Müsəlman qadınlara əba ilə məktəbə gəlmək yasaqlanıb
Fransa dövlət təhsil müəssisələrində dini geyimlərə qoyulan qadağaların daha da sərtləşdirildiyi bildirilir.
Ölkənin Təhsil Nazirliyi yeni tədris ilindən müsəlman qadınlara bu dəfə əba ilə dərsə gəlməyi yasaqlayıb.
Məktəbə əba ilə gələn yaşı 15 və daha yuxarı olan 298 qız dərsə buraxılmayıb.
Qadağa haqqında xatırlatma ediləndən sonra şagirdlərin çoxu geyimlərini dəyişərək təhsillərini davam etmək qərarına gəliblər.
67 qız isə qoyulan tələbə tabe olmadıqları üçün evlərinə göndəriliblər.
Qaydalara görə, məktəb rəhbərliyi həmin şagirdlərin valideynləri ilə dialoqa başlamalıdır.
Valideynlər razılıq verməsələr, 67 nəfər qız məktəbdən xaric ediləcəklər.
Sentyabrın 4-də təhsil naziri Qabriel Attal yeni dərs ilində məktəblərdə əbanın qadağan edildiyini açıqlamışdı.
O, demişdi ki, təhsil alan sinfə daxil olarkən onun hansı dinə mənsub olduğu bilinməməlidir.
Bu, Fransanın ilk qərarı deyil. Ölkənin dövlət məktəblərində və müəssisələrində dini simvollardan istifadə müxtəlif qaydalarla qadağan edilib.
2004-cü ildə dövlət məktəbləri və hökumət binalarında hicab taxmaq qadağan edilib.
2010-cu ildən isə niqab taxmaq qadağası qoyulub.