Fuad Həsənov: Yaxşı olardı, Azərbaycan danışıqları bərpa etsin

”Bu, Azərbaycanın maraqları baxımından daha ideal variantdır”

Source:
Malena Mard və Mahmud Məmmədquliyev
Malena Mard və Mahmud Məmmədquliyev


”Bu, Azərbaycanın maraqları baxımından daha ideal variantdır”


“Bu ilin oktyabrında Avropa İttifaqı Şurası tərəfindən Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlığa dair danışıqların başlanması üçün mandat verilməsi gözlənilir”.

APA-nın sözlərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev “Azərbaycanda mobillik naminə tərəfdaşlıq” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, ötən il Riqa sammitində Azərbaycan Aİ-yə strateji tərəfdaşlığa dair saziş layihəsi təqdim edib: “Bu sənədə miqrasiya sahəsində əməkdaşlığın genişlənməsi də daxildir. Sənədin imzalanması əməkdaşlığı yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və ikitərəfli əməkdaşlığın gələcəyi üçün öz rolunu oynayacaq. Biz həmçinin siyasi dialoqun bərpası üzərində işləyirik. Cari ilin ikinci yarısında Aİ-də Azərbaycana dair alt komitələrin iclaslarının keçirilməsi nəzərdə tutulur. Aviasiya sazişinə dair danışıqları davam etdirməyi də planlaşdırırıq”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə deyib ki, Avropa Ittifaqı Azərbaycanla əməkdaşlığımız üçün vacib olan sahələrin inkişafı baxımından “Şərq Tərəfdaşlığı” siyasəti çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir.

O bildirib ki, bu il Aİ-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunur: “Bu əməkdaşlığın gələcəyi var. Əməkdaşlığımız bir çox sahədə dərinləşmək və genişlənməkdədir. Bu sahələrdən biri insanlararası əlaqələrdir”.

O, mobillik naminə əməkdaşlıq layihəsinin əməkdaşlığın inkişafı baxımından vacib layihə olduğunu deyib: “Layihə 2016-cı ilin yanvarından başlayıb, 3 il ərzində icra olunacaq”.

Demokratiya Monitorinqinin rəhbəri, Şərq Tərəfdaşlığı Azərbaycan Milli Platformasının üzvü Fuad Həsənov Meydan TV-yə bildirib ki, Azərbaycan 2013-cü ildən başlayaraq konkret olaraq Assosiativ Sazişi imzalamağa marağının olmadığını göstərib və alternativ olaraq Strateji Modernizasiya Tərəfdaşlığı Proqramını təklif edib: “Əslində, bu, 2012-ci ildən hazırlanmış təklif idi və 2008-ci ildə Rusiya tərəfindən Avropa İttifaqına təklif olunan bir proqrama bənzəyirdi. Azərbaycanla əvvəlki illərdə daha dərin tərəfdaşlığı nəzərdə tutan strateji sənəd vardı və xüsusilə insan hüquqları, qanunvericilik, iqtisadi-hüquqi islahatlar yer almışdı. Artıq Şərq Tərəfdaşlığı Proqramına daxil olan Gürcüstan, Ukrayna, Moldava həmin sənədi imzalamağa hazırlaşırdılar. Azərbaycan o zaman mövqe bildirməliydi. Düzdür, o zaman Avropa İttifaqı bu cür manevrlərə imkan verirdi, çünki Şərq qonşularıyla münasibətdə differsiyalaşma siyasətində daha geniş manevr imkanları verdi. Belə olan təqdirdə, indiki mənzərə ortalığa çıxdı. Yəni Azərbaycan çox aydın şəkildə bildirib ki, daha çox iqtisadi, miqrasiya sahələrində daha dərin əməkdaşlığın tərəfdarıdır. Bununla insan haqları, məhkəmə islahatı, qanunvericiliklə bağlı məsələlər arxa plana keçir”.

Fuad Həsənov
Fuad Həsənov

Fuad Həsənov bu ilin mart ayında danışıqlar zamanı daha çox diqqət çəkən xarici işlər nazirinin müavini Araz Əzimovun bəyanatını xatırlatdı: “Əzimov konkret şəkildə demişdi ki, Azərbaycanın Avropa İttifaqına qoşulmaq planı yoxdur. İndi Azərbaycanın Strateji Modernizasiya Tərəfdaşlıq üzrə oktyabr ayında danışıqlarla bağlı mandatın verilməsi üzrə danışıqlar gedir, bu, əslində, iyunda gözlənilirdi. Çox güman ki, danışıqlar olacaq, amma proqramın necə adlanacağı çox ciddi məsələdir. Çünki adın özü hər bir sənədin ruhunu və çərçivəsini müəyyən edir. O baxımdan bəlkə də sənədin Strateji Modernizasiya Tərəfdaşlıq olmadığını düşünürəm və Avropa İttifaqının məsələlərə daha ciddi yanaşması da mümkündür. Müşahidələrimə əsasən, yeni sənəd Tərəfdaşlıq və əməkdaşlıq razılaşmasının genişlənməsi adlanır. Ən önəmlisi Assosiativ Sazişə daxil olan komponentlərin yeni sənəddə olmasıdır, çünki bu, Avropa İttiqafı üçün prinsipal əhəmiyyət daşıyır və dəyərə əsaslanır. Əgər Bakı bundan imtina etsə, çox məhdud bir sənəd olacaq və Aİ-nin bunu necə qarşılayacağını demək çətindir. Amma qurumun bununla razılaşacağı görünmür. Onlar məhkəmə, siyasi, iqtisadi islahatlara və vətəndaş cəmiyyətinin inkişafına kifayət qədər önəm verirlər. Yaxşı olardı, Aİ və Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqları bərpa edərdi, bu, Azərbaycanın maraqları baxımından daha ideal variantdır. Artıq Gürcüstanın, Ukraynanın və Moldovanın bu yöndə qazancları göz önündədir. Düzdür, Gürcüstanla viza məsələsində müəyyən problem yaranıb, amma bu strateji xarakterli durğunluq deyil. Çox güman ki, aradan qalxacaq. Artıq iyunun 27-də Gürcüstan Avropa Azad Ticarət Asosiasiyasıyla müqavilə imzalayacaq. Sənədə görə Aİ-nin 5 ölkəsinin bazarı Gürcüstanın üzünə açıq olacaq, bununla ölkə iqtisadiyyatının inkişaf stimulu artacaq, xidmət və istehsalın inkişafı yüksələcək. Bütün hallarda bu, qarşılıqlı uduş olacaq”.

Ana səhifəXəbərlərFuad Həsənov: Yaxşı olardı, Azərbaycan danışıqları bərpa etsin