Le Pen vəsait mənimsəməkdə ittiham olunur
Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen məhkəmə qərarı ilə dörd illik cəzaya məhkum edilib.
Cəzanın yarısı şərti, digər iki ili isə elektron qolbaqla ev dustaqlığı şəklində tətbiq olunacaq.
O, həmçinin beş il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edilib. Seçki hüququnun məhdudlaşdırılması dərhal qüvvəyə minir.
Beləliklə, Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək. Onun hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir. Siyasətçi məhkəmə qərarından apellyasiya versə belə, seçkilərdə iştirak edə bilməyəcək.
Bu iş çərçivəsində Le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasından daha səkkiz Avropa Parlamenti deputatı və 12 parlament köməkçisi də təqsirli bilinib. İş materiallarına əsasən, ittiham olunanların hərəkətləri nəticəsində ümumi ziyan 2,9 milyon avro təşkil edib.
Marin Le Pen və onun tərəfdarları Avropa Parlamentində saxta parlament köməkçiləri işə götürərək “Milli Birlik” partiyasının xeyrinə vəsait mənimsəməkdə ittiham olunublar.
Məhkəmə bu işi 2024-cü ilin sentyabr ayının sonundan etibarən araşdırırdı. Paris prokurorluğu Marin Le Penin beş il müddətinə seçilmək hüququndan məhrum edilməsini, beş il (iki ili şərti olmaqla) azadlıqdan məhrum edilməsini və 300 min avro cərimə ödəməsini tələb etmişdi.
Marin Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində idi.