Səfir: “Məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün həmin ərazilərin hamısı minalardan təmizlənməlidir”
Fransa Azərbaycanın 44 günlük müharibədən sonra geri götürdüyü ərazilərinin minadan təmizlənməsinə dəstək verəcək. Buna görə 400 000 avro bağışlamaq niyyətindədir.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zacharie Gross özünün “Twitter” səhifəsində paylaşım edib. Səfir bildirib ki, ərazilərin minalardan təmizlənməsi beynəlxalq əməkdaşlığa ehtiyac duyulan sahədir:
“Məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün həmin ərazilərin hamısı minalardan təmizlənməlidir. Qarabağda minalardan təmizlənməsi lazım olan ərazilər çox böyükdür. Odur ki, bu rəsmi xəbəri çatdırmaqdan məmnunluq duyuram. Fransa həmin ərazilərin minalardan təmizlənməsinə dəstək üçün 400 000 avro bağışlamaq niyyətindədir”.
Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək verən ilk ölkə deyil. Daha öncə Böyük Britaniya da minalardan təmizləmə işlərində texniki dəstək məqsədi ilə BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq maliyyə yardımı ayırmışdı.
ABŞ-ın Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimor avqustda Azərbaycan səfərindən sonra ərazilərin minalardan təmizlənməsi üçün 30 minaaxtaran it verəcəklərini bildirib. Bu itlərin 18-i Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşdiriləcək. Həmin itlərdən 10-u Azərbaycana təhvil verilib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, azad olunmuş ərazilərin 15 510 hektarlıq hissəsindən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib. İndiyədək mina partlamaları nəticəsində 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.