O, 1987-ci ildə ”Azərbaycanın xalq artisti” fəxri adını alıb
Azərbaycanın xalq artisti Fuad Poladov mayın 4-də axşam saatlarında ölüb.
Fuad Poladovun cənazəsi mayın 5-də saat 13:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Məlumatı
Azərtac yayıb.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972).
Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib.
O, səhnə fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.
Aktyor, həm də bir çox kinofilmlərdə bədii obrazlar yaradıb. O, “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Cəza”, “Əlvida, cənub şəhəri”, “Yeddi oğuldan biri”, “Fatehlərin divanı”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir” və digər filmlərdə yaddaqalan obrazları ilə insanların sevimlisinə çevrilib.
O, 1987-ci ildə “Azərbaycanın xalq artisti” fəxri adını alıb.
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.