Fransua Olland Azərbaycandakı durumdan məlumatlıdır

Leyla Yunus “Prezident bizim bu fikirlərlə razılaşdı”, Mehman Əliyev isə “bütövlükdə vəziyyətin qısa müddətdə dəyişəcəyini gözləmirəm” deyə prezidentlə görüş təəssüratlarını Meydan TV-yə bölüşdülər

Source:


Leyla Yunus “Prezident bizim bu fikirlərlə razılaşdı”, Mehman Əliyev isə  “bütövlükdə vəziyyətin qısa müddətdə dəyişəcəyini gözləmirəm” deyə prezidentlə görüş təəssüratlarını Meydan TV-yə bölüşdülər

Mayın 12-də Azərbaycana səfər edən Fransa prezidenti Fransua Olland müxalifət liderləri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşüb. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli ilə birgə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev, araşdırmaçı-jurnalist Xədicə İsmayıl da iştirak edib.

SDİ direktoru Leyla Yunus Meydan TV-yə deyib ki, onlar Fransa prezidentinə ölkədəki durum, Avropa Şurasının üzvü olan ölkədə siyasi məhbusların sayı, repressiyaların güclənməsi barədə məlumat veriblər: “Prezident bizim bu fikirlərlə razılaşdı”.

Leyla Yunus Fransua Ollandın hakimiyyətin ona təzyiqlətindən xəbərdar olduğunu dedi: “Prezidenti bu barədə ətraflı məlumatlandırmışdılar. Mən görüşdən razı qaldım, amma təsirinin olub-olmayacağını bilmirəm”.

“Turan İA” direktoru Mehman Əliyev Meydan TV-yə deyib ki, onlar demokratiyanın, söz azadlığının, seçki saxtalakarlığı, siyasi məhbuslar, sərbəst toplaşma, korrupsiya, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması barədə prezident Ollandı məlumatlandırıblar.

Mehman Əliyev deyib ki, səsləndirilən məsələlər baxımından Ollandın Azərbaycana hazırlıq gəldiyi təəssüratı yaranıb: “Fransa prezidenti bizi dinlədikdən danışdıqca vəziyyəti bildiyi sezilirdi. O, bildirdi ki, bu məsələlər gündəmdədir, müzakirə ediblər və problemlərin aradan qaldırılmasına çalışacaqlar. Çünki Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir. Olland dekabrda bələdiyyə seçkilərinin keçiriləcəyindən məlumatlıdır və prosesin demokratik olacağını gözləyir. Ümumilikdə, ölkəsinin Azərbaycanda demokratiyanın inkişafında daha fəal rol oynamasını istədiklərini dedi”.

M.Əliyev Azərbaycan dövlət başçısının Fransa prezidenti ilə brifinqdə “bizdə heç kim siyasi təqibə məruz qalmır” fikrinə belə münasibət bildirdi: “İlham Əliyev həmişə deyir ki, Azərbaycanda siyasi məhbus yoxdur, mətbuat azaddır. Amma bunları niyə dediyini başa düşmək olmur”.

“Turan İA” direktoru bu görüşünün nəticəsinin olub-olmayacağı barədə suala caba verdi ki, birdən-birə nəyinsə dəyişməsinə inanmır: “İlham Əliyevin “bu istiqmaətdə atılır, atılacaq” kimi fikirləri bu məsələlərin ciddi müzakirə olunduğunu göstərir. Ona görə müəyyən nəticələr gözləmək olar və mayın 28-də amnistiya ola bilər. Bundan sonra başqa addımlar da atılar. Ancaq bütövlükdə vəziyyətin qısa müddətdə dəyişəcəyini gözləmirəm”.

Jurnalist Xədicə İsmayıl isə Facebook səhifəsində “Fransa presidentindən soruşdum: Siz əmlak bəyannaməsi verirsiz? Dedi əlbəttə. Dedim, amma İlham Əliyev vermir” deyə görüş barədə fikirlərini paylaşıb.

Ana səhifəXəbərlərFransua Olland Azərbaycandakı durumdan məlumatlıdır