Fuad Əhmədlinin atası aclıq aksiyasına başladı

”Bəlkə mənə bir şey olsa, müvafiq dövlət orqanları narahat olarlar, bir hərəkətlilik yaranar”

Source:
Zəfər Əhmədli
Zəfər Əhmədli


”Bəlkə mənə bir şey olsa, müvafiq dövlət orqanları narahat olarlar, bir hərəkətlilik yaranar”

AXCP Gənclər Komitəsinin Xətai Şöbəsinin həbsdə olan sədri Fuad Əhmədlinin atası Zəfər Əhmədli sentyabrın 23-dən aclıq aksiyasına başlayıb.

Bu barədə Meydan TV-yə danışan Zəfər Əhmədli bildirib ki, oğlunun həbsindən 1 aydan çox vaxt ötsə də, hələ görüşə bilməyiblər, hətta telefonla da əlaqə saxlamaq mümkün olmayıb: “Təsəvvür edin ki, mən oğluma heç cür kömək edə bilmirəm, mətbuatın yazdığı da təsirsiz ötüşür. Fuadın yanına nə həkim buraxırlar, hə də vəkilin ev dustaqlığı vəsatəti qəbul olunur. Onun müalicəyə ehtiyacı var, həyatı təhlükə altındadır, biz onun səhhətindən narahatıq. Mən də atayam, başqa kömək edə bilmədiyimdən, aclıq aksiyasına əl atdım. Bəlkə mənə bir şey olsa, müvafiq dövlət orqanları narahat olarlar, bir hərəkətlilik yaranar. Onsuz da başqa yolumuz qalmayıb”.

Fuad Əhmədli avqustun 18-də DTX əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, Fuad Əhmədli digər 3 nəfərlə birlikdə 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə açılmış cinayət işi üzrə təqsirli bilinərək, barəsində həbs-qətimkan tədbiri seçilib. Rəsmi məlumatda Fuad Əhmədli Fətullah Gülən şəbəkəsilə əlaqəli şəxs kimi təsvir edilib.

AXCP bəyan edir ki, Fuad Əhmədliyə qarşı irəli sürülən ittihamlar birmənalı şəkildə yalan və quramadır. Fuad Əhmədlinin gülənçilərlə heç bir əlaqsə yoxdur və ola da bilməz. O, İqtisad Universitetini bitirib, müasir və liberal düşüncəli siyasi fəaldır, ictimai-siyasi baxımdan AXCP-də formalaşıb.

Ana səhifəXəbərlərFuad Əhmədlinin atası aclıq aksiyasına başladı