“Freedom House”: Azərbaycan “qeyri-azad” ölkədir

Hesabatda İkinci Qarabağ Müharibəsinə də yer ayrılıb

Source: Meydan TV


Hesabatda İkinci Qarabağ Müharibəsinə də yer ayrılıb

“Freedom House” insan haqları təşkilatı Azərbaycanı “qeyri-azad” ölkələr kateqoriyasına salıb. Təşkilatın martın 3-də yaydığı hesabatda deyilir ki, bu sırada Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da var. Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan isə qismən azad ölkələr hesab olunur.

(Tərcümə:



Azadlıq Radiosu



)

Hesabatda qeyd olunub ki, koronavirus pandemiyası, iqtisadi qeyri-müəyyənlik, dünyadakı münaqişələr ötən il qlobal azadlıq göstəricilərində geriləməyə səbəb olub. Ümumilikdə isə “qeyri-azad” hesab olunan ölkələrin sayı son 15 ildə ən yüksək həddə çatıb.

“Qeyri-azad” 54 ölkənin 12-si “pisin pisi” adlandırılıb. Onlar siyasi hüquqlar və mülki azadlıqlar üzrə ən pis balları yığıblar. Bu ölkələr içində Suriya, Eritreya, Cənubi Sudan, Türkmənistan, Şimali Koreya, Çin, Tacikistan da yer alıb.

Qırğızıstan və Belarusun siyasi hüquqlar və mülki azadlıqlar üzrə böyük itkilər verdiyi vurğulanır. Bu arada Şimali Makedoniya ən çox irəliləyiş əldə edən ölkələrdəndir.

Hesabatda 73 ölkənin azadlıq balı azaldılıb. Təkcə Çin, Belarus və Venesuela kimi avtoritar ölkələr deyil, Birləşmiş Ştatlar və Hindistan kimi “narahat demokratiyalar” da bu sıradadır.


Azərbaycan və Ermənistanda…

Hesabatda ötən il Azərbaycanın separatçı Dağlıq Qarabağ region və ətraf 7 rayona nəzarəti geri almaq üçün apardığı əməliyyatlardan da söz açılır. Bildirilir ki, Azərbaycan 44 günlük müharibə nəticəsində 7 rayona, eləcə də Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

“Freedom House” bu müharibənin demokratiyaya təsir göstərdiyini, Azərbaycanda “avtoritar prezident İlham Əliyevin idarəçiliyini möhkəmləndirdiyini”, Ermənistanda isə hökuməti sabitsizliklə hədələdiyini qeyd edib.

“Baş nazir Nikol Paşinyan islahatlar yönündə irəliləyiş etsə də, Qarabağ müharibəsində məğlubiyyət onun hökumətinin söykəndiyi konsensusu dağıtdı. Belə bir nizamsızlıq ölkədə çətinliklə qazanılmış inkişafa təhdid yaradır, Ermənistanı qonşularının avtoritar tendensiyalarına yaxınlaşdıran hadisələr zəncirinə təkan verə bilər”, – qurum bildirir.

Hazırda Ermənistanda siyasi böhran yaşanır. Müxalifət, silahlı qüvvələrin baş qərargahı Paşinyanın istefasını, vaxtından əvvəl seçki keçirilməsini tələb edir. Baş nazir isə istefaya getməkdən imtina edir.

2020-ci ildə “demokratiyanın müdafiəçiləri avtoritar düşmənlərinə qarşı mübarizədə yeni ağır itkilər verdilər, beynəlxalq balans tiranlığın xeyrinə dəyişdi”, – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti ölkədə demokratiyanın vəziyyətinə dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.


Azadlıq balı geriləyən ölkələr

“Freedom House” regionda “problemli seçkilər”dən də söz açıb. Bildirib ki, Rusiyada “saxtalaşdırılmış referendum” nəticəsində Prezident Vladimir Putin 2036-cı iləcən hakimiyyətdə qala bilər.

Qırğızıstanda isə oktyabrda parlament seçkisi “aşkar saxtakarlıq”la keçdi, bundan sonra başlanan etirazlar nəticəsində hökumət və prezident Sooranbay Jeenbekov devrildi. Girov götürməyə görə 10 il həbs cəzası almış Sadır Japarov iğtişaşlar nəticəsində həbsdən çıxarıldı. Yanvarda isə prezident seçildi.

Japarov “yeni konstitusiya layihəsi təqdim edir və bu da ölkənin siyasi sistemini avtoritar qonşulara bənzədə bilər”, – hesabatda deyilir.

Qırğızıstanın azadlıq balı 11 pillə azalıb, “qismən azad” status “qeyri-azad”a çevrilib.

Belarusda da demokratiya sahəsində böyük geriləmə yaşanıb. Avqustda avtoritar Aleksandr Lukaşenko prezident seçkisinin qalibi elan olunandan sonra etirazlar başlanıb. BMT 30 mindən çox etirazçının saxlandığını bildirir. Saxlanılanların işgəncə verilməsi, pis rəftar olunmasına dair məlumatlar var, bir neçə nəfər ölüb.

Ana səhifəXəbərlər“Freedom House”: Azərbaycan “qeyri-azad” ölkədir