“Fu Məzi” yazan fəal aclığı dayandırmağa razılaşıb

O, həmçinin fevralın 9-da seçki məntəqəsində döyülmüşdü.

Source: Specify Source


Vəkili onun vəziyyətinin yaxşı olmadığını deyir

Parlament seçkilərinə etiraz zamanı Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara “Fu Məzi” yazmış ictimai fəal Fuad İsmayılov aclığı dayandırmağa razılaşıb. Onun 10 gündür aclıq etdiyi bildirilir. Bu barədə Meydan TV-yə fəalın vəkili Cavad Cavadov məlumat verib.

Martın 17-də Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada müvəkkili ilə görüşən vəkil deyir ki, F.İsmayılovun vəziyyətinin çox pis olduğunu görüb:

“Aclıq onu tamam taqətdən salıb, ayaq üstə dayana bilmirdi. Mənə bildirdi ki, təcridxanada təzyiqini ölçüblər, 90-60 olub. Bir az da aclığı davam etdirsə, səhhətində daha ağır problemlər yarana bilərdi. Ona görə ona tövsiyə etdim ki, aclığı dayandırsın. Razılaşdı…”

Vəkilin sözlərinə görə, F.İsmayılov deyib ki, məhkəmədə səsləndirdiyi şikayətlər ictimailəşəndən sonra təcridxanada ona qarşı münasibətin müsbət mənada dəyişib. Gənc fəal artıq saxlanma şəraitindən şikayətinin olmadığını, ailə üzvlərilə telefon danışığı və başqa hüquqlarının təmin edildiyini bildirib:

“Fuad İsmayılovun işgəncəyə məruz qalması barədə məhkəmədə dedikləri ictimailəşəndən sonra Ombudsman Aparatı məsələyə reaksiya verərək, şikayəti araşdıracaqlarını bildirdilər. Hələlik, bununla əlaqədar gəlib ona baş çəkən olmasa da, işgəncə, pis rəftar halı yoxdur. Məhkəmədən sonra saxlanma şəraitindən şikayəti yoxdur”.

C.Cavadov deyir ki, gənc fəalın haqqındakı 60 sutkalıq inzibati həbsi qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin qərarı hələlik ona göndərilməyib. Qərarı alandan sonra Avropa Məhkəməsinə şikayət hazırlayıb göndərəcəklər.

Fevralın 9-da keçirilmiş parlament seçkilərində 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olmuş F.İsmayılov martın 7-də həbs olunub. Ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə 60 gün həbs cəzası verilib. İddia olunur ki, Suraxanı rayonu, 32-ci polis bölməsinin əməkdaşları onun cibindən narkotik tapıb.

Lakin F.İsmayılov bildirir ki, narkotiki cibinə elə həmin bölmədə polislər atıb. Onun sözlərinə görə, martın 7-də evdən çıxan kimi iki maşından düşən polislər onu tutub aparıblar. Polis bölməsində işgəncəyə məruz qaldığını deyən fəalın sözlərinə görə, ona narkotik ittihamı verilsə də, ancaq siyasi mövzuda dindirilib.

F.İsmayılov MSK-nın qarşısındakı divara fevralın 21-də “Fu Məzi” yazandan sonra da saxlanmış, qısa müddət sonra buraxılmışdı.

O, həmçinin fevralın 9-da seçki məntəqəsində döyülmüşdü. Bunu əks etdirən videogörüntülər sosial şəbəkələrdə və mediada yayılıb.

Ana səhifəSiyasət“Fu Məzi” yazan fəal aclığı dayandırmağa razılaşıb