#FreeThemAll – Hamısını azad et

#FreeThemAll – Hamısını azad et


Azərbaycanda 2019-cu ilin əvvəllərində bir çoxu tərəfindən ölkədə islahatların başlanğıcı kimi qəbul olunan hadisələr qeydə alındı. Martın 16-da, Novruz bayramı ərəfəsində prezidentin əfv haqda sərəncamı ilə 399 məhbus azadlığa çıxdı. Onlardan 52 nəfəri siyasi məhbuslardır. Bu, siyasi məhbusların belə bir miqyasda ilk əfvi idi. Yerli hüquq müdafiəçiləri, azadlığa çıxan fəallar və onların vəkilləri buna əsasən ölkədə əvvəllər bu qədər vətəndaş fəallığının müşahidə edilmədiyi ictimai kampaniyaların səbəbkar olduğu qənaətindədirlər.

Yerli və beynəlxalq hüquq müdafiəçilərinin hesablamalarına əsasən, Azərbaycan siyasi məhbusların sayına görə Avropada ön sırada duran ölkələrdəndir. Sonuncu əfvə qədər onların sayı 128 nəfər idi. Hüquq müdafiəçiləri hesab edir ki, repressiyalar yalnız aktivistləri qorxutmağa xidmət etmir, eyni zamanda xarici siyasətdə alət kimi istifadə olunur. Bu səbəbdən də Azərbaycanda yerli hüquq müdafiəçilərindən ibarət işçi qrupu tərəfindən mütəmadi olaraq yenilənən siyasi məhbus siyahısına daim yeni adlar əlavə olunur. Bununla belə, rəsmi Bakı ölkədə siyasi məhbusların mövcudluğunu qəti şəkildə inkar edir.

Hökumətdən humanizmmi?

Bir çox siyasi məhbus üçün azadlığa buraxılmaları tamamilə gözlənilməz olub, belə ki, onlar dövlət başçısına əfv üçün heç bir müraciət ünvanlamayıblar.

“Mənə elə gəlir ki, hər hansı bir cinayəti törədən şəxs əfvə görə müraciət eləməlidir. Heç bir əsas olmadan mənim həyatımın iki ili həbsxanada keçib, ona görə mən müraciət eləməmişdim və gözləmirdim [əfvi]”, – “qaçaqmalçılığa” görə üç illik həbs cəzasına məhkum edilmiş AXCP sədrinin müavini Gözəl Bayramlı belə deyir.

İctimai kampaniyaların faydası oldu

Əvvəllər ölkə daxilində siyasi məhbusların müdafiəsinə daha çox vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar qalxırdı. Lakin gənc bloqçu Mehman Hüseynovun hekayəsi böyük ictimai rezonans doğurdu.

2018-ci ilin sonunda, məmurların dəbdəbəli villaları haqda videoları ilə məşhur olan gənc bloqçu böhtana görə aldığı həbs cəzasının bitməsinə iki ay qalmış

yeni bir həbs cəzası

təhlükəsi ilə qarşılaşır. Onu həbsxana işçisini döyməkdə ittiham edirdilər və buna görə yeddi ilədək həbs cəzası ala bilərdi. Yerli hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin fikrinə görə, məhz bu hadisə, siyasi məhbusların adətən fəal vətəndaş mövqeyi ilə fərqlənməyən sıravi vətəndaşlar tərəfindən aktiv müdafiəsinə təkan vermiş oldu.

2019-cu il, 19 yanvar mitinqi
2019-cu il, 19 yanvar mitinqi

Mehman Hüseynovun həbsxanada elan etdiyi aclıq aksiyasına bir neçə fəal və barmaqlıqlar arxasında olan siyasi məhbuslar da qoşuldu. Müxalifətin yanvarın 19-da Mehman Hüseynovun və ümumilikdə bütün siyasi məhbusların azad edilməsi tələbi ilə baş tutan mitinqi, son illərin ən izdihamlı mitinqi oldu.

Həmin ərəfədə Avropa Parlamenti Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul edir və Azərbaycan hökumətini bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmağa çağırdı.

#FreeThemAll

“Mehmanın işi onunla fərqləndi ki, məhz həmin vaxt heç bir siyasi partiyada, təşkilatda təmsil olunmayan adi vətəndaşlar bəlkə də ilk dəfə idi ki, sosial şəbəkələrdə bu cür ciddi fəallıq göstərdilər. Biz vətəndaşların qorxmadan, öz tələblərini açıq şəkildə irəli sürdüklərini gördük” – keçmiş siyasi məhbus,

#FreeThemAll

kampaniyasının təşəbbüskarı olan Rəsul Cəfərov belə deyir.

“Facebook”un Azərbaycan dilli seqmentində

#FreeThemAll

(hamısını azad et) şüarı altında aparılan və bütün siyasi məhbusların azad edilməsini tələb edən kampaniyada sıravi vətəndaşlar da kifayət qədər fəal iştirak edir. Kampaniyaya sosial şəbəkənin minlərlə üzvü qoşulub və #FreeThemAll həştəqi son ayların ən məşhur trendinə çevrilib.

Blogger Mehman Hüseynov #FreeThemAll aksiyası çərçivəsində siyasi məhbus ailələri ilə görüşür
Blogger Mehman Hüseynov #FreeThemAll aksiyası çərçivəsində siyasi məhbus ailələri ilə görüşür


“İnsanların dəstəyi olmadan mən bu iradəni göstərə bilərdimmi?”

Son əfv sərəncamı ilə azadlığa çıxanlar sırasında “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimli və Bayram Məmmədov da var. Onlar eks-prezident Heydər Əliyevin heykəlinin postamentinə hökumət əleyhinə şüarlar yazdıqdan sonra 10 il həbs cəzası almışdılar. Gənclər təxminən 3 il dəmir barmaqlıqlar arasında keçirməli oldular və bu müddət ərzində yaxınları və vəkilləri dəfələrlə Qiyas və Bayrama işgəncələr verildiyini bildiriblər.

“Məhz bayırdakı insanların dəstəyi nəticəsində biz bu günə qədər iradə göstərə bildik. Desəm ki, o insanların dəstəyi olmadan mən bu iradəni göstərərdimmi, yaxud Bayram Məmmədov, məncə çətin olardı» – bunu, azadlığa çıxdıqdan az sonra Meydan TV-yə müsahibəsində Qiyas İbrahimli deyib.

«Azadlığa çıxacağımı heç gözləmirdim»

Qeyri-döyüş şəraitində əsgər ölümlərinə qarşı etiraz aksıyalarının təşkilatçılarından biri, NİDA gənclər hərəkatının üzvü İlkin Rüstəmzadə də son əfv sərəncamı ilə altı il sonra azadlığa çıxanlar sırasında idi. O, Meydan TV ilə söhbətində bildirdi ki, səkkiz illik cəzasını başa vurmadan azad ediləcəyinə inamı yox idi:

“Həbsdə olduğum müddətdə mənə qarşı xüsusi münasibət var idi. Bilirdim ki, hökumət məni azad etməklə bağlı ölkə daxilində və xaricdən səslənən tələblərə məhəl qoymur. Bu səbəbdən də azad ediləcəyimə inanmırdım”.

O, həmçinin ölkə daxilindəki dəstəkdən də danışır:

“Ölkə daxilində müxalifətin, vətəndaş cəmiyyətinin, medianın gücü çox məhduddur və siyasi məhbuslarım müdafiəsi bu güc daxilində maksimum səviyyədə aparılır”.

Ilkin 2.jpg
Keçmiş siyasi məhbus İlkin Rüstəmzadə

Müxtəlif vaxtlarda ölkədəki bir sıra siyasi məhbusların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov da siyasi məhbusların müdafiəsində yerli və beynəlxalq ictimai dəstəyin vacibliyini qeyd edir:

“Siyasi məhbusların fəal müdafiə edilməsi onların işlərinin ictimailəşdirilməsində, qanunsuzluqların ifşa olunmasında, eyni zamanda həbsxanada onlarla rəftarın özündə, azadlığa çıxmalarında çox böyük mühüm rol oynayır. Bu, həm də onlara böyük bir mənəvi dəstək verir”.

Siyasi məhbusların siyahısının hazırlanması üzrə işçi qrupun koordinatoru, hüquq müdafiəçisi İntiqam Əliyev hesab edir ki, siyasi məhbuslar üçün xırda şeylər də önəmlidir:

“Məsələn, həbsdə olanlara kitablar, açıqcalar göndərmək olar. Həbsxanada ilk aylar insanlar mənimlə ünsiyyət qurmurdu, qadağan etmişdilər. Sonra mənə dünyanın hər yerindən məktublar, açıqcalar, kitablar gəlməyə başladı və Penitensiar Xidmətin işçilərinin mənə qarşı münasibəti dəyişdi. Siyasi məhbusların müdafiəsi üçün bu cür kampaniyalar keçirmək, ailə üzvləri ilə görüşmək, adlarını səsləndirmək çox vacibdir”.

Intiqam muellim 2.jpg
Hüquq müdafiəçisi İntiqam əliyev

İntiqam Əliyev həmçinin qeyd edir ki, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı yenidən məruzə hazırlayır:

“Bu sənəd mütləq qəbul edilməlidir. Çünki siyasi məhbus problemi əfvlə həll edilən məsələ deyil. Bu probleminin həlli ölkədəki demokratiyadan, azad seçkilərdən keçir, insan haqlarının, vətəndaş cəmiyyətinin müstəqilliyinin təminatından keçir. Bunlar olmadıqca, ölkədə siyasi məhbuslar həmişə olacaq”.

Hələlik isə ölkədə siyasi məhbusların azad edilməsi tələbi ilə kampaniyalar davam edir. Hüquq müdafiəçilərinin məlumatına görə Azərbaycan həbsxanalarında hələ də 70-dən çox siyasi məhbus var.

Ana səhifəVideo#FreeThemAll – Hamısını azad et