Onun barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib
Sosial şəbəkələrdə tez-tez ictimai fəalları təhdid edən, özünü “Milli Fədailər Hərəkatı”nın yaradıcılarından sayan Fuad Muradov həbs olunub.
Meydan TV-nin əldə etdiyi məlumata görə, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şikayət əsasında saxlayıb. Fuad Muradov adamların əmlakını ələ keçirmək üçün onları şantaj etməkdə ittiham olunur.
Fuad Muradova qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə), 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və
182.2.4 (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmədəki mənbə də məlumatı Meydan TV-yə təsdiqləyib. Mənbə bildirib ki, Fuad Muradov haqqında həbs qərarı oktyabrın 3-də axşam saatlarında verilib. Onun haqqında 4 aylıq həbs qətimkan tədbiri qərarını Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranov çıxarıb.
Fuad Muradov sosial şəbəkələrdə müxalif siyasi fəallara, tənqidçilərə qarşı təhdidlər, təhqirlərlə vaxtaşırı müzakirə mövzusuna çevrilirdi.
Onun özünü hədə-qorxu ilə tələb etmə ittihamı üzrə təqsirli bilib-bilmədiyi məlum deyil.