”Freedom House” Azərbaycanda vətəndaş cəmiyyətinin təqib olunmasını tənqid edir

”Hakim ailə ölkənin telekommunikasiya, inşaat, nəqliyyat, neft-qaz və hasilat sektorlarında paya malikdir”

Source:


”Hakim ailə ölkənin  telekommunikasiya, inşaat, nəqliyyat, neft-qaz və hasilat sektorlarında paya malikdir”

Neftin qiymətinin enməsi keçid dövrü ölkələrində – valyuta böhranı və büdcə kəsirinə məruz qalan Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanda ciddi problemlər yaradıb. Bu barədə  “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının “Millətlər keçid dövründə” (“Nations in Transit”) adlı hesabatında deyilir.

Araşdırma müəlliflərinin fikrincə, postsovet ölkələrində demokratiyanın geriliyinə səbəb Putin avtoritarizmidir. Postsovet məkanının 15 ölkəsindən 7-də diktator rejimi hökm sürür. Onların rəhbərləri 10 il və daha artıq müddətə hakimiyyətdədir. Neftin qiymətinin enməsi bu rejimlərdə sabitliyi laxladır.

“Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan bütün bu illər ərzində öz iqtisadiyyatlarını şaxələndirə bilməyiblər, şəffaf və hesabatlı idarəetmə sistemi qura bilməyiblər və indi də bunun nəticələri ilə üzləşirlər”, – “Nations in Transit” layihəsinin direktoru Neyt Şenkkan bildirib.

11 ölkədə göstəricilər pisləşib, 9 ölkədə yaxşılaşıb. Demokratiya ilə bağlı vəziyyət 7 ballıq şkala üzrə qiymətləndirilib. 7 bal ən pis göstəricidir.

Seçki prosesinin vəziyyəti, vətəndaş cəmiyyətinin durumu, media müstəqilliyi, demokratik idarəetmə, məhkəmələrin müstəqilliyi, korrupsiya reytinqə təsir göstərir. Azərbaycanda demokratiyanın vəziyyəti 6.86 bal, Gürcüstanda 4.61, Ermənistanda   5.36, Rusiyada  6.50 bal qiymətləndirilir.

Azərbaycana aid bölmədə qeyd olunur ki, 2014-cü ilin yayında vətəndaş cəmiyyətinə qarşı başlanan təqiblər davam edir. Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsinə toxunulur.

Hesabatda Azərbaycan prezidentinin ailə üzvlərinin offşorlarda biznesinin araşdırılmasının nəticələri də əksini tapıb. Araşdırmanı mütəşəkkil cinayətkarlıq və korrupsiyanın araşdırılması üzrə jurnalist şəbəkəsinin   (OCCRP) üzvləri aparıblar.

Prezident İlham Əliyevin üç övladının Dubayda 75 mln. dollar dəyərində daşınmaz əmlakının olduğu qeyd edilir. Bundan əlavə, dövlət başçısının iki qızı Bakıda ən azı 6 beşulduzlu otele sahibdir və ya onları idarə edirlər. Bundan başqa onların banklarda 3 mlrd. dollar həcmində iştirak payı var.

Hakim ailə ölkənin  telekommunikasiya, inşaat, nəqliyyat, neft-qaz və hasilat sektorlarında paya malikdir.

Rəsmi Bakı “Nations in Transit” hesabatını şərh etmir. Lakin hökumət vətəndaş cəmiyyətinə təzyiqlər barədə tənqidi qəbul etmir (”Turan” IA).

Ana səhifəXəbərlər”Freedom House” Azərbaycanda vətəndaş cəmiyyətinin təqib olunmasını tənqid edir