”Ona qarşı yeni məzmunda ittihamlar elan olunub”
AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədliyə qarşı olan ittihamlar ağırlaşdırılıb.
Martın 6-da gənc fəalın saxlandığı Kürdəxanı Təcridxanasında müstəntiq bu haqdakı qərarı ona elan edib. Məlumatı “Azadlıq”a onun vəkili Əsabəli Mustafayev verib.
Bildirib ki, Fuad Əhmədli ilə bağlı istintaqda aylardır davam edən hərəkətsizlikdən sonra bu gün Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında onun iştirakı ilə kiçik bir istintaq hərəkəti aparılıb:
“Fuad Əhmədliyə yeni məzmunda ittihamlar elan olundu. Daha doğrusu, əvvəl ona Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham elan edilmişdi. O maddələr qaldı, amma ittiham özü ağırlaşdırıldı. Artıq o maddələrin birinci yox, ikinci bəndləri ilə ittiham olunur”.
CM-nin 302.2-ci maddəsində 5 ilədək, 308.2-ci maddəsində isə 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Vəkil onu da əlavə edib ki, yeni ittihamlarla Fuad Əhmədlinin durumu ağırlaşsa da, bu, onun əhval-ruhiyyəsinə təsir göstərməyib.
“Məni təəccübləndirən həm də odur ki, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin, bu yaxınlarda həbs olunan AXCP üzvü Elçin İsmayıllının və Fuad Əhmədlinin işini eyni istintaq qrupu aparır. Baxmayaraq ki, tamamilə başqa-başqa işlərdir, amma eyni icraatda birləşdiriblər”, – deyə Əsabəli Mustafayev bildirib.
Fuad Əhmədli ötən il avqustun 18-də həbs olunandan sonra hüquq-mühafizə orqanlarının onunla bağlı yaydığı məlumatda iddia olunurdu ki, “Azerfon” MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. Guya, onun yaşadığı evdən də axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fətullah Gülənin çıxışları və s. sənədlər götürülüb.
Fuad Əhmədli isə bütün bunların yalan olduğunu bəyan edib.
Bu isə Fuad Əhmədli təcridxanada yazdığı “Məhkumluq…” adlı şeirdir:
Ey müstəntiq, sonda sən məğlub oldun
Elə sandın biz zindana məhkumuq,
Siz saxta həbslərlə, 5-10 qəpiyə
Biz Vətən adlı canana məhkumuq.
Hansımız öncülük, hansımız qədim?
Sənin fitnən, ya mənim sədaqətim?
Sizdə azad, vicdanlısın görmədim,
Biz fərqliyik, hürr vicdana məhkumuq.
Sən orda azadsan, biz burada,
Sən saraylarda yat, biz kamerada
Şərlə, tut, sərvət yığ, amma arada,
Özünə de: “Biz şeytana məhkumuq”.
Görməmişdik müstəntiq üzə dura,
Biz haqq savaşçısı, sizsə pul-para.
Zalim haqqı salsa da dörd divara,
Şux əqidə, sağlam cana məhkumuq.
Danışanda dəm vurursuz savaddan,
Noolsun, uzaqsız şərəfli addan.
Gün gələr, əfv diləyərsiz Fuaddan
Edərik, rəhmdil qana məhkumuq.
Fuaddan Fuada dolduq məhbəsə,
Çün boyun əymədik zalıma-pisə
Talanmışı sizin olsun, biz isə
Firavan Azərbaycana məhkumuq.