“Fransanın Bakıdakı səfirliyi konsulluq mühafizəsi çərçivəsində soydaşımıza iki dəfə baş çəkə bilib”
Rəsmi Paris Azərbaycanın Fransa vətəndaşını qanunsuz və özbaşına saxladığını deyib və vətəndaşının dərhal azad edilməsini tələb edib.
Söhbət Fransa vətəndaşı Martin Rayanın Azərbaycanda casusluq ittihamı ilə həbs edilməsindən gedir. Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məlumat vermişdi.
Bildirmişdi ki, Martin Rayan casusluqda şübhəli bilinərək həbs edilib.
“Reuters” Fransa Xarici İşlər Nazirliyinin bu barədəki bəyanatını dərc edib.
Sayt yazır ki, iki ölkə arasında əlaqələr son aylarda gərginləşib və sentyabrda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə nəzarəti ələ keçirməsindən sonra daha da pisləşib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yanvarın 9-da “Reuters” agentliyinə bildirib ki, Fransa vətəndaşı Martin Rayan dekabrın 4-də “casusluq hərəkətləri etməkdə şübhəli bilinərək” həbs edilib.
Fransa Xarici İşlər Nazirliyi də vətəndaşının həbs olunduğunu təsdiqləyib. Bildirib ki, onun ailəsi ilə sıx əlaqə saxlayırlar:
“Fransanın Bakıdakı səfirliyi konsulluq mühafizəsi çərçivəsində soydaşımıza iki dəfə baş çəkə bilib”, – deyə nazirlik bildirib. Əlavə edib ki, onunla yenidən görüşmək üçün müraciət edildiyi bildirilib.
“Bu həbsi özbaşınalıq hesab edir və həmyerlimizin dərhal azad edilməsini tələb edirik”.
Leyla Abdullayeva isə bildirib ki, Azərbaycandakı hüquqi orqanlar Rayanın ilkin olaraq 4 ay həbsdə saxlanmasına göstəriş verib və həbslə bağlı Fransa səfirliyinə məlumat verilib.
Dekabrın 26-da Bakı iki fransalı diplomatı diplomatik statuslarına uyğun olmayan hərəkət etdiklərini bildirərək ölkədən çıxarıb.
Azərbaycanın iddialarını təkzib edən Fransa Xarici İşlər Nazirliyi ertəsi gün Leyla Abdullayevanı çağırıb və cavab olaraq iki azərbaycanlı diplomatı ölkədən çıxaracağını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi 4 dekabrda həbs olunan Fransa vətəndaşı Martin Rayanın Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə ittiham olunduğunu açıqlayıb.
Bu barədə nazirliyin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə deyib ki, Martin Rayan nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub:
“Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.
Ayxan Hacızadə Martin Rayanın əsassız olaraq tutulması barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarını əsassız sayır:
“Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”.
“Azərbaycan Martin Rayan barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar”,- deyə Hacızadə əlavə edib.
XİN rəsmisi qeyd edib ki, Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi haqda məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlamasına baxmayaraq, qarşı tərəf hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib:
“Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər”.
A.Hacızadə rəsmi Parisə çağırış edib:
“Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq”.
Martin Rayan Bakıda bizneslə məşğul olan Fransa vətəndaşıdır, “Mercorama LC”nin baş direktorudur. O, ona qarşı irəli sürülən casusluq ittihamlarını qəti şəkildə rədd edir.
Vəkili Nizami Əliyev “Turan”a Martin Rayanın dekabrın 4-də həbs olunduğunu deyib.
“Martin Rayan özünü təqsirli bilmir. Sadəcə olaraq, Fransa xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən aldadılıb”.