Müdafiə tərəfinin vəsatətləri təmin edilmədi
Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Musrətafayev vəsatətlə çıxış edib. O, cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Bildirib ki, ittihamlar əsassızdır.
Vəsatətlərə münasibət bildirən Fuad Əhmədli isə həbsinin sifarişli olduğunu deyib. Bildirib ki, 8 aydır qanunsuz olaraq həbsdədir və bu dövr ərzində heç bir tutarlı ittiham üzə çıxarılmayıb. Hakim F. Qəribov isə onun çıxışını dayandırıb. Bildirib k, ifadə verəndə bu haqda geniş danışa bilər.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. O, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.
Hakimlər müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Məhkəmənin baxış iclası mayın 2-nə təyin edilib.
Prosesə qatılanlar arasında AXCP sədri Əli Kərimli də vardı. O, iclasdan sonra jurnalistlərə açıqlama verərək, Fuad Əhmədlinin həbsini pisləyib:
“Fuad Əhmədlinin hazırda iddia olunan əməli uzaqbaşı onun iş yerində intizam tədbiri görməklə nəticələnə bilərdi. Ona töhmət verə, ən uzağı işdən çıxara bilərdilər. Amma adamı 8 ay həbsdə saxlayırlar, indi də Ağır Cinayətlər Məhkəməsində mühakimə edirlər. Ona görə ki, Fuad Əhmədli mübariz adamdır, Azərbaycanı yaxşıya doğru dəyişmək istəyir. Digər yaşıdları ilə birlikdə bu ölkəyə müsbət dəyişikliklər gətirmək istəyirlər. Fuad Əhmədli bu ölkəni yaxşıya doğru dəyişmək istəyir deyə onun bədəlini ödəyir. Azərbaycan gəncliyini bu yolla qorxutmaq istəyirlər. Amma bütün verilən reaksiyalar göstərir ki, bumeranq kimi qayıdıb özlərinə dəyir. Fuad Əhmədlinin artan nüfuzu onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi mübarizə yolunu seçənləri seçir. Mən hesab edirəm ki, Fuad Əhmədli də bu sınaqdan üzüağ çıxacaq”.
Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev də həbsi siyasi hesab edir:
“Vəsatətdə arqumentlərimiz açıqlanmışdı. Hesab edirik ki, bu məsələdə cinayət tərkibi, cinayət hadisəsi yoxdur. Ona görə də proses gedə bilməz. 8 ay istintaq getdi, ortaya heç nə qoya bilmədilər. İndi 2-3 iclas keçirməklə məhkəmə də cinayəti sübut edə bilməyəcək. Mən buna əminəm. Lakin bilirsiz ki, bu, siyasiyönümlü bir işdir. DTX və Respublika Prokurorluğunun birgə yaydığı məlumatda da göstərilirdi ki, AXCP üzvü filan məsələyə görə həbs olunub. Bunun özü məsələnin siyasi olduğunu göstərir. Baxmayaraq ki, onunla birgə başqa şəxslər də həbs olunmuşdu. Onlardan yalnız Fuad Əhmədlinin siyasi mənsubiyyəti qeyd edilirdi. Bunun özü açıq şəkildə göstərir ki, Fuad Əhmədli niyə həbs olunub”.
Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.
Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
AXCP F.Əhmədlinin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.