Bu çıxışdan sonra Azərbaycan izləyiciləri FOX TV-ni yayımlanan kanalların içərisində tapmadılar.
Azadlıq qəzetinin köşə yazarı Xaliq Bahadır hər gün baxdığı FOX Televiziyasını fevralın 21-dən izləyə bilmir. O, bu kanalın yayımınının dayanmasını hüquqlarının pozuntusu sayır. O deyir ki, izlədiyi kanalın Azərbaycanda yayımının qapadılması məhkəməlik işdir. Amma o ölkə məhkəmələrinin ədalətinə inanmır deyə müraciət etmir.
Kabel televiziyaları FOX TV-nin yayımını dayandırıb. “Aile TV” kabel televiziyası öz “Facebook” səhifəsində bildirib ki, Milli Teleradio Şurasının göstərişinə əsasən bu addımı atıblar.
Media eksperti Xalid Ağalıyev deyir ki, Teleradio Şurası kanalların siyahısına dəyişiklik edə bilər. Amma bu milli təhlükəsizliyin qorunmasına, terrorçuluğun, pornoqrafik materialların yayılmasının qarşısının alınmasına xidmət etməlidir. Ekspert hesab edir ki, kanalın yayımının dayandırılması izləyicilərin rəyində qalmaq azadlığına müdaxilədir.
“Öz rəyində qalmaq azadlığı o cür başa düşülməməlidir ki, insan hansısa bir siyasi qrupa simpatiya duyur, onu məcbur edib öz rəyindən geri çəkmək lazımdır. O azadlıq həm də onu ifadə edir ki, dövlətlər vətəndaşlarını birtərəfli təbliğata məruz qoymamalıdır. İnsanlar, vətəndaşlar ən müxtəlif mənbələrdən informasiya almaq hüququna malikdirlər. Bu, öz rəyində qalmaq azadlığının əsas kompanentidir. Öncə də dediyim kimi, həmin hüquqa heç bir halda müdaxilə oluna bilməz”.
Milli Teleradio Şurası açıqlayır ki, fevralın 21-də kanalların siyahısına dəyişiklik edib. Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, FOX TV-nin rəhbərliyi ölkənin milli maraqlarına zidd siyasət yürüdən adamdır.
Kanalın bağlanmasına Türkiyədən də etirazlar olub. CHP-nin İstanbuldan olan millət vəkili Barış Yarkadaş Mehriban Əliyevanı tənqid etdiyinə görə kanalın yayımının durdurulduğunu söyləyib. O, sosial şəbəkədəki paylaşımında Türkiyə Xarici İşlər Nazirliyini də məsələyə səssiz qalmamağa çağırıb.