Bir gün əvvəl Mehman Əliyevin barəsində olan həbsin girovla əvəz edilməsi vəsatəti təmin edilməyib
Yasamal Rayon Məhkəməsinin “Turan” İA-nin baş direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi vəsatətinin rədd edilməsi qərarından sentyabrın 7-də apelyasiya şikayəti verilib.
Məlumatı vəkil Fuad Ağayev “Facebook” səhifəsində paylaşıb.
Sentyabrın 6-da Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı verilmiş vəsatətə baxılıb.
Vəsatətə hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və hakim vəsatəti təmin etməyib.
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Apelyasiya şikayəti bu qərardan verilib.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.