Fuad Ağayev: Qanunvericiliyə edilən dəyişiklik Ramiz Mehdiyevin kənarlaşdırılması demək deyil

”Prezident Administrasiyası heç bir halda ləğv edilə bilməz”

Source:


”Prezident Administrasiyası heç bir halda ləğv edilə bilməz”

“Dövlət qulluğu haqqında” qanununa edilən dəyişiklikləri Meydan TV-yə şərh edən hüquqşünas Fuad Ağayev bildirib ki, mətndən Prezident Administrasiyası anlayışı çıxarılır. Bu, bir qədər mücərrəd olan Azərbaycan Respublikası dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqan anlayışı ilə əvəz edilir:

“Prezident Administrasiyası  (PA) anlayışı olmayan yerdə PA rəhbəri vəzifəsi də olmayacaq. Bu məsələdə Birinci vitse-prezident təsisatı ilə bağlı onun fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsinin də adı qanunun 11-ci maddəsinə əlavə edilir”.

Fuad Ağayev hesab edir ki, dəyişikliklərdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin azad edilməsi nəticəsi çıxmır:

“Əgər Ramiz Mehdiyev əvvəl Administrasiyanın rəhbəri idisə, indi də prezidentin fəaliyyətini təmin edən orqanın rəhbəri vəzifəsində qala da bilər, qalmaya da. Bir daha deyirəm, qanunverciliyə edilən bu dəyişiklikdən bilavasitə Ramiz Mehdiyevin kənarlaşdırılması nəticəsi çıxmır. İstənilən halda onun taleyi dövlət başçısının əlindədir. Həm də qanuna edilən dəyişiklikdə nəzərdə tutulan yeni orqan birinci-vitse prezidentin tabeçiliyinə keçmir. Burada söhbət təkcə ondan gedir ki, qurumun adı dəyişdirilir. Əvvəl Prezident Administrasiyası idi, indi mücərrəd bir orqan yaradılır. Amma birinci vitse-prezidentin tabeçiliyinə də keçmir”.

Fuad Ağayev

Hüquqşünas deyir ki, dəyişikliklərdə yeni bir orqan yaradılması haqqında söhbət də yoxdur. Sadəcə, Birinci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmədən, onun rəhbərindən, eyni zamanda onun köməkçisi vəzifəsinin təsis olunması qeyd olunub.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə modern.az-a açıqlamasında deyib ki, burada söhbət Prezident Administrasiyasının ləğv edilməsindən getmir. Prezident Administrasiyası heç bir halda ləğv edilə bilməz:

Əliməmməd Nuriyev

“Məntiqlə prezident varsa, onun administrasiyası da olmalıdır. Prezident Administrasiyası konstitusion təsisatdır. Qanunda edilən dəyişikliklə Administrasiyanın ləğv edildiyi fikrini səsləndirlənlərin ya qanundan xəbəri yoxdur, ya hüquqi təchizatlar sistemini başa düşümürlər. Burada hər hansı ziddiyyət yoxdur. Bu idarəetmənin təkmiləşdirilməsi istiqamətində aparılan islahatlardan, referendumdan doğan nəticədir. Burada hüquqi tamamlanma prosesi gedir. Ölkə başçısı hələ referendumdan sonra göstəriş vermişdi ki, 6 ay müddətində müvafiq strukturların yaradılması həyata keçirilsin. Bu da həmin proseslərdir”.

Milli Məclis bu gün “Dövlət qulluğu haqqında” qanuna əlavələr edib. Bu əlavələr əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.

İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.

Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.

Ana səhifəXəbərlərFuad Ağayev: Qanunvericiliyə edilən dəyişiklik Ramiz Mehdiyevin kənarlaşdırılması demək deyil