Fransa məhkəməsi Azərbaycan hökumətinin iddiasına baxacaq

İki fransalı jurnalist məhkəmə qarşısına çıxarılır

Source:


İki fransalı jurnalist məhkəmə qarşısına çıxarılır

Fransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalistinə qarşı iddiasına baxacaq. Jurnalistlər Elise Lucet və Laurent Richard Parisin Nanter bölgəsində yerləşən məhkəmədə mühakimə olunacaqlar.

2015-ci ilin sentyabrında «France 2» televiziyası ilə yayımlanan araşdırma proqramında E.Lucet Azərbaycanın «dünyanın ən qəddar diktaturaları»ndan biri olduğunu söyləyib.

Richard isə «France Info» radiosuna müsahibəsində Azərbaycana «diktatura» deyib.

Hadisə Fransanın o zamankı prezidenti François Hollande-ın Azərbaycana səfəri zamanı baş verib.

Həmin jurnalistlər deffamasiyada ittiham olunur. Beynəlxalq media qurumu isə bu iddianı Bakının «Fransaya senzuranın ixracı» cəhdi adlandırıb.

Richard və operatoru 2014-cü ilin mayında Bakıdan çıxan zaman qısa müddətə saxlanılmış və avadanlıqları əllərindən alınmışdı.

«Sərhədsiz Reportyorlar» Təşkilatının (RSF) Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr məhkəmədə fransalı jurnalistlərin müdafiəsi məqsədilə ifadə verəcək. Digər şahidlər azərbaycanlı jurnalist Aqil Xəlil və insan haqları fəalları Leyla və Arif Yunuslardır.

RSF fransalı jurnalistlərə qarşı iddianı «Azərbaycan hökumətinin azad sözə nifrətini sərgiləyən qorxutma cəhdi» adlandırıb.

«Ölkədə plüralizmin kökünü kəsməklə gözü doymayan rejim indi də xaricdəki tənqidçilərini hədəfə alır», – Parisdə mənzillənən media qurumu sentyabrın 4-də bildirib.

«Sadəcə söz azadlığı hüququndan yararlandığına görə iki fransalı jurnalisti məhkəməyə verməklə Azərbaycan hökuməti tənqidə tamamilə dözümsüzlüyünü sərgiləmiş oldu. Bakının Fransaya senzura ixrac etməsinə yol verməməliyik», –RSF-in baş katibi Christophe Deloire deyib.

Qurumun bildirməsinə görə, ilk dəfədir ki, xarici hökumət Fransa məhkəməsində jurnalistlərə qarşı defamasiya iddiası qaldırıb.

RSF-in 2017-ci il Ümumdünya Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir.

Azərbaycan prezidenti İlham Əliyevsə RSF-in «mətbuat azadlığının düşmənləri» siyahısına salınıb.

Tərcümə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərFransa məhkəməsi Azərbaycan hökumətinin iddiasına baxacaq