Fuad Əhmədlinin məhkəməsi olacaq

”Məhkəmə gəncin ittiham aktı ilə tanış olmaması ilə bağlı təxirə düşmüşdü”

Source:


”Məhkəmə gəncin ittiham aktı ilə tanış olmaması ilə bağlı təxirə düşmüşdü”

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin gənclər komitəsinin həbsdəki sədri Fuad Əhmədlinin məhkəməsi olacaq.

Məlumatı onun vəkili Əsabəli Mustafayev verib. O, məhkəmənin aprelin 13-də başladığını deyib:

“Amma proses az sonra təxirə düşmüşdü. Səbəb cəbhəçi gəncin ittiham aktı ilə tanış olmaması idi. Cinayət-prosessual qanunvericiliyin tələbinə görə, cinayət materialları təqsirləndirilən şəxsə ən geci məhkəmə prosesinin başlanmasından bir həftə öncə təqdim olunmalıdır. Ancaq bu tələb F.Əhmədliyə münasibətdə pozulmuşdu”.

Aprelin 13-dən bu yana F.Əhmədli materiallarla tanış olub.

Vəkilin bildirdiyinə görə, proses saat 10:00-da başlayacaq.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azerfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fethullah Gülen-in çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Martın 6-da F.Əhmədli barəsində ittiham ağırlaşdırılıb: “Fuad Əhmədliyə əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham verilmişdi. Sonra ittihamlar ağırlaşdırıldı və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verildi. Fuad Əhmədli heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu bildirir”, – Ə.Mustafayev deyib.

Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs cəzası gözləyirdisə, yeni maddələrlə ona 8 ilədək həbs cəzası verilə bilər.

Müdafiə tərəfi ittihamları “əsassız” adlandırıb. AXCP isə bəyanat verərək, bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib.

Türkiyənin hakimiyyət orqanları Fethullah Güleni ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.

Ana səhifəXəbərlərFuad Əhmədlinin məhkəməsi olacaq