Ermənistan və Gürcüstan hibrid, Azərbaycan avtoritar rejimlər siyahısındadır
Ardıcıl on doqquz ildir ki, Mərkəzi Avropadan Orta Asiyayadək uzanan regionda demokratik idarəetmə tənəzzülə uğrayıb.
Rusiyanın Ukraynanı genişmiqyaslı işğalı dönəmində vəziyyət pisə doğru getməkdə davam edib.
“Freedom House” insan hüquqları təşkilatının mayın 24-də açıqladığı “Keçid ölkələri – 2023” hesabatında belə deyilir.
Hesabatda yer alan 29 ölkədən 11-də demokratiya balı azalıb, cəmi 7 ölkədə irəliləyiş qeydə alınıb.
Bununla belə, qeyd edilir ki, vətəndaş cəmiyyəti fəalları və demokratik liderlər regionda daha yaxşı idarəçilik üçün səylərini davam etdirirlər.
Rusiya bu hesabatın yayımlanma tarixindən bu yana ötən il ən böyük düşüşlə üzləşib.
Qiymətləndirmə üzrə yeddi indikatordan beşində enişlər yaşayıb. Balı 1,32-dən 1.11-ə enib.
Macarıstan da ilin ən kəskin enişi ilə üz-üzə qalıb.
Hesabatın Ukraynada ilə bağlı hissəsində isə bildirilir ki, burada demokratik institutlar təzyiqə məruz qalıb, Ukrayna hökuməti və xalqı üzləşdiyi zorakılıqlara baxmayaraq, demokratiyaya sadiqliyini yenə təsdiqləyib.
Hesabatda bildirilir ki, Ukraynanın işğalı müharibə bitdikdən sonra belə Avropada sülh, azadlıq və demokratiya üçün ən ciddi problem olacaq.
“Ukraynalılar Rusiyaya qarşı öz ölkələrinin mövcudluğu uğrunda mübarizəni davam etdirsələr də, müharibənin təsiri keçən il Mərkəzi Avropadan tutmuş, bu hesabatın əhatə etdiyi 29 ölkənin hamısında hiss olunub. Artan təhlükəsizlik təhdidləri, köçkün böhranı və yaranmış iqtisadi problemlər avtokratiya və demokratiya arasındakı uçurumu dərinləşdirib”, – hesabatda bildirilir.
Hesabat müəllifləri qeyd edirlər ki, dünyada ard-arda yaşanan problemlər bəzi hökumətlərin xarici siyasətində bölücü dəyişikliklərə səbəb olub.
Düzdür, 2022-ci ildə bəzi ölkələr demokratik gələcək üçün aydın seçimlər edib, lakin ümumi nəticə 19-cu il ard-arda araşdırılan sahədə demokratik göstəricilərin azaldığını göstərir.
Hesabatda qeyd edilir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın vətəndaş cəmiyyəti əhəmiyyətli dərəcədə daralıb.
Bu ölkələrin hakimiyyəti bəzi hallarda etirazçılara qarşı ölümcül zorakılıq, məhbuslara qarşı işgəncələr tətbiq edib.
“Freedom House” bildirir ki, Türkmənistan və Azərbaycan vətəndaşları hakim elitanın qohumbazlığına dözməkdə davam edib:
“Gürcüstanda, Serbiyada və Macarıstanda hakim partiyalar öz seçicilərini manipulyasiya edib”.
Azərbaycan hesabatda sondan 3-cü yerdə qərarlaşıb.
Ölkə bu mövqeyi ilə yalnız Türkmənistan və Tacikistandan önə keçə bilib.
Bu üç ölkənin də daxil olduğu, ümumilikdə səkkiz ölkə “möhkəmlənmiş avtoritar rejimlər” siyahısındadır.
Təşkilat əvvəlki illərdə də Azərbaycanı “möhkəmlənmiş avtokratik rejim” siyahısına daxil etmişdi:
“Demək olar ki, Türkmənistan və Azərbaycanın dövlət qurumları demokratik keyfiyyətlərdən məhrum qalıb. Hər iki ölkədə vətəndaşların hakim elitanın qohumbazlığından əziyyət çəkir”.
Qonşu Ermənistan və Gürcüstan, həmçinin Ukrayna, Moldova birlikdə “hibrid rejimlər” siyahısındadır.
Ən yaxşı mövqedə olan ölkələr isə Estoniya, Latviya və Litvadır.
Hesabatın Azərbaycanla bağlı hissəsində Qarabağ münaqişəsinə də toxunulub.
Bildirilib ki, Azərbaycan Prezidenti “ərazi ambisiyalarını hərbi yolla davam etdirir, bununla yanaşı ölkə daxilində müxalifəti sıxışdırır, Qarabağda yaşayan əhalinin azadlıqlarını təhdid edir”.
Hesabatda qeyd edilir ki, avtokratiyalar repressiya və qeyri-sabitliyin təkrarlanan çevrəsindən çıxa bilmir.
Hesabatda avtoritar rejim kimi təsnif edilən səkkiz ölkənin altısının zəif demokratiya xallarının daha da endiyi bildirilir:
“Rusiyanın Ukraynaya təcavüzü, Azərbaycanın Ermənistana hücumu və Orta Asiyada etirazların zorakılıqla yatırılması pis avtoritar idarəçiliyin ölümcül nəticələrini ortaya qoyub”, – hesabatda belə deyilir.
Təşkilat qeyd edir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bütün dünya, eləcə də qonşu dövlətlərə təhlükədir:
“Üstəlik, Qafqazda da oxşar ssenaribaş verib, lakin bu, çox az diqqət çəkir. Moskvanın 2014 və 2022-ci illərdə Ukrayna ərazisini ələ keçirməsi həmin ərazilərin sakinlərinin hüquqlarını və fiziki təhlükəsizliyini itirməsi ilə nəticələnib. Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ və Ermənistanın bəzi hissələri üzərində nəzarətini genişləndirməsi də yerli əhalinin azadlıq və təhlükəsizliyini sarsıdacaq. Demokratik hökumətlər bu təhlükəyə diqqətli olmalıdır”.
“Ermənistanda demokratiyanı gücləndirmək üçün mümkün hər addım atılmalı, Azərbaycan hakimiyyəti və ya işğalı altında yaşayan, yaxud bundan qaçan bütün insanların müdafiəsini təmin etməlidirlər”, – hesabatda vurğulanır.
Təşkilatın budəfəki hesabatında o da bildirilir ki, Ermənistan bu günədək Aİ-yə namizədlik üçün müraciət etməyib. Lakin bu ölkə 2022-ci ildə demokratik nailiyyətləri artıraraq, “Keçid ölkələri” hesabatında birdən çox göstəricidə irəliləyiş əldə edən yeganə ölkədir.
“Freedom House” bildirir ki, Ermənistanın QHT və müstəqil media sektorlarında irəliləyiş qeydə alınıb.
Etirazlar hökuməti diffamasiyanı cinayət hesab edən mübahisəli 2021-ci il qanunvericiliyini geri götürməyə inandırıb:
“Yenə də bu ölkədə vəziyyətin pisləşməsi potensialı qalmaqdadır. Ötən avqustda yerli seçkilər ərəfəsində müxalifət namizədlərinin həbsləri də bunu sübut edir”, – hesabatda bildirilir.
Azərbaycan hakimiyyəti “Freedom House”un yaydığı bu hesabatla bağlı hələlik, hər hansı reaksiya verməyib.
Lakin adətən hökumət təmsilçiləri, eləcə də Prezident İlham Əliyev Qərb təşkilatlarının yaydığı hesabatlarda Azərbaycanla bağlı yazılanlarla razı olmur, ölkədə söz azadlığı, demokratik mühit olduğunu bildirirlər.
Eyni zamanda, deyirlər ki, ölkədə kimsə fikirlərinə görə həbs edilmir, kimsə bu səbəbdən incidilmir.
Prezident İlham Əliyev həmçinin illər öncə “Freedom House” Təşkilatının Azərbaycanla bağlı hesabatından sonra onları ermənipərəst mövqedə ittiham edib, bu qurumun hesabatlarının Azərbaycan üçün “heç bir əsası olmadığını” deyib.