AXCP üzvünə bəraət istənilir
Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili Əsabəli Mustafayev cinayət işinə xitam verilməsi, prosesin istintaqla aparılması, onun şüşə qəfəsdən çıxarılıb vəkillərin yanında əyləşməsi, prosesin audio yazılışının və video çəkilişinin aparılması barədə vəsatətlərlə çıxış edib. Məhkəmə vəsatətləri təmin etməyib.
Proses avqustun 16-da davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.
Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.
F. Əhmədli ittihamları qəbul etmir və saxta adlandırır.