“Mehman Əliyevin həbsinin arxasında siyasi motivlər durur”
Fransa Xarici İşlər Nazirliyi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsilə bağlı bəyanat yayıb.
Nazirlik bəyanatda baş verənlərdən narahat olduğunu bildirib:
“Biz avqustun 24-də Bakıda Mehman Əliyevin həbs olunmasından narahatıq. Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşılması, hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına çağırır”.
Müsavat Partiyası da Mehman Əliyevin vergi ittihamı ilə həbsini pisləyib.
Partiya Azərbaycan ictimaiyyətini, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatları və xarici diplomatik korpusu bu məsələni diqqətdə saxlamağa çağırıb:
“Cinayət işi uydurma və sifarişlidir. Mehman Əliyevə basqılar fundamental azadlıqlara hücumdur”.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Mehman Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb.
“Dünən (24-08-2017) Azərbaycanda ən tanınmış və hörmət edilən jurnalistlərdən biri Mehman Əliyev vergilərin ödənilməməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə şübhəli şəxs qismində həbs edilib” – RATİ-nin bəyanatında deyilir.
RATİ əminliklə bildirir ki, Mehman Əliyevin həbsinin arxasında siyasi motivlər durur və bu həbs uzun illər çətinliklərə və hakimiyyətin təzyiqlərinə baxmayaraq, əsl peşəkar və kompromisə getməyən media qurumu kimi öz qüsursuz nüfuzunu qoruyan son müstəqil KİV-in sıradan çıxarılmasına yönəlib.
RATİ hesab edir ki, Mehman Əliyevin saxlanılması son illərdə hökumətə qarşı tənqidi dayandırmaq üçün hakimiyyətin müstəqil media və QHT-lərə qarşı maliyyə və hüquq-mühafizə orqanlarından istifadə etdiyi oxşar ssenari üzrə baş verib.
RATİ Azərbaycan hakimiyyətini bütün haqsız yerə həbs edilmiş media nümayəndələrini, o cümlədən jurnalistlər Mehman Əliyev, Əfqan Muxtarlı, Mehman Hüseynov, Məhbub Zülfüqarlı, Seymur Həzi, Əziz Orucov, Faiq Əmirli, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərli və Tofiq Həsənovu, habelə qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.
Həmçinin Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak da Mehman Əliyevin həbsini pisləyib.
“Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi kimi mən “Turan” agentliyinin təsisçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırıram”, – o, “Twitter”də belə yazıb.
Avqustun 25-də Yasamal Rayon Məhkəməsi “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə 3 aylıq həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.
Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.
“Turan” İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.
Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları “Turan” agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri “axtarış” adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.