Fuad Əhmədliyə hökm oxundu

Vəkili AXCP üzvünə bəraət istədi, hakim cəza verdi

Source:


Vəkili AXCP üzvünə bəraət istədi, hakim cəza verdi

İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F. Əhmədlinin vəkili Əsabəli Mustafayev çıxış edib. O bildirib ki, məhkəmə tərəflərə qərəzli yanaşıb, verilən vəsatətlər təmin edilməyib:

“7-8 ay istintaq gedib, lakin heç bir hərəkət aparılmayıb. Bu qədər vaxt keçdikdən sonra üç nəfər zərərçəkmiş tapıblar. Zərərçəkmiş Aynur Əliyeva barəsində guya şəxsi məlumatları yaxın dostuna verib. Lakin Aynurun həmin dostu gəlib məhkəmədə dedi ki, o məlumatları çoxdan bilirdi. Belə olan halda hansı hüququn pozulmasından söhbət gedir? Zərərçəkmiş şəxslərin üçü də yazıb ki, hər hansı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş Məhəmməd Quliyev axtarışda olan və hüquq-mühafizə orqanlarından asılı olan şəxsdir. Bu fakt məhkəmə tərəfindən araşdırılmadı. Onun ifadəsinə istinad ola bilməz. Çünki o, burada yalan ifadə verdi. Fuad Əhmədli heç bir cinayət əməli törətməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyirəm”.

Daha sonra Fuad Əhmədli son sözlə çıxış edib. Bildirib ki, günahsızdır:

“Hamınızı qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Sizə firəvanlıq, müstəqillik, xalqımıza isə həqiqi respublikada yaşamağı arzu edirəm. Etiraf etmək tələb olunursa, bəli, bəlkə də vəzifə səlahiyyətlərimi aşmışam, üzərimə düşən vəzifəmi artıqlaması ilə yerinə yetirmişəm. Hədəfimiz birdir. Yaşasın azadlıq, hürriyyət aşiqləri”.

Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, F. Əhmədlinin ilk məhkumluğu, gənc olması yüngülləşdirici hal kimi qiymətləndirilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Ana səhifəXəbərlərFuad Əhmədliyə hökm oxundu