Fransa Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb

Fələstin-İsrail. Foto: Bartolomiej Pietrzyk/shutterstoc

Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında Fələstin dövlətini rəsmi şəkildə tanıyacaqlarını bəyan edib. Bu addım atılarsa, Fransa Fələstini tanıyan ilk G7 ölkəsi olacaq.

Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Bildirib ki, rəsmi açıqlama sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası sessiyasında ediləcək:

“Bu gün təcili ehtiyac Qəzzadakı müharibənin dayandırılması və mülki əhalinin xilas edilməsidir. Bizə dərhal atəşkəs, bütün girovların azad edilməsi və Qəzzaya genişmiqyaslı humanitar yardım lazımdır”.

“Yaxın Şərqdə ədalətli və davamlı sülhə sadiq qalaraq, Fransa Fələstin dövlətini tanıyacaq. Həmçinin HƏMAS-ın silahsızlaşdırılması təmin olunmalı, Qəzza təhlükəsizləşdirilməli və yenidən qurulmalıdır. Fələstin dövləti qurulmalı, yaşamaq qabiliyyəti təmin edilməli və İsraili tam şəkildə tanımaqla, bölgədə hər kəsin təhlükəsizliyinə töhfə verməlidir. Alternativ yoxdur”,-  Makron paylaşımında belə yazıb.

Fransa Prezidenti Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasa ünvanladığı məktubda qərarını rəsmi şəkildə təsdiqləyib.

Fələstin rəsmiləri Makronun bu qərarını alqışlayıb. Abbasın müavini Hüseyn Əl-Şeyx AFP-yə bildirib ki, bu mövqe Fransanın beynəlxalq hüquqa və Fələstin xalqının öz müqəddəratını təyin etmə və müstəqil dövlət qurmaq hüququna sadiqliyini göstərir.

İsrailin Baş naziri Benyamin Netanyahu isə Makronun qərarını sərt tənqid edib:

“7 oktyabr qətliamından sonra Tel-Əvivin yanında Fələstin dövlətinin tanınması terroru mükafatlandırmaqdır. Bu şərtlər altında qurulacaq Fələstin dövləti İsraillə yanaşı yaşamaq üçün deyil, onu məhv etmək üçün tramplin olacaq. Gəlin açıq danışaq: fələstinlilər İsrailin yanında deyil, onun yerində dövlət istəyirlər”.

ABŞ dövlət katibi Marko Rubio da Fransanın bu qərarını “məsuliyyətsiz və təhlükəli” adlandıraraq Vaşinqtonun onu “qəti şəkildə rədd etdiyini” bildirib.

HƏMAS isə qərarı “müsbət və düzgün istiqamətdə atılmış addım” kimi qiymətləndirib və bütün dünya ölkələrini Fransanın yolunu izləməyə çağırıb.

Hazırda Fələstin dövləti BMT-yə üzv olan 193 ölkədən 140-dan çoxu tərəfindən tanınır. Avropa İttifaqı ölkələrindən İspaniya və İrlandiya da onlara daxildir. Lakin ABŞ və onun əsas müttəfiqləri, o cümlədən Birləşmiş Krallıq Fələstin dövlətini tanımayıblar.

Ana səhifəDünyaFransa Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb