Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə cəzalandırılıb
Nərimanov rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədli 25 sutka azadlıqdan məhrum edib. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə cəzalandırılıb.
Bu barədə “Azadlıq” qəzetinə siyasi fəalın atası Zəfər Əhmədli məlumat verib: “Bu günədək Fuad ilə heç bir əlaqə imkanımız yaradılmayıb. Saxlanıldığı gündən etibarən onu vəkillə də təmin edə biməmişdik. Çünki “Bandotdel”dən bizə bildirmişdilər ki, guya Fuad vəkildən imtina edib. Amma, nəyahət ki, Fuadı vəkillə təmin edə bilmişik. Vəkilin əldə etdiyi məlumata görə, Fuada 25 sutka həbs cəzəsı verilib. Hələ ki, vəkili Fuadın yanına buraxmasalar da, ümid edirik yaxın vaxtlarda bu görüşə şərait yaradacaqlar”.
Aprelin 28-dən etibarən AXCP Gənclər Komitəsinin fəalı Fuad Əhmədlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları tərəfindən oğurlandığı haqda məlumat yayılıb. Gənc fəalın harada saxlanılması barədə yalnız 10 gün sonra rəsmi məlumat verilib.