyulub, ya şeytanın, ya da haqqın tərəfindəsən. Biz Azərbaycan xalqının haqqın tərəfində olduğuna inanırıq, həm də, bu, yalnız mənəvi yox, praktik dəstəkdir. Hakimiyyətin 19 yanvardan sonra mitinqlərə icazə verməməsi qorxduğunu və iflasa uğradığını göstərir. Xalq meydanda mövqeyini də təsdiqlədi. Artıq hakimiyyətin efir təbliğatı cəmiyyətə təsir etmir. Nə repressiyalar, nə də təbliğat effekt verir, Azərbaycan cəmiyyətinə heç nə ilə təsir göstərmək imkanında deyillər. Çünki hakimiyyət mənəvi baxımdan tam tükənib, xalqın nəzərində tamamilə ifşa olunublar, bunların artıq deyəcək sözü yoxdur. Deyəcək söz demokratik qüvvələrin, Azərbaycan xalqınındır”.
Fuad Qəhrəmanlı öz həbslərini “Azərbaycan xalqının mübarizəsinə qoyduğumuz sərmayə”adlandırıb:
“Faciə onda olardı ki, Azərbaycan xalının içərisindən siyasi məhbuslar çıxmazdı, avtoritar hakimiyyət cəmiyyətə barmaq silkələyərdi və onun qarşısına kimlərsə çıxmazdı. Bu, bizim gücümüzdür ki, hakimiyyətin özbaşınalığı və zorakılığı qarşısında geri çəkilmədik. İnşallah, bunun nəticəsini görəcəyik”.
Fuad Qəhrəmanlı müxalifət partiyalarına, vətəndaş cəmiyyətinə, beynəlxalq qüvvələrə minnətdarlığını bildirib.
AXCP sədrinin müavini Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunurdu. O, 10 il azadlıqdan məhrum edilmişdi.