Freedom House: Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq hüququna hörmət etməlidir

Dinc toplaşmaq hüququndan istifadə edən vətəndaşlara qarşı tətbiq olunan zorakılıq Azərbaycanın daxili qanunlarına və beynəlxalq öhdəliklərinə açıq şəkildə ziddir.

Source: google.az


Təşkilat Əli Kərimlinin və Tofiq Yaqublunun təzyiqə məruz qalmasını pisləyib

“Ötən həftənin sonu Azərbaycanda dinc etirazçılara qarşı zorakılıq tətbiq edilməsi hökumətin hər cür fikir ayrılığına dözmək istəməməsini və sərbəst toplaşmaq, söz azadlıqlarını təmin etmək istəmədiyini göstərir”, – “Freedom House” təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt bəyanatında bildirib.

“Dinc toplaşmaq hüququndan istifadə edən vətəndaşlara qarşı tətbiq olunan zorakılıq Azərbaycanın daxili qanunlarına və beynəlxalq öhdəliklərinə açıq şəkildə ziddir. Həbs olunması yerli mətbuat tərəfindən videoya çəkilən müxalifət fəalı Əli Kərimlinin və polis nəzarətində olan Tofiq Yaqublunun zorakılığa mərzu qalması hökumətin vətəndaşların əsas hüquqlarını qorumaq öhdəliklərini kobud şəkildə rədd etdiyini nümayiş etdirir. Biz Azərbaycan hakimiyyətini sərbəst toplaşmaq azadlığını qorumağa, tutulan aksiya iştirakçılarını sərbəst buraxmağa və hüquq-mühafizə orqanlarının işçilərini həddindən artıq güc tətbiq olunmasına görə məsuliyyətə cəlb etməyə çağırırıq”,- Behrendt əlavə edib.

Oktyabrın 19-da yüzlərlə müxalif insanlar müxalif siyasətçilərlə birlikdə Bakının mərkəzi küçələrində icazəsiz etiraz aksiyası keçiriblər. Yüzlərlə etirazçı, o cümlədən partiya liderləri Əli Kərimli və Tofiq Yaqublu polis zorakılığına məruz qalaraq saxlanılıblar. Aksiyanın keçirildiyi əraziyə gediş-gəliş bağlanıb, bir neçə saat internetə giriş mümkün olmayıb.

Bir gün sonra, oktyabrın 20-də ailədaxili zorakılığa qarşı təşkil edilmiş etiraz aksiyası da polis tərəfindən kobud şəkildə dağıdılıb.

Azərbaycan “Freedom in the World 2019”-da azad olmayan ölkə olaraq sıralanıb. “Freedom on the Net 2018” isə Azərbaycanı yarıazad ölkə olaraq qeydə alıb.

Ana səhifəSiyasətFreedom House: Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq hüququna hörmət etməlidir